Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:15
Adil Mirseyid

Mən əsil sənətçini bütün dövrlərdə, bütün toplumlarda orijinal obraz sayıram.

Və sənətçilərin (illahda ki, o, şairdirsə,) istisnalıq hüququnu müdafiə edirəm.

Bu yazıyla moderizminin qapısını döyəcəyik.

Bu qapını açanları və bu qapıdan keçənlərin hamısını bir yerdə və hər kəsi ayrı-ayrılıqda Allaha ismarladım.

“Modern”sözü bir sıra Aropa dillərində “müasir”,”çağdaş” mənasını verir.

Linqvistik mənada “modern” əvvəllər mövcud olanlardan fərqli, qeyri-ənənəvi, heç bir gələnəyə söykənməyən, yeni anlamında başa düşülür.

“Avanqard” və “modernizm” tez-tez sinonim kimi işlədilir.

İlk baxışda avanqard və modernzm məntiqi cəhətdən uzlaşır. Amma vaxt keçdikcə oxşarlıqlar və fərqlər açıqlanır.

MODERNİZM – müasir sənətdə tarixi bir zaman çərçivəsi, AVANQARD isə modernizmin ən yeni, ən son mərhələsidir. Avanqard incəsənətdə bir cərəyandır, modernizm mədəniyyətdə epoxadır.

Ünlü çex şairi Vitizlav Nezval yazirdı: “Avanqard ədəbiyyat termini təqribən akademik xurafatla ideya və məzmundan məhrum edilmiş ədəbiyyat başa düşülərsə, onda bu ədəbiyyat insanın çoxcəhətli daxili dünyasının canlı ifadəsi olacaqdır”.

Modernizmin nəzəri-fəlsəfi söykənəcəyi XIX yüzilin birinci yarısına gedib çıxır. A.Şopenhauer və S.Kyerkeqor təlimlərini əsaslanır.

Modernist sənət cərəyanlarının dini mistik baxışlari İNSANI subyektləşdirir, irrasionallaşdırır, çağdaş insanın taleyinə pessimist ovqatla baxir.

XX yüzillikdə E.Hartman, O.Şpenker təlimləri avanqard sənətə güclü təsir göstərib.

“Ziqmund Freyd və Fridrik Nitsşe isə XX yüzil Qərb modernizminin, bütün avanqard sənət cərəyanlarının peyğəmbəridir” desək yanılmarıq.

Marksizm-leninzm təlimi sözün həqiqi mənasında modernizmə qanlı savaş elan edirdi.
Lenin yazırdı:

“Ekspressionizimi, futurizmi, kubizmi və digər “izmləri” bədii dühanın ali təzahürü hesab etmirəm. Mən onları anlamıram”.

Beləliklə, dünya mədəniyyətinə açılan qapılar sosializm məddahlarının yüngül əli ilə “kommunizm qurucusunun” – “homosovetikusun” üzünə bağlanmışdı.
Avanqard sənətə ən müxtəlif, ən gözlənilməz istiqamətlərdən, rakurslardan nəzər salmaq olar.

Ədalət naminəsə avanqard sənətə reallıq konteksindən baxmaq daha düzgün olardı. Bu məqamda deyəcəksiniz ki, avanqard mövcud estetik normaları dağıtmırmı?

Məşhur İsveçrə pisxolqu Karl Qustav Yunqun (1875-1961) fikirincə, maddi realliq bütünlükdə reallığın geniş bir hissəsini ehtiva edir, lakin hər halda o, qaranlıq, hüdudsuz, qeyri-müəyyən bir sahə ilə əhatə olunmuşdur ki, insan istər-istəməz bunu “irreal”, yaxud “sürreal” adlandırır. Şərq dünyagörüşünə bir qədər dar və məhdud baxış tamamilə yabançıdır.

Ona görə də Şərq təfəkkürünün heç vaxt “sürreal” adlı fəlsəfi təsəvvürə ehtiyacı olmayıb.

