Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:03

Hamı yerli mal alsın?


Dövlət Statistika Komitəsindən anbarda malın azlığını satışın yaxşı olması kimi izah edirlər
Dövlət Statistika Komitəsindən anbarda malın azlığını satışın yaxşı olması kimi izah edirlər
Deyəsən, “hamı yerli mal alsın, xeyir vətənə qalsın” şüarı təzədən dirçəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yerli sənaye müəssisələrinin anbarında hazır məhsul ehtiyatı ötən ilki dövrlərlə müqayisədə çox qalmayıb və ya istehsal edilən məhsulun böyük hissəsi satılıb. Məsələn, geyim üzrə bu ilin ilk doqquz ayı ərzində istehsal edilən 16 milyon 500 min manatlıq məhsulun 16 milyon manatlığı satılıb.

Statistika dəri, dəri məmulatları və ayaqqabıların istehsalında da ehtiyat malın azaldığını söyləyir. Rəqəmlərə görə, bu ilin ilk doqquz ayı ərzində 11 milyon manatdan çox istehsal edilən məhsulun hamısı anbarda qalmayıb. Dövlət Statistika Komitəsindən anbarda malın azlığını satışın yaxşı olması kimi izah edirlər.

BAZARI ÖLDÜRƏN MALLAR

Geyim paltarları istehsal edən müəssisələrdən birinin rəhbəri Nərmin Məhmət deyir ki, ötən illərlə müqayisədə bu il satışları artıb:

- İndi normaldır, qış gəldi, insanların geyimə ehtiyacı artıb.

Amma o, xaricdən gətirilən ucuz məhsulların onların da bazarına təsir etdiyini söyləyir:

- Pis mal gətirirlər, ucuz verirlər, bazarı öldürürlər.

Uniforma istehsalı ilə məşğul olan bir firmanın rəhbəri Ceyhun Əliyev isə hesab edir ki, keyfiyyətli mal istəyən hara üz tutmağı bilir və onun üçün istehsalçı ölkə yox, keyfiyyət önəmli olur, ona görə də onların müştəri sarıdan problemləri yoxdur:

Geyim üzrə bu ilin ilk doqquz ayı ərzində istehsal edilən 16 milyon 500 min manatlıq məhsulun 16 milyon manatlığı satılıb
- Bu, sırf keyfiyyətə bağlıdır, əgər xaricdən gəlirsə və çox keyfiyyətlidirsə, onda çox baha olur, ya çox ucuzdursa, deməli, çox keyfiyyətsizdir. Biz əsasən pambıqdan tikirik, amma bəlkə də Türkiyədən gələn mal sintetikdir, ona görə ucuzdur. Bu parçadan burda da var, amma biz ondan istifadə etmirik.

BREND YOXSA YERLİ MAL?

Kondisioner zavodunda işləyən Natella xanımı isə statistikadan çox bazardakı yerli məhsulların keyfiyyəti maraqlandırır:

- Əsasən xarici mal alıram. Yerli mal da alaram, bir şərtlə ki, keyfiyyətli olsun. Yuyanda o keyfiyyət görünür. İndi kasıbçılıqdır, iş yoxdur, hər dəfə paltar almaq olmur.

Fikrini öyrəndiyimiz Bakı sakinlərinin bəziləri xarici məhsula üstünlük verdiyini, bəzisi brendi yox, keyfiyyəti tanıdığını deyir. Bazarda yerli malı fərqləndirən etiketin olmadığını söyləyənlər də var:

- Mən etiket arxasınca qaçmıram. Əsas keyfiyyətdir.

- Onsuz da Azərbaycana markaların “geydirməsi” gəlir.

- Azərbaycanda yerli geyim var ki?

- Mən xarici mal alıram ki, bir-iki il geyinim. Amma yerli mal keyfiyyətli olsa alaram.

ON MİNLƏRLƏ MƏKTƏBLİ FORMASI…

Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli isə yerli məhsulun satışında irəliləyiş olduğunu məktəblərin uniformaya keçməsi ilə əlaqələndirir. O hesab edir ki, Təhsil Nazirliyinin bu qərarı statistikada geyim üzrə satışın rəqəmlərinə təsir edib:

- On minlərlə məktəbli forması istehsal olundu və təbii ki, bu da geyim istehsalında artıma səbəb olacaqdı.

Natiq Cəfərli deyir ki, bazarda yerli geyim və dəri məmulatlarına rast gəlmək çətindir, çünki onun Çindən, Hindistandan gətirilən mallarla rəqabətə davamlılığı azdır. İqtisadçı bildirir ki, yerli məhsulun maya dəyəri baha çıxdığından istehsalçı nə keyfiyyətə üstünlük verə, nə də rəqabətə davam gətirə bilir, ona görə də, daxili bazarda hələ də geyim, ayaqqabı istehsalı üzrə bir brend yaranmayıb.

MAYA DƏYƏRİNİN İÇİNDƏKİLƏR

Natiq Cəfərlinin sözlərinə görə, maya dəyərinə enerjinin bahalığından tutmuş sahibkarlığa qeyri-rəsmi müdaxilələr də təsir edir. Onun fikrincə, bu səbəbdən də sənayenin bu qolları hələ də Azərbaycanda inkişaf edə bilmir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il toxuculuq və tikiş sənayesinin 0,3 faizini təşkil edib, 2000-ci ildə isə bu rəqəm 1,1 faiz olub. Dəri və dəri məmulatları, ayaqqabı istehsalı isə ümumi sənayenin 0, 03 faizini təşkil edib.
XS
SM
MD
LG