Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:42
“Kommunist” qəzetinin 12 mart 1937-ci il sayında Seyfulla Şamilovun yazıçıları tənqid edən “Ədəbiyyatda bolşevizm ideyalığı uğrunda” adlı məqaləsi dərc edilib.

“...Vaxtı ilə cibində partiya bileti daşıyaraq orda-burda millətçi fikirlər yürüdən, nəinki bolşevikə, hətta adi bir sovet vətəndaşına belə layiq olmayan meşşan, ikiüzlü fəaliyyəti ilə sovet hökümətini biabır edən boşboğazlıqla məşğul olan Tağı Şahbazi artıq partiya və sovet yazıçıları sırasından qovulmuşdur.

Bəzi tənqidçilərimizin prinsipsizliyi və yaltaqlığı nəticəsində bütün yaradıcılığı bir xoruza yük ola bilən bu yazıçı haqqında olduqca şişirdilmiş fikirlər söylənilirdi.

“Tənqidçi” - Tağı Şahbazinin ədəbi fəaliyyətini “üç dövrün güzgüsü” deyə adlandırırdı.

Söz yox ki, bu qılıqlı mədhlər haman tənqidçi ilə Tağı Şahbazi arasındakı xüsusi simpatiyadan nəşət edirdi.

Tənqiddə barışmaz bolşevik prinsipliliyi əvəzinə liberal taktika ilə yaşamağa çalışan şəxslərə qarşı da biz mübarizəmizi gücləndirməliyik.

Bəzi yazıçılar öz keçmişləri ilə və özlərinin uzun müddət daşıdıqları və daşımaqda olduqları mürtəce ideoloji ilə ciddi və kəskin mübarizə etmirlər.

Bu yazıçılar üçün böyük mübarizələrlə əldə edilən sovet gerçəkliyi, sosializm gerçəkliyi hələ diqqətə şayan deyildir.

Onlar hələ də bütün xalqlarımızı ruhlandıran bu günki mübarizənin qəhrəmanlarını duyub anlaya bilməmişlər.

Məsələn: Yusif Vəzir (Çəmənzəminli) sovet ədəbiyyatının ona vermiş olduğu imkanları doğrultmaq üçün bu günki həyatımızdan və yaxud köhnə mənhus müsavat quruluşunu ifşa edəcək əsərlər yazmaq əvəzinə özünü keçmiş qədim tarixi dövrlərə atır və öz mövzularını oralardan seçir.

O, “Qızlar bulağı” və “İki od arasında” kimi bu gündən çox-çox uzaq əsərlər yazmışdır.

Halbuki, Yusif Vəzir öz iştirak etdiyi müsavat hökumətinin avanturasını, şovinizmini və xalq soymasını “Qızlar bulağı”ndan daha asan yaza bilərdi. Bəs nə üçün yazmayır? Görünür ki, yazmaq istəməyir.

Nə üçün o, müsavat hökumətinin Azərbaycan xalqını çapıb talamasını göstərməyir? Sovet yazıçısı adını daşıyan bir şəxs üçün ölkəmizdəki parlaq qalibiyyətlər maraqsız qala bilərmi?

Köhnə ideoloji və mürtəce fikirlərlə nə dərəcədə bağlı olmaq lazım gəlir ki, yadları belə heyrətə gətirən bu böyük nailiyyətlər və müzəffəriyyətlərlə maraqlanmayıb, onları qiymətləndirməyəsən.”

“Kommunist” qəzetinin 5 mart 1937 –ci il tarixli sayında M.Məmmədov imzalı şəxsin Tağı Şahbazinin partiya sıralarından qovulması haqqında məqaləsi yer alıb.


"Azərbaycan Tibb İnstitutunun diamat müəllimi, eyni zamanda sovet yazıçıları ittifaqının üzvü ikiüzlü Tağı Şahbazi son günlərədək özünün nasional uklonçu olduğunu partiyadan gizlədərək, öz antipartiya fəaliyyətini davam etdirmişdir.

Partiyamız və bütün ölkə, kontrrevolusion trotskiçi- zinovyevçi antisovet mərkəzin mühakimələri dövründə, mitinq və yığıncaqlarda, xalq düşmənlərinə- faşist xəfiyyə idarələrinin mənfur agentləri olan trotskiçilərə, diversiyaçılara, casuslara, terrorçulara min qat lənət yağdıraraq, onların külünün göyə sovrulmasını tələb etdiyi bir zamanda, millətçi Tağı Şahbazi ağzına su alaraq bir kəlmə belə danışmayır və susmağı lazım bilirdi.

Tağı Şahbazi, özünün çürük millətçilik ideyalarını, sovet yazıçılarından bəziləri ilə söhbəti əsnasında şərh etməkdən də həyasızcasına çəkinməmişdir.

Azərbaycan Tibb İnstitutunun partiya komitəsi, partiyanı aldadan ikiüzlü, millətçi Tağı Şahbazini partiya sıralarından kənar etmişdir.

Lakin bununla iş bitməməlidir. Tağı Şahbazi kimi qəddar millətçi hələ Azərnəşrin rus ədəbiyyat şöbəsi kimi mühüm bir uçastoka “rəhbərlik” edir. Azərnəşr və sovet yazıçıları ittifaqı bundan özləri üçün ciddi nəticə çıxarmalıdırlar.”

1938-ci ildə repressiya qurbanı olmuş Tağı Şahbazi 1926-cı ildə o dövrdə Leninin adını daşıyan Azərbaycan Dövlət Universitetinin ilk azərbaycanlı rektoru təyin edilmiş və bu vəzifədə 1929-cu ilə qədər işləmişdi. Xarkov Dövlət Universitetinin tibb fakültəsini bitirən Tağı Şahbazi 1917-ci ildə Bakıda "Hümmət" təşkilatının yaradılmasında, 1918-ci ildə Xarkovda türk-tatar fəhlələrinin hərəkatında iştirak edib.

O, rektor təyin edilənə qədər Bakı Səhiyyə Şöbəsinin müdiri, Azərbaycan SSR Xalq Maarif Komissarlığında nazir müavini, "Maarif və mədəniyyət" jurnalının baş redaktoru, Azərbaycanı Öyrənən və Tədqiq edən Cəmiyyətin təşkilatçılarından biri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü və katibi olub.


Tağı Şahbazinin həyat yoldaşı Mariya Kirillovna Paşina-Şahbazi də “vətən xaininin ailə üzvü kimi” 8 il həbs cəzası çəkib.

Günün bütün mövzuları

XS
SM
MD
LG