Avanqard sənət ideologiyalarla ilgili olur və belə də qavranmalıdır. Amma hər şeydən öncə bu, bir tərəqqi ideologiyasıdır. İfadə vasitələrini dəyişən avanqard bədii sənət dilini yeniləşdirir.

Bu gün bütün dünyada bir “panavanqard” ekspansiyası var. Sənətçi siyasi azadlıqla birgə estetik azadlığa qovuşur.

Və məlum həqiqətdir ki, eyforiya avanqardın həqiqi simasını, iç dünyasının açılmasına, aşkarlanmasına mane olur.

Bəzən avanqard dəb kimi, yaxşı zövq kimi yozulur və əlbəttə ki, bu da bir yanlışlıqdır.

XX əsrin əvvəllərində Qərb mədəniyyətində önəmli yer tutan modernizm əslində heç də boş yerdən peyda olmayıb.

Düzdür, əsrin əvvəllərində sərgilənən təsviri sənət nümunələri cəmiyyətdə gözlənilməz əks-səda doğurdu.

Cəmiyyət yeni sənəti qəbul etməyə hazır deyildi, o, yeni sənəti qəzəblə, hardasa düşməncəsinə qarşıladı.

İspan filosofu Xose Orteqa-i-Qasset modernist rəssamların ilk sərgiləri haqqında yazırdı: “Yeni incəsənət kütlə tərəfindən anlaşılmazdı, o həmişə soyuq münasibətlə qarşılanacaq.

O öz mahiyyəti etibarilə populyar deyil, hətta antipopulyardir”.

Kütlə yeni incəsənəti özünün insani hisslərinin təhqir olunması kimi başa düşdü.

Kütlə həmişə yenini müqavimətlə qarşılayır. Müxtəlif ölkələrdə bir-birindən xəbərsiz, bir-biri ilə əlaqəsi olmayan rəssamların məntiqsiz, gerçəkliyi təhrif edən əsərləri yeni sənətin təsadüfi mədəniyyət hadisəsi olmadığını sübut edir.

Modernizmin nəzəri-fəlsəfi özülü XIX əsrdə, hələ bədii təcrübədə öz əksini tapmamışdan çox-çox əvvəl qoyulmuşdu. XX əsr Qərb incəsənətinin ideya yönümünə bilavasitə və ya dolayısı ilə təsir göstərən fəlsəfi əsərlər XIX əsrin birinci yarısında işıq üzü görüb.

A.Şopenhauer, M.Ştirner, S.Kyerkeqor kimi filosofların fəlsəfi təlimləri modernizmin ideya mənbəyidir.

XIX əsrin mühüm sosial, siyasi və ideoloji hadisələri çeşidli estetik konsepsiyalarda, nəzəriyyələrdə, təlimlərdə öz əksini tapırdı.

Hegelin müasiri olan alman filosofu A.Şopenhauer insan şüurunun intiutiv qatlarını tədqiq edirdi, o, tərəqqiyə şübhə ilə baxirdı.

Şopenhauer aqnomatizmin, antitarixliyin dünyanın kamilliyə doğru dəyişəcəyinə şübhə ilə yanaşır, daha gözəl gələcəyə bəslədiyi ümidi insanın əlindən alırdı. Hegel sisteminin əleyhinə çıxş edən ilk dühalardan biri Danimarka filosofu Syeren Kyerkeqordur.

Danimarkada dini ideologiya çox önəmli idi. Kyerkeqor yeni cəmiyyətə dini-estetik pozisiyadan yanaşırdı. Başqa idealist filosoflar kimi o da öz nəzəriyyisində estetik problemlərə üz tutur, incəsənət vasitəsi ilə “gözəllik aləmində” dini-estetik baxışlarını əsaslandırmağa çalışırdı.

