Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:53

«Baptistlər repressiyaya məruz qalırlar»


BAPTİSTLƏRİN MƏHSUL BAYRAMI YARIMÇIQ QALDI

Oktyabrın 31-də Qusarda xristian yönümlü baptist dini təriqətini təbliğ edən İlqar Məmmədov həbs olunub. Məlumatı AzadlıqRadiosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov verib:

“Qusar şəhərində yaşayan İlqar Məmmədovun evində camaatı yığaraq baptist dini təriqətini təbliğ etməsi müəyyən olunub. Bununla əlaqədar polisin topladığı məlumatlar rayon məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə İlqar Məmmədov İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə təqsirli bilinərək beş gün müddətinə həbs olunub”.

Azərbaycan baptistlərinin başçısı İlya Zençenko isə həbs olunanların dörd nəfər olduğunu deyir. Hərçənd onların adlarını və nəyə görə saxlandıqlarını bilmədiyini əlavə edir.

1, YOXSA 4 NƏFƏR

“Assosiated Baptist Press” də məlumat verir ki, saxlananlar dörd nəfərdir. Onların adını da sadalayır: İlqar Məmmədov, Bakıdan Zalib İbrahimov, Sumqayıtdan Rauf Qurbanov və Akif Babayev.

Bu agentlik yazır ki, polis evə yığışanların bayramı keçirməməsi üçün əvvəlcə qazı və elektriki kəsib. Evə yığışanların video və foto görüntülərini götürdükdən sonra dörd nəfəri həbs ediblər.

Ehsan Zahidov
Ehsan Zahidov bildirir ki, dini təriqəti təbliğ etdiyinə görə, İlqar Məmmədov saxlanılıb, qalan üç nəfərsə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

İlya Zençenkonun sözlərinə görə, onların hərəkətində qanunsuz heç nə yoxdur. Oktyabrın 31-də dini icma üzvləri Məhsul Bayramını qeyd etməyə yığışıbmış.

“BAPTİSTLƏR REPRESSİYAYA MƏRUZ QALIRLAR”


İlya Zençenko: “Bu adamların Qusarda olmasına səbəb Məhsul Bayramıdır. Onlar builki məhsula görə Allaha minnətdarlıqlarını bildirmək istəyiblər. Və bu zaman polis gəlib. Qusar mürəkkəb bir rayondur. Ləzgilərlə, başqa separatçı ovqatlı insanlarla bağlı problemlər var. Yerli hakimiyyət də kimin nəylə məşğul olmasının fərqinə varmadan, ekstremistlərlə, separtaçılarla mübarizə görüntüsü yaratmaq üçün əllərinə keçəni həbs edirlər. Bu dəfə də polisin əlinə biz düşmüşük. Onlar da istəyirlər ki, bizim kimi sadə adamları həbs etməklə işlərində hansısa mənfəət əldə etsinlər”.

İlya Zençenkonun sözlərinə görə, Azərbaycanda baptislər repressiyaya məruz qalırlar, onların gözü qorxudulur:

“Polis rejimi qurublar. Bakıdan üç-dörd adam gəlib bir evdə yığışan kimi xüsusi xidmət orqanlarından gəlirlər ki, kimsiniz, səndlərinizi göstərin”.

Yada salaq ki, bundan əvvəl - 2007-ci ildə baptist pastoru Zaur Balayev polisə müqavimət göstərmək ittihamı ilə iki illik azadlıqdan məhrum edilmişdi. On aydan sonra o azadlığa buraxılmışdı. Zaur Balayevin həbsdən buraxılması tələbilə Baptistlərin Dünya Alyansı, Avropa Baptist Federasiyası Bakıya müraciət etmişdi. “Assosiated Baptist Press” yazır ki, hökumətə müraciət edənlər arasında ABŞ-ın keçmiş prezidenti Cimi Karter də olub.

Daha bir pastor Həmid Şabanov isə evində odlu silah saxladığına görə, 2009-cu ildə ittiham olunub.

Amma DİN rəsmisi Ehsan Zahidov baptislərin repressiyaya məruz qalması fikriylə razılaşmır:

“Repressiya deyəndə ki, baptis dini təriqətinin təbliği qanunla qadağandır. Buna görə də polis onları saxlayıb xəbərdarlıq edir, cərəyanla bağlı kitab və videokaset müsadirə edir, bundan sonra isə buraxır”.

DİNİ İCMA QEYDİYYATA ALINMAYIB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: Baptist dini icması Azərbaycanda qeydiyyata alınmayıb
Baptist dini icması Azərbaycanda qeydiyyata alınmayıb. Dini etiqad azadlığı ilə bağlı yeni qanunun qəbulundan sonra onların təkrar qeydiyyatına rədd cavabı verilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov belə deyir. Onun sözlərinə görə, qeydiyyatdan keçməyən dini qurumun fəaliyyəti də qadağandır. Hüquq-mühafizə orqanları da öz işlərini görürlər.

NƏİNKİ XRİSTİANLAR, MÜSƏLMANLAR DA TƏZYİQLƏ ÜZLƏŞİRLƏR

Hüquq müdafiəçisi Arzu Abdullayevanın sözlərinə görə, Azərbaycanda nəinki xristian, hətta müsəlman icmaları da təzyiqlə üzləşirlər. Amma o bunu məmurların məlumatsızlığı ilə bağlayır.

“Dini baxımdan yox, nadanlıqdan, cahillikdən insan hüquqlarına məhəl qoymadan belə addımlar atılır. Nəticədə belə alınır ki, Azərbaycanda dini mənsubiyyətə görə təqiblər var”.

Arzu Abdullayeva bu fikri də vurğulayır ki, məmurlardan fərqli olaraq Azərbaycan cəmiyyəti müxtəlif din və təriqətlərə daha dözümlü və tolerant yanaşır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG