Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:40
Bundan əvvəl 7 saylı Culfa-Ordubad seçki dairəsindən millət vəkili seçilmiş yazıçı Əkrəm Əylisli builki parlament seçkilərində iştirak etmir. Yazıçı deyir ki, sadəcə bu dəfə bunu istəməyib:

“İDEALİSTCƏSİNƏ BÖYÜK XÜLYALARIM VAR İDİ”

“Daha istəmədim. Mən özümü orada o qədər də yaxşı hiss etmirdim. Yaradıcılıq söhbəti deyil. Orada əsaslı surətdə yaradıcılığa mane ola bilən bir şey yoxdur. Düzü, könlüm daha çəkmədi, ürəyim istəmədi”.

Bəlkə yazıçı parlamentdə istədiyini deyə bilməyib? Əkrəm Əylisli:

“Hamıya məlum olan şeyləri hərdənbir biz deyirik. Hamı bilir, ancaq yazıçı deməlidir də bunu”.

Əkrəm Əylisli deyir ki, keçən dəfə iştirak edəndə artıq bilirmiş ki, seçkidə sonuncu dəfə iştirak edir:

“Parlament mənim stixiyam deyil. Hər halda parlament siyasətdir də. Mən isə bir az idealist adamam. Mənə deyirdilər ki, bəs sən hara getdiyini bilmirdin? Mən də deyirəm, vallah bilmirdim. Heç kəs də inanmır. (Gülür) Mən doğrudan da bilmirdim, idealistcəsinə böyük xülyalarım var idi”.

“BİLSƏYDİM ÖZ NAMİZƏDLİYİMİ VERƏRDİM”


Eldar Namazov
Namizədliyini irəli sürməyənlərdən biri də “Azərbaycan Naminə” İctimai Forumun rəhbəri Eldar Namazovdur. O deyir ki, namizədliyini irəli sürməsə də, onunla həmfikir olan namizədlərə fəal dəstək verib. Eldar Namazov bildirir ki, elə gün olmur ki, seçki kampaniyasına qatılmasın, dəstəklədiyi namizədlərin yanında olmasın:

“Bu namizədlər həm yeni nəslin nümayəndələridir, yaxşı potensialı olan gənclərdir. Çox arzulayıram ki, onların Azərbaycanda gedən ictimai-siyasi proseslərdə rolu artsın. Eyni zamanda, demokratik düşərgənin, siyasi partiyaların da bir çox namizədləri var ki, onlar mənə müraciət ediblər, mən onların da kampaniyasında iştirak edirəm. Bilsəydim, bu seçki kampaniyasında bu qədər iştirak edəcəyəm, demək olar ki, hər gün hansısa tədbirlərə qatılacağam, bəlkə də namizədliyimi verməyə dəyərdi. (Gülür) Təbii ki, bu, zarafatdır. Əslinə qalsa, seçkilərə namizəd kimi qatılmamağımın ciddi səbəbləri var. Təəssüf ki, builki seçkilər Azərbaycanda vəziyyəti köklü dəyişmək üçün şərait yaratmır. Müxalifət düşərgəsi seçkilərə bütün siyasi partiyaları, ictimai qurumları, demokratik düşərgəni birləşdirib alternativ, vahid qüvvə kimi getmədi”.

Eldar Namazov deyir ki, bu ilki seçki kampaniyalarında iştirak etməklə həm də qarşıdakı prezident və parlament seçkilərində özü üçün təcrübə toplayır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG