Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:52

«Lider TV»nin əməkdaşı işdən niyə çıxarılıb?


«Lider» TV-nin Xəbərlər Departamentinin əməkdaşı Emin Əhmədov işdən çıxarılıb
«Lider» TV-nin Xəbərlər Departamentinin əməkdaşı Emin Əhmədov işdən çıxarılıb. Buna səbəb Azadlıq» qəzetinin direktoru Azər Əhmədovla bağlı intim videogörüntülərə yazılmış mətni səsləndirməyi və sonradan bu məsələdə iştirakına görə etirazı olub.

Emin Əhmədovla əlaqə saxlayıb deyilənlərin həqiqətə nə dərəcədə uyğun olduğunu soruşduq. Əhmədov işdən kənarlaşdırıldığını təsdiqlədi. Səbəbini soruşduqda isə qısaca bildirdi ki, o, başqalarının şəxsi həyatına müdaxilə etmək istəməyib:

«Bəli, məni işdən kənarlaşdırıblar. Başqalarının şəxsi həyatına müdaxilə etmək mənlik deyil. Mən bilmədim ki, mənim oxuduğum mətn pornoqrafik görüntünün üstünə qoyulacaq».

Emin Əhmədov deyir ki, Azər Əhmədovla bağlı süjet efirə gedəndən sonra özünü təhqir olunmuş hesab edib. Bir neçə gün sonra isə ona yeni bir mətn təqdim edilib. Mətnə baxıb söhbətin yenə həmin məsələdən getdiyini görəndə bunu oxumayacağını bildirib.

Belə olan halda onun qarşısına 2 şərt qoyulub: ya mətni oxumaq, ya da işdən getmək. O, ikinciyə üstünlük verib və televiziyadakı işindən imtina edib.

TOFİQ ABBASOV DEBATA GƏLMƏDİ?

Noyabrın 2-də Azərbaycan Media Mərkəzində «Əxlaqsız çəkiliş, yoxsa peşəkar xəbərçilik?» mövzusunda keçirilən debatda media üzrə ekspert Zeynal Məmmədli və «Lider» televiziyasından «Səda» İnformasiya proqramının baş redaktoru Tofiq Abbasovun iştirakı nəzərdə tutulurdu. Tofiq Abbasov debata gəlmədi. Onun hansısa əməkdaşın işdən çıxarılması ilə bağlı cavabını isə yalnız «Debat mədəniyyəti» layihəsinin əlaqələndiricisi Nailə Əliyevadan öyrənmək mümkün oldu:

Tofiq Abbasov
«Tofiq Abbasova dedim ki, guya Azər Əhmədovla bağlı video çarxı göstərəndən sonra «Lider» televiziyasından kiminsə işdən azad edilməsi barədə şayiələr yayılıb. Bu belədirmi? Tofiq Abbasov birmənalı dedi ki, buna görə heç kimi işdən azad etməyiblər».

Gün ərzində Tofiq Abbasovun özündən məsələyə aydınlıq gətirmək üçün sonrakı cəhdlərimiz də nəticə vermədi.

Media üzrə ekspert Zeynal Məmmədli isə hesab edir ki, əgər bir telekanal şübhəli mənbədən aldığı, özü də belə bir informasiyanı yayırsa, bu, artıq cinayətdir.

MEDİA TARİXİNƏ DÜŞMƏLİ NÜMUNƏ

İşçinin işdən çıxarılmasına gəlincə, Zeynal Məmmədli deyir ki, əgər işçi qanundan kənar göstərişi yerinə yetirirsə, bu, artıq qanun pozuntusudur. Əgər işçi günahını başa düşüb ikinci dəfə belə bir materialı oxumaqdan imtina edirsə, bu, artıb media tarixinə düşməli olan bir nümunədir.

Zeynal Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətlərində ancaq nəzərdə tutulan çərçivədə işçidən iş tələb oluna bilər. Əgər qanuna zidd bir şey tələb olunursa, işçinin hüququdur ki, ondan imtina etsin. Çünki onun əmək mükəlləfiyyətləri arasında bu yoxdur:

QANUNSUZ ƏMRİ İCRA ETMƏMƏK

«Faktiki olaraq media işində çalışan, media qurumu ilə müqaviləsi olan hər bir işçi nəticə etibarı ilə media qanunvericiliyinə uyğun hərəkət etmək öhdəliyi ğötürür. Və bu öhdəliklər içərisində də sui-istifadəyə, özəl həyata müdaxilənin yolverilməzliyi, eyni zamanda bu və ya digər formada qanunla qorunan dövlət sirləri və sairəni yaymamaq da nəzərdə tutulur. Əgər jurnalist konkret bu hadisədə olduğu kimi, həmin öhdəliklərdən irəli gələn bir funksiyanı yerinə yetirməyibsə, bu əmək funksiyasını yerinə yetirməmək yox, əksinə, qanunsuz əmri icra etməmək sayılır ki, əslində, elə o hüquqa görə bunu etməli idi».

Ələsgər Məmmədli
Ələsgər Məmmədli hesab edir ki, buna baxmayaraq, iş verən tərəf işçini işdən azad edirsə, həmin şəxsin əmək hüquqlarını kobud şəkildə pozur. Və onun məhkəməyə müraciət edərək həm əmək hüquqlarını bərpa etmək, həm də ona dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ var.

Ələsgər Məmmədli deyir ki, təəssüf ki, Azərbaycanda belə hallar çoxdur. İşçinin iş yerini itirmək qorxusu bir çox hallarda onun nədənsə imtina etmək imkanlarını məhdudlaşdırır. Amma belə hallar da olanda iş verən tərəf işçini başqa əsasları bəhanə gətirməklə işdən kənarlaşdırır. Hər halda əmək mübahisələri baxımından məhkəmələr qanunu daha səlis tətbiq edirlər. Və məhkəmədə həmin bəhanəni də əsaslandırmaq lazım gəlir.

Şərhləri göstər

XS
SM
MD
LG