Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:10
İndisə orada, evin uzaq bir küncündə kimsəsizdir.

Biz hələ şeylərini – meşə qoxusunu heç itirməmiş paltarıyla, pis havalarda geydiyi quştək yüngül ayaqqabısını gətirməmişdən qabaq kimsə bizə demişdi ki, bu qadın iyi-dadı olmayan ləng həyata alışa bilmir, o həyatın ən cazibədar şeyi sərt tənhalıqdır, daim onun çiyinlərini əzir, sanki daş və əhəngdən tökülüb.

Kimsə bizə demişdi – və biz bunu xeyli vaxt keçəndən sonra xatırladıq ki, nə vaxsa onun da uşaqlığı olub.

Ola bilsin, onda deyilənə sadəcə inanmamışdıq.

Amma indi, barmağını dodaqlarına tutub, təəccüb dolu gözlərlə baxaraq küncdə oturduğunu görəndə başa düşdük ki, doğrudan da nə vaxtsa onun uşaqlığı olub; az ömürlü yağış soyuğunu bilib və günəşli günlərdə, qəribə də olsa, ondan kölgə düşüb.

Bütün bunlara (olduqca çox başqa şeylərə də) o axşam – onun ibtidai aləmlə əcaib bağlılığına rəğmən tamamilə insanlaşdığını anlayanda inandıq.

O, sanki daxilində nə isə şüşə bir şey sınıbmış kimi həyacanlı qışqırtılar çıxarmağa başlayanda biz bunu başa düşdük; yanında oturana qədər göz yaşları içində hər birimizi adbaad çağırdı; oxuyası və ovça çalası olduq, sanki bu hay-həşir çilik şüşəni yapışdıra biləcəkdi.

Yalnız onda biz inandıq ki, onun nə vaxtsa uşaqlığı olub.

Elə çıxır ki, bizə nə isə onun bağırtıları sayəsində açıldı; o, ayağa duranda ağac və dərin çay yada düşdü və azacıq qabağa əyilib, önlüyü ilə üzünü örtməyib, fınxıraraq burnunu silməyib, hələ də göz yaşları içində bizə dedi:

- Mən bir daha gülümsəməyəcəm.

Üçümüz də dinməzcə həyətə çıxdıq – bəlkə də eyni fikirlərin üçümüzü də çulğaladığına görə; bəlkə də “evdə işıq yandırmaq gərək deyil” fikirlərinə görə. O, tək qalmaq, ola bilsin, saçını sonuncu dəfə hörə-hörə (vəhşi olandan sonra, deyəsən, bu onun keçmiş həyatından qalma yeganə zədələnməmiş vərdişiydi), qaranlıq bucaqda oturmaq istəyirdi.

Həyətdə, cücülər buludu altda onun haqqında düşünmək üçün oturduq. Qabaqlar da belə edərdik. Demək olar, bunu hər gün, bütün həyatımız boyu bu cür edərdik.

Fəqət, bu gecə başqalarından fərqliydi: bu gecə o demişdi ki, bir daha gülümsəməyəcək və onu çox yaxşı tanıdığımızdan inandıq ki, dəhşətli yuxumuz çin çıxacaq.

Biz üçbucaq qurub oturmuşduq, ortalıqda isə onu – saniyəyə qədər dəqiq ölçən saysız-hesabsız çaqqıldayan saatları, onu çürüntüyə çevirən ritmi hətta eşitməyə belə qabil olmayan o mücərrəd, qəribə varlığı göz önünə gətirirdik.

Hamımız eyni anda düşündük: “Əgər ona ölüm arzulamağa cəsarətimiz çatsaydı…” Lakin biz onun gizli çatışmazlıqlarımızın miskin vəhdətinə bənzər yöndəmsiz və qorxunc qəlbini elə sevirdik ki…

Biz çoxdan böyümüşük, çox-çox illər bundan əvvəl. Amma o bizdən də böyük idi.

Bu gecə də bizimlə bir yerdə otura bilərdi – ulduzların müntəzəm döyüntüsünü duya-duya, güclü oğullarının əhatəsində.

Əgər vicdanlı bir burjuaya ərə getsəydi, yaxud ləyaqətli bir insanın rəfiqəsi olsaydı, hörmətli bir senyora ola bilərdi.

Amma o, düz xətt sayaq, tək bir ölçü daxilində yaşamağa adət etmişdi, yəqin ona görə ki, eyib və üstünlüklərini profildən görmək mümkün deyildi. Biz bu haqda artıq bir neçə il əvvəl bilmişik.

Bir səhər yataqdan qalxıb, onun həyətdə tamamilə hərəkətsiz uzandığını və torpaq gəmirdiyini görəndə heç təəccüblənmədik də.

Onda o gülümsəmiş və bizə baxmışdı; ikinci mərtəbənin pəncərəsindən həyətdəki möhkəm gil torpaq üstünə düşmüş və üzü palçığa batılı vəziyyətdə uzanıb qalmışdı – mətin və sarsılmaz.

Sonradan başa düşdük: dəyişilməmiş qalan yeganə şey vardısa, o da məsafə qarşısındakı qorxu, boşluq qarşısındakı təbii vahimə idi.

Biz onu çiyinlərindən tutub qaldırdıq. O heç də, ilk baxışda bizə göründüyü kimi, qacımamışdı. Əksinə, yumşaq və yovuşqan idi, hələ soyumamış meyit kimi.