Həyat hadisələrinə dini-mistik baxış, dialektikadan imtina edilməsi, insan taleyinin həlli məsələsində ümidsizlik ovqatı Kyerkeqoru pessimizmə gətirib çıxardı.

Hegelin obyektiv idealist prinsipləri Kyerkeqoru təmin etmirdi. İnsanı subyektləşdirir, irrasionallaşdırır, insanı dünyaya qarşı qoyur.

Onun təlimində insan onu əhatə edən mühit qarşısında acizdir, insanının mövcudluğu prespektivsizdi, faciəlidi. Kyerkeqor təlimi ekzistensializmin əsas fəlsəfi qaynaqlarından biridir.

EKZİSTENSİALİZM latın dilindəki “exsistentia”sözündən alınıb “mövcudluq” anlamında işlədilir. Fəlsəfi cərəyan kimi I və II dünya müharibələri arasında Almaniyada təşəkkül tapmış, Martin Haydegerin, Karl Yaspersin əsərlərində konseptual sistem səciyyəsi kəsb etmişdir.

Əslində isə ekzistensializm fəlsəfi konsepsiya kimi Sokratdan başlayaraq Avqustindən, Paskaldan, Kyerkeqordan keçən, fərdin ekzistensial problemlərinə başlıca əhəmiyyət verən son dərəcə dərin və ciddi fəlsəfi ənənələrə əsaslanır.

Ekzistensialist dünyagörüşünün bədii təcəssümü olan ədəbi-bədii cərəyan bir qədər sonra Fransada formalaşdı.

Bu cərəyanın ən görkəmli nümayəndələri Can Pol Sartr, Simon Bovuar, Alber Kamü yüksək bədii keyfiyyətlərə malik əsərləri ilə birbaşa və ya dolayısı ilə dünya ədəbi-estetik fikrinə güclü təsir göstəriblər.

Ekzistensializmdən söz düşmüşkən, onun mahiyyətini açmaq üçün Can Pol Sartrın “Varlıq və Yoxluq” fəlsəfi traktatı olduqca önəmlidir. Sartr yazırdı: “Əgər insan azaddırsa, onun üçün nə Xeyir mövcuddur, nə də Şər. Çünki insan özünə yalnız Xeyiri seçə bilər”.

Modernizmin fəlsəfi əsaslarına bələd olmaq çeşidli avanqard cərəyanların ideya istiqamətini izləməyə, modernizmin konsepsiyasını, mahiyyətini, dünyaduyum tərzini açıqlamağa xidmət edir.

Espen Hovardsholm yazır: “Modernist sənətkarlar gerçkliyə nə isə birdəfəlik verilmış şey kimi baxmırlar.

Dünyanı rəngbərəng qammaları onıar üçün yalnız bədii təfəkkürün turşusunda müəyyən adilik, bayağılıq xıltindan təmizləndikdən sonra improvizasiya və fantaziyanın dəqiq və konsentrik dil ifadəsi yaratdığı məqamda mövcud olur.

Çağdaş modernist cərəyanlara nəzər salanda görürük ki, son zamanlar modrnist sənətşilər naturalizm metoduna üz tutur.

Əgər XIX və XX əsr rəssamları həyatı gerçək güzgü dəqiqliyi ilə ifadə edirdisə, modernistlər predmentlərin əksini yaratmamışlar, bilavasitə onların özlərini sərgi salonlarında sənət əsəri adı altında sərgiləyirlər.

Formanın deformasiya eddilməsi, predmentlərin səth üzərində nizamsız təsviri rəssamın ifrat individualizmindən gəlir.

İndividualist sənətçi onu əhatə edən mühitdə, cəmiyyətdə özünü yalqız, yabançı surətində morginal obraz kimi görür. İçində yaşadığı dünyanın sərt gerçəkliklərini anlamır və ya anlamaq belə istəmir.

