Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:51

Təsəvvüf dəb ola bilərmi?


Elif Şafak
Elif Şafak
Elif Şafak

“Təsəvvüf dəb oldu” deyənlər olur.

“Günün dəbinə uyub bu mövzuda bir roman yazmaq - hesablanmış bir strategiyadır” deyən də tapılır.

Belə sözlər eşidəndə bir tərəfdən üzülürəm, bir tərəfdən təsirlənmirəm.

Mənim bildiyim sufizm sahili olmayan ucsuz-bucaqsız dənizdir. Dumduru bir okeandır. O dənizdən hər kəs öz qabı tutan qədər su götürə bilər ancaq.

Əgər adam öz qabındakı suya baxıb “budur, dənizi əlimdə tuturam” desə, yalan olar, yazıq olar. Mənim bildiyim təsəvvüfün qapıları hər kəsə açıqdır.

Təsəvvüf dəb deyil. Özünün gərəyi ola bilməz. Amma fərz edək ki, bu bir dəb olub.

Əgər beş min, ya da beş milyon adam Mövlana ilə sırf “moda” deyə maraqlanırsa və beşinin içində səmimi və həqiqi maraq oyanırsa, zehinlərində qapı açılırsa, o zaman bu, ən “dünyəvi” dəbdə bir xeyir var, deməkdir.

“Eşq” çap olunandan bəri Türkiyənin hər yerindən, hər kəsimdən ədəbiyyatsevərlərin fikirlərini, baxışlarını eşidirəm. Bir-birindən gözəl və duyğulu təhlillər alıram.

Oxucular kitabı oxumaqla kifayətlənmir, alıb sevdiklərinə hədiyyə edirlər. Kitab mağazalarının sahibləri deyirlər ki, ad günlərində, özəl günlərdə insanlar bu romanı alıb hədiyyə kimi bağışlayırlar.

Bəzən də bir kitabı növbə ilə bəlkə üç, bəlkə də beş adam oxuyur. Cümlələrin altından fərqli qələmlərlə xətt çəkə-çəkə...

Bütün bunlar olarkən mənə romanın necə və nəyə görə bu qədər çox oxunduğunu soruşanlara bir kəlmə ilə cavab verirəm: “Körpü”.

Çünki bu kitab duyğulu, ruhani, mənəvi bir körpü oldu.

Yazardan oxucuya, oxucudan yazara, oxucudan başqa oxuculara, könüldən könüllərə uzanan... Reklamla bir kitabı tanıda bilərsiniz. Amma reklamla bir kitabı sevdirə bilməzsiniz.

Kitabların uğuru nə reklamla olur, nə tanıtma kampaniyalarıyla. Nə öncədən hesablana, nə sonradan inkişaf etdirilə bilir. Bu kitaba ayaq tutduran təməl bir prinsip var:

Oxucuları! Oxucudur kitabı yaşadan. Oxucudur kitabı ayaqda tutduran.

Türkiyədə tez-tez deyinirik: “Bu məmləkətdə kimsə kitab oxumur”. Yetərincə kitab oxumadığımız doğrudur, amma başqa bir həqiqəti gözdən qaçırmayaq: Bu ölkədə müdhiş bir ədəbiyyat oxucusu var.

Elə bir oxucu ki, şayəd bir kitabı sevmişsə, kim nə desə, desin, mənimsəyir, sahiblənir.

Yanında durur. Elə bir oxucu ki, şayəd bir kitabı sevməmişsə, o kitab mediada nə qədər tanıdılırsa, tanıdılsın, hətta nə qədər şişirdilirsə, şişirdilsin, oxumur, maraq göstərmir.

Ədəbiyyat oxucusunun barometri dəqiqdirl. Səmimidir. Həqiqidir.

Elə bir oxucu var ki, bizdə sevdiyi kitabı alıb qohum-əqrəbasına, anasına, dostlarına oxudur. Getdiyi yerlərdə bu barədə danışır.

Elə bir oxucu var ki, bizdə, qulaqdan-qulağa, ağızdan-ağıza, könüldən-könülə yayar kitabları.

Bu, öncədən hesablana, planlaşdırıla, yönləndirilə biləcək bir şey deyil. Oxucunun İBRƏSİ birbaşa olduğu qədər müstəqildir.

“Eşq”in oxucu profili son dərəcə geniş bir çevrədə yayılıb. Hər dünyagörüşlü, hər düşüncəli insan oxudu bu romanı.

Mühafizəkarlardan solçulara, çarşablı tələbələrdən atatürkçü təhsil işçilərinə, feministlərdən nihilistlərə, şiələrdən sünnilərə...

Və mən bunun sayəsində Türkiyədə çox fərqli damarlardan gələn insanların sufizm haqqındakı fikirlərini öyrənmə imkanı buluram.

Kimi deyir ki, “İllərdir Uzaq Şərq fəlsəfəsi ilə maraqlanırdım. Halbuki burda, burnumuzun ucunda bir xəzinə varmış.