Biz onu güzgü qarşısına qoyan sayaq üzü günəşə çevirəndə gözləri bərəlmişdi, ağzı torpağa bulaşmışdı, dəfn dadı gərək ki, ona tanış idi.

Bizə yönəlmiş sönük, donuq baxışlarından duyğu yarandı ki, o, yoxdur – qollarım üstündə tutmuşdum onu.

Kimsə bizə dedi ki, o ölüb; amma soyuq, sakit təbəssümü qalmışdı – gecələr evi yuxusuz dolaşanda həmişə belə gülümsəyərdi. Dedi ki, həyətə necə gəlib çıxdığını başa düşmür.

Dedi ki, ona isti olmuşdu, səsini eşitdiyi zəhlətökən, qulaqbatıran cırcırama onun fikrincə – o bu cür dedi, – otağının divarını dağıtmaq istəyirdi, bir də dedi ki, yanağını sement döşəməyə sıxıb bazar günü oxunan duaların hamısını xatırladı.

Amma bilirdik ki, o heç bir duanı yada sala bilməzdi, bizim artıq bildiyimizə görə, zaman haqda təsəvvürlərini çoxdan itirimişdi, bu yerdə dedi ki, cırcırama otağın divarını çöldən itələyəndə o, divarı içəridən tuta-tuta yuxuya gedibmiş, dediyinə görə kimsə onun çiyinlərindən tutub divardan aralayanda və üzü günəşə çevirəndə dərin yuxudaymış.

O gecə həyətdə oturanda başa düşdük ki, o artıq gülümsəməyəcək.

Bəlkə də onun etinasız ciddiliyinə, özbaşına və izaholunmaz küncdə yaşamaq vərdişinə görə qabaqcadan kədərləndik – indiki kimi küncdə oturduğunu ilk dəfə gördüyümüz gün necə kədərlənmişdiksə elə; və biz onun bir daha evi dolaşmayacağı barədə dediyini eşitmişdik.

Əvvəl ona inanmamışdıq. Biz aylarla onun, sutkanın istənilən vaxtında başını dik, çiyinlərini isə boş tutub, dayanmadan və qəti yorulmadan otaqları gəzdiyini görərdik.

O, gecələr iki zülmətin arasından keçəndə addımlarının aydın eşidilməyən xışıltısı gələrdi, hərdən də çarpayıda uzandığımız vaxt onun sirli yerişini dinləyərək, fikrən onu ev boyu izləyə-izləyə oyanardıq.

Bir dəfə dedi ki, nə vaxtsa dəyirmi güzgünün içində, sərt şəffaflığa batmış cırcıramanı görüb və özü şüşə səthin içinə girib ki, onu çıxarsın.

Bununla nə demək istədiyini başa düşmədik, lakin əmin olduq ki, əynindəki paltar nəmdir və bədəninə yapışır, elə bil indicə nohurda çimib.

Bir izah tapmayıb, evdəki cücülərlə qurtarmaq qərarına gəldik : ona əzab verən qarabasmanın kökünü məhv etmək.

Divarları yuduq, tapşırdıq ki, həyətdəki kolluğu budasınlar və bu da sanki gecə sakitliyinin çirkini təmizləmək kimi çıxdı.

Fəqət, onun gəzişini, cırcıramalardan danışmasını daha eşitmədik – ta o günə qədər ki, sonuncu dəfə yemək yedi, hamımıza nəzər saldı, baxışlarını bizdən üzmədən sement döşəməyə oturdu və dedi:

“Mən burda oturacam”; biz də sarsıldıq, çünki onun nəyəsə çevrildiyini gördük, bu da ölümə olduqca çox bənzəyirdi.

O vaxtdan xeyli keçib və artıq onu orada, yarıya qədər açılmış hörüklə, döşəmə üstdə oturan görməyə adət etmişik, sanki hörüyünü öz tənhalığına gedərkən açıb tökmüşdü və bizə görünsə də tənhalığında itib batmışdı.

O səbəbdən başa düşmüşük ki, bir də heç vaxt gülümsəməyəcək; bunu qəti və arxayın deyib – nə vaxtsa artıq gəzməyəcəyini dediyi kimi.

Bizdə inam yaranıb ki, çox az bir vaxt keçəcək və o, bizə “Mən daha görməyəcəm” – yaxud: “Mən daha eşitməyəcəm” deyəcək və onda başa düşərik ki, öz həyatını öz istəyi ilə söndürməsi üçün onun yetərincə insaniliyi var, çünki eyni vaxtda hiss üzvləri də bir-birinin ardınca sözünə baxmır və onu, sanki həyatında ilk dəfə yuxuya gedibmiş kimi divara söykənmiş halda tapacağımız günə qədər belə olacaq; ola bilsin, bunlar hələ bu tezliklə baş verməyəcək, lakin biz üçlükdə həyətdə oturaraq o gecə onun çiliklənən şüşə cingiltisinə bənzər zil, aramsız hönkürtüsünü eşitmək istərdik ki, təskinlik tapaq, barı elə bilək ki, evdə uşaq (oğlan ya qız) doğulub.

Onun yenidən doğulduğuna inanmaq istərdik.

Çevirəni: Mehman Musabəyli
www.kultaz.com

Günün bütün mövzuları

XS
SM
MD
LG