Amma hər halda incəsənətdə forma və məzmun sıcaq ilgilərlə bir-birinə bağlıdır. Sənət əsərləri sənətkarın iç dünyasını,daxili aləmini aşkarlayır və daxili monoloq xarakteri daşıyır.Pablo Pikasso deyirdi ki, mən dünyanı gördüyüm kimi deyil, düşündüyüm kimi ifadə edirəm.

Dünyanı düşündüyü kimi ifadə etmək arzusu sənətkarın haqqıdı və bu haqqı heç kim sənətkarın əlindən ala bilməz.

Modernizm əleyhdarı italyan sənətşünası Corce Solinas realizmi modernizmin alternativi kimi görür. Ümumiyyətlə, Solinas tək deyil, çoxları bu fikirdədir. Bu gün Qərbdə realist sənətə maraq artmaqdadır.

Formalizm, abstraksionizm, “sənət sənət üçün” kimi həyat həqiqətlərindən uzaq cərəyanlar artıq öz tamaşaçı auditoriyasını itirməkdədir.

Yunan esteti Nikolas Drakulas modernist sənəti çıxılmazlıq, blef, yalan sənəti adlandırır.

Onun fikirincə, sırf subyektiv, qeyri-fiqurativ, obyektivlikdən uzaq sənət əsəri haradasa metafizik bir nəsnəyə çevrilir.

Məncə mənsub olduğu cərəyanin ideya və estetik yönümündən asılı olmayaraq əsl sənət əsəri haradasa mütləq metafizik məna kəsb edir.

Sənətdə metafizik işartıları danmaq,suçlamaq isə azı sadəlövlükdür. Və bir həqiqəti də nəzərdən qaşırmayaq.

Bu da ənənədən, kökdən uzaq yalançı novatorluq məsələsidi. Bəzən sənətçilər öz acizliklərini avanqard pərdəsi altında gizlətməyə çalışır. Təəsüf ki,çox zaman buna nail olurlar.

Bu yerdə bir fransız yazıçısının “Pyer Düş məşhurlaşdı” hekayəsi yadıma düşür. Hekayədə uğursuz ortabab bir rəssamin haqqinda danışılır.

Rəssamın yazıçı dostu ona bəzi məsləhətlər verir və bu məsləhətlərə qulaq asan rəssam bir silsilə dırnaqarası novator əsərlər yaradır.

Rəssam özü də nə çəkəcəyini bilmir. Bu yerdə dostu zarfatla deyir ki, bu əsərlər haqqinda səndən nəsə soruşsalar, o adama “siz çayın necə axdığını görmüsünüzmü” sualını ver, vəssalam.

Taleyin qəribə ironiyası – bu əsərləri nümayiş etdirən rəssam uğur və uğurla birgə para və şöhrət qazamır.

Günlərin bir günü xeyirxah dostuna deyir: “Siz çayın necə axdığını görmüsünüzmü?”

Hələ bu yaxınlara qədər modernizmi ehtiraslı bir çılqınlıqla müdafiə edən estetlərin bəzisi artıq ondan üz döndərib.

Bu gün modernist sənət özünün krizis dövrünü yaşayır.

Modernizmin krizis keçirməsini müxtəlif cür yozurlar: bəziləri cəmiyyəti suçlayırr, digərləri isə əsas günahı informasiya çoxluğunda görür. İncəsənət də dəniz kimidi: zaman-zaman qabarmalar, çəkilmələr müşahidə olunur.

Yalançı novatorluğun, formalizmin fövqündə duran sənət heç vaxt sehrini, sirrini, ovsununu itirməyib və itirməyəcək.

Dünya durduqca Xeyirlə Şərin əbədi və əzəli mübarizəsi davam edəcək, insan oğlu gözəlliyə səcdə edəcək.

Və Dostoyevski demişkən: “Gözəllik dünyanı xilas edəcək”.

www.kultaz.com

Günün bütün mövzuları

XS
SM
MD
LG