Bu torpaqlardan çıxan bir xəzinə. Ondan xəbərsizmişəm”. Kimi deyir: “Mən dindar insan deyiləm. Və bu kitab mənə də yad deyil”. Bir başqa oxucu elektron məktubda yazır: “Eşqlə baxıram kainata. Eşqlə baxıram özümə. Eyvallah!"

İnanç məsələsi ümumi olaraq danışmaqda çətinlik çəkdiyimiz bir mövzudur. Nə zaman söz inancdan düşsə, o dəqiqə “dindarlıq”, "dünyəvilik", "fanatizm" kimi makro anlayışlarla hörülən aktual müzakirələrin kölgəsində qalır kəlmələr.

Türkiyədə sürətli və müzakirə dolu gündəm var. Və gündəm hər şeyi udur kimi görünür. Aktual siyasətin tozu-tüstüsü, müzakirələri sanki bütün səhnəni örtür.

Halbuki bütün bunların kənarında və dərinində hamımızın bildiyi ya da bilmək istədiyi bir şey var. Bir axtarış. Bir səyahət. Tamamlanma arzusu. Bir Eşq.

Yaşadığımız qaç-qovun və səs-küyün altında bəlkə özümüzün belə fərqində olmadığı bir başqa ruh halımız da var. Əsrlərdir bizimlə birlikdə gələn bir ədəb mədəniyyəti var.

Tam olaraq bilməsək belə, varlığından xəbərdar olduğumuz...

Təsəvvüf həm yaxınımızdadır, özü də o qədər yaxın ki əlimizi uzatsaq toxuna bilərik "tıp-tıp" döyünən ürəyinə, həm də bir o qədər uzaq və görünməz, sis pərdəsinin altındadır.

Orda işıldayır. Kəşf edilməyi gözləyir. Daha çox qadın, daha çox gənc tərəfindən kəşf edilmək haqqı var. Bu elə bir yol ki "ədəb" sözünü baştacı edir.

Kimsəni kimsədən üstün, ya da ayrı görmür. Tək bir insanın bütün hallarını və bütün bir insanlığı bir vəhdətdə birləşdirir.

Bu elə bir yol ki insana, insana qiymət verməyi öyrədir. Azad edir. Qorxuları, ya da qadağaları deyil, eşqi təməl götürür. Təsəvvüfə ən çox qadınların ehtiyacı var.

Və bir də gənclərin.

Bu vaxt tənqidlər də alıram. “Günün dəbinə uyub bu mövzuda bir roman yazmaq hesablanmış bir strategiyadır” deyən də tapılır.

Belə sözlər eşidəndə bir tərəfdən kədərlənirəm, bir tərəfdən təsirlənmirəm. Mənim bildiyim təsəvvüf sahili olmayan ucsuz-bucaqsız dənizdir. Dumduru bir okean.

O dənizdən hər kəs öz qabına qədər su götürə bilər ancaq.

Əgər adam öz qabındakı suya baxıb “budur, dənizi əlimdə tuturam” desə, yalan olar, təəssüf olar. Mənim bildiyim sufizmin qapıları hər kəsə açıqdır.

Əfəndisi yoxdur. Mülk deyil ki sənədi olsun. Hər kəsi qarşılar. Ayrı-seçkilik etmədən.

Təsəvvüf dəb deyil. Özünün gərəyi ola bilməz. Amma fərz edək ki, bu bir dəb olub. Mən və mənim kimi nə qədər insan bu modadan təsirlənib.

Yalnız Türkiyədə deyil əlbəttə, bütün dünyada. Əgər beş min, ya da beş milyon adam Mövlana ilə sırf “moda” deyə maraqlanırsa və beşinin içində səmimi və həqiqi maraq oyanırsa, zehinlərində qapı açılırsa, o zaman bu, ən “dünyəvi” dəbdə belə bir xeyir var, deməkdir. Ordan kənara yollar var...

Təsəvvüfün bizə ehtiyacı yox bəlkə də, amma bizim ona ehtiyacımız var.

Türkiyənin təsəvvüfə ehtiyacı var. Bütün bu gərginliklərin içində vurnuxarkən hamımızın dayanıb da özümüzü xatırlamağa ehtiyacımız var. Özümüzü, yəni Eşqi. Kiçik hərflərlə deyil, böyük hərflərlə EŞQ.

Özümüzü "yaradılanı sevmək Yaradandan ötrü." Özümüz ayırmamalıyıq insanı, çıxdaş etməməliyik kimsəni, qırmamalıyıq qabları... ayna tutmaq kainata və kainatın aynasında özümüzü görmək... insanlara və insanlığa faydalı olmaq.... özümüz bir eşq zəncirində halqa olmaq... bir külçə qızıl kimi parlamaq, işıq və eşq saçmaq...

Özümüz bu, gerisi söz. Çünki "eşq imiş nə varsa bu aləmdə... "

"Haber-türk" on-line qəzeti
Çevirəni: Səadət Akifqızı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG