Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:14

İran sərhədçiləri azərbaycanlılara niyə «toy tutur»?


İran Astarasına keçmək istəyən azərbaycanlılar İran sərhədçilərinin kobudluğuna məruz qalıblar

İran Astarasına keçmək istəyən azərbaycanlılar İran sərhədçilərinin kobudluğuna məruz qalıblar

“Dünən İrana gedirdim, İran sərhəddində sərbazlar (İran əsgərləri - red.) qadınlarımızın əşyalarına təpik vururdular. İki oğlan dilləndi ki, niyə vurursan, o sərbazlar o oğlanları bir günə qoydular ki...Sonra da basdılar sərbaz maşınına, apardılar İrana”.

“SƏRBAZLARIN BÖYÜYÜ GƏLDİ, DEDİ, DÖYÜN BUNLARI”

Astara sakini 70 yaşlı Fəridə İbayeva deyir ki, uzun illərdir xırda ticarət üçün İran Astarasına gedib-gəlir. Ancaq son vaxtlar İran Astarasında İran sərhədçiləri həmin ölkəyə gedən Azərbaycan Astarasının sakinlərini incidirlər. Əsasən də İran Astarasına ticarət məqsədilə gedənləri.

Elə noyabrın 2-də günorta saat 12 radələrində də İran Astarasına keçmək istəyən həmvətənlərimiz İran sərhədçilərinin kobudluğuna məruz qalıblar. Belə ki, qeydiyyatdan keçmək üçün saatlarla gözləyən Azərbaycan vətəndaşları narazılıqlarını bildirərkən əsgərlər silahla onların üstünə gəliblər. Bir neçə nəfər döyülüb.

Fəridə İbayeva:

“Bizə deyirlər çıxın gedin, biz sizi İrana buraxmırıq. Sərbazların böyüyü gəldi, dedi, döyün bunları, kişiləri təpiklədilər. Bir sərbaz bizə yaxınlaşdı, dedi siz də getmək istəyirsiz, gəlin sizi də mindirək aparaq, sizi də tutsunlar”.

DÖYÜLƏNLƏR DANIŞMAĞA QORXURLAR

AzadlıqRadiosunun cənub bölgəsi üzrə müxbiri Müstəcab Məmmədov deyir ki, İran Astara keçid məntəqəsində döyülən yerli sakinlərdən bir neçəsi ilə görüşüb, lakin onlar həyatlarına təhlükə olacağından ehtiyat etdikləri üçün susmağa üstünlük verirlər:

“Həmin gün sərhədə xəstə qarşılamağa getmişdim, orda dedilər ki, bizi döydülər. Mən bir neçə nəfərin evinə getdim, hansı ki, onları da döyüblər, ancaq onlar qorxudan danışmadılar”.

Müstəcab Məmmədov deyir ki, sonradan məlum olub ki, İran Astarasının keçid məntəqəsində İran əsgərləri tərəfindən maşına mindirilərək naməlum istiqamətə aparılan azərbaycanlılar İran məhkəməsi tərəfindən cərimələniblər.

“BİZİM SƏRHƏDLƏ ƏLAQƏMİZ YOXDUR”

Astara rayon İcra Hakimiyyəti başçısının müavini Məzahim Hüseynov isə baş verənlərlə bağlı bunları deyir:

“Sərhəddir, bizim onlarla heç bir əlaqəmiz yoxdur”.

O bildirir ki, belə məsələlərə dövlət səviyyəsində cavab verilir.

Elə hadisə günü AzadlıqRadiosunun baş verənlərə aydınlıq gətirilməsi ilə bağlı Dövlət Sərhəd Xidmətinə ünvanladığı sorğu məktubuna cavab isə noyabrın 4-də gələcək. Hər halda Sərhəd Qoşunlarının mətbuat xidmətindən belə vəd etdilər.

Sədrəddin Soltan
Siyasi şərhçi Sədrəddin Soltan isə deyir ki, İrana gedən azərbaycanlıların həmin ölkənin sərhədçiləri tərəfindən incidilməsi ilk hadisə deyil. Ekspert bunu iki səbəblə izah edir:

“Hadisənin səbəblərindən birini Azərbaycana qarşı təzyiq kimi dəyərləndirmək olar. Biri odur ki, Azərbaycan atom nüvə proqramı ilə bağlı BMT-nin İrana tətbiq etdiyi sanksiyalara qoşula bilər. İran hökuməti bu başdan Azərbaycana təzyiq edir ki, əgər Azərbaycan həmin proqrama qoşularsa, İran Azərbaycan vətəndaşlarının ayağını öz ölkəsindən kəsə bilər”.

“İRANIN İSTƏYİ ODUR Kİ...”

Ekspertin fikrincə, ikinci səbəb bu ola bilər ki, bu yaxınlarda İranın ticarət nazirliyi ölkədən 22 adda gündəlik tələbat mallarının çıxarılmasına qadağa qoyub. Bu siyahıya taxıl məmulatları, yağ, yuyucu tozlar və sair daxildir ki, İranla həmsərhəd kəndlərdə yaşayan Azərbaycan vətəndaşları tez-tez həmin məhsullar üçün İrana üz tuturlar:

“Ehtimal etmək olar ki, İran hakimiyyəti ora ticarətə gedən yerlilərimizi bu şəkildə qorxutmaq istəyir ki, ayaqlarını İrandan kəssinlər”.

Sədrəddin Soltanın fikrincə, belə hadisələrin kökündə ciddi səbəblər durduğundan buna Azərbaycan hökuməti tərəfindən mütləq rəsmi münasibət bildirilməlidir.

Ekspertlər üstəlik hesab edirlər ki, neftə zəngin bir ölkənin vətəndaşlarının dolanışıq üzündən İrana üz tutmaları heç də həmin ölkəyə başucalığı gətirmir.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən isə dedilər ki, tətil olduğundan səfirlikdə AzadlıqRadiosunun suallarını cavablandıracaq şəxslər yoxdur.

Şərhləri göstər

XS
SM
MD
LG