Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:56

“KQB” zadəganları


Georgia -- KGB Cafe with Soviet Interior in TBilisi, Oct2009
Georgia -- KGB Cafe with Soviet Interior in TBilisi, Oct2009
Son on illiklərdə Federal Təhlükəsizlik Xidmətindən çıxanlar biznesdə mövqelərini əhəmiyyətli dərəcədə möhkəmlədiblər. Onlar dövlət torpaqlarını bölüşdürür, sahibkarlara «krışalıq» eləyir, «strateji əhəmiyyətli» şirkətlərə nəzarəti əllərinə alırlar. Rusiya jurnalistləri Andrey Soldatov və İrina Boroqan 2010-cu ildə bu haqda kitab yazıblar: «Yeni zadəganlıq: Rusiyada polis dövlətinin bərpası və KQB mirası». Kitab Böyük Britaniyada çap olunub, rus dilinə tərcümə edilməyib. «Forbes» jurnalı kitabdan bəzi parçaları çap edib.

EHTİYATDAKI ZABİTLƏR, İŞ BAŞINA!


Putinin gəlişi xüsusi xidmət orqanları veteranlarının bütöv bir nəslinə hakimiyyət eşelonuna qayıtmaq şansı verdi. Onlar universitetlərdə və telekanallarda, banklarda və nazirliklərdə yüksək mövqelər tutdular. Xüsusi xidmət orqanlarının yetirmələri mundirlərini işgüzar kostyumlarla əvəzləyib hakimiyyətin diqqətini yönəltdiyi bütün yerlərdə yerləşməyə başladılar, beləcə, yeni sahiblərinə sədaqət andı içənlər bəzən də gizlin şəkildə özlərinə işlədilər.

ÇEKİSTİN KÖHNƏSİ OLMUR


«Keçmiş çekist olmur” deyənlər yanılmırmış. Guya istefaya çıxmış xüsusi xidmət orqanlarının bir çox zabiti biznesə, kütləvi informasiya vasitələrinə və vətəndaş sektoruna agent kimi göndərildilər, amma onlar əvvəlki kimi FTX-yə tabeydilər. Bu məqsədlə xüsusi evfemizmdən istifadə olunurdu – fəaliyyətdə olan ehtiyat zabiti.

1998-ci ildən həmin zabitlərin - ezamiyyətdəki əməkdaşların aparatı da yaradıldı. Fəaliyyətdə olan ehtiyat agentlərin statusu dövlət sirri sayılır, bunu ifşa etmək qanunla qadağandır. FTX-nin bu məxfi zabitlər ordusu cəmiyyətdən gizlədilir. Onlar tamam məxfi işləyir, rəhbərliyə hesabatlar göndərir, yeni əməkdaşları «verbovat» edirlər. Bu sahədə nə qədər zabitin işlədiyini təxmin etmək çətindir, amma onların sayı yəqin ki, minlərlədir.

TELEKANAL RƏHBƏRİ TERROR ƏMƏLİYYATINA RƏHBƏRLİK EDİRMİŞ


2002-ci ildə general Aleksandr Zdanoviç (o hərbi əks kəşfiyyatda işləyib və FTX-nin rəsmi baş tarixçisi olub) Rusiya Dövlət Televiziya və Radio Şirkətinə baş direktorun müavini gəlir. Əvvəlcə Zdanoviçin şirkətin təhlükəsizliyinə cavabdeh olacağı deyilsə də, tezliklə məlum olur ki, onun səlahiyyətləri qat-qat böyükdür.

2002-ci ilin oktyabrında terrorçular «Nord-Ost» müziklinin tamaşası zamanı Dubrovkadakı teatrı ələ keçirəndə Zdanoviç jurnalistlərə hadisələri necə işıqlandırmaları barədə təlimat verirmiş.

Böhranın kəskin məqamında isə o rəsmən əməliyyat qrupuna daxil olur – beləcə o eyni anda, həm təhlükəsizlik, həm də xəbər xidmətində çalışırmış.
2004-cü ilin sentyabrında Beslandakı məktəb ələ keçiriləndəsə kitab müəllifləri Zdanoviçi həmlədən iki saat öncə şəhərin küçələrində görüblər. Generalı Beslana xüsusi xidmət orqanları çağırıbmış, o həmin vaxt da telekanalın rəsmi əməkdaşıydı.

MÜSƏLMANLARA KİM NƏZARƏT EDİRDİ


Fəaliyyətdəki ehtiyat zabitlərin heç də hamısı yüksək vəzifələrdə təmsil olunmayıblar. Onların çoxu məqsədyönlü şəkildə diqqət mərkəzində olmaqdan qaçıb, hətta müəyyən güc-ixtityar sahibi olsa belə. Misal üçün, Mixail. Onun əllidən artıq yaşı, asiyalı üz cizgiləri, sadə maneraları və adi bir kostyumu var. O kimə desən bənzəyir. Bircə FTX əməkdaşından başqa. Tatardır, gənclikdə ideoloji baxışlarına görə “KQB”-yə gedib.

Karyerasının əvvəlində o Özbəkistandakı islamçı hərəkata nəzarət edib. SSRİ dağlından sonra isə onu Moskvaya keçirdiblər, FTX-nin mərkəzi aparatına, onun ixtisaslaşdığı sahə terrorçuluqla mübarizə departamentinin karına gəlib. Birinci Çeçen müharibəsindən sonra onu Moskvaya qaytarıblar. 2000-ci illərin ortasında o polkovnik olur və fəaliyyətdə olan ehtiyat zabit kimi Moskva hökumətinə göndərilir, orda müsəlmanlarla bağlı siyasətə rəhbərlik edir. Meriyada işlədiyi dönəmdə etnik icmalarda agentləri “verbovat” edir, islamçı tendensiyaları müşahidə edir, informasiya toplayır və onu FTX-yə ötürür.

İŞ İKİ, MAAŞ BİR


“KQB”-dən miras qalmış qaydalara görə, fəaliyyətdə olan ehtiyat zabitlər bir yerdən maaş almalıdırlar. FTX-dəki maaş ezam olunduğu şirkətdəkindən çoxdursa, fərqi həll etmək agentin öz öhdəsinə buraxılırdı. Yox, əgər FTX-dəki maaş azdırsa, şirkətdən alınan maaşın artığını Xidmətə qaytarmaq lazım idi. Zabit bunu istəmirdisə (əksər hallarda belə də olurdu), ona FTX-dəki maaşından imtina təklif olunurdu.

Başqa şirkətə işləməyə gedəndə əməkdaşlar FTX-yə loyallıqlarını qoruyurdular. Amma fəaliyyətdə olan ehtiyatdakı zabitlər kapitalizmin vüsət aldığı zaman işlədikləri şirkətlərin maraqlarına daha artıq loyal münasibət bəsləməyə başladılar, nəinki doğma idarəyə. Bəzi hallarda şirkətə əsas başçıları kimi baxır, FTX-yə isə qiymətli informasiyalar və şəxsi əlaqələr mənbəyi kimi yanaşırdılar.
Böyük olmayan şirkətlərə göndərilən əməkdaşlar (onlar əsasən mayor və ya polkovnik olurdular) adətən FTX-yə loyallıqlarını qoruyur, maaşdan isə imtina etmirdilər. Onlar xüsusi xidmət orqanlarında karyeralarını davam etdirmək istəyirdilər. Əksinə ehtiyatdakı generalları iri şirkət və banklara göndərən kimi az vaxtda böyük miqdarda maaşın qabağında general maaşlarını unudurdular. Və təqaüd yaşında olan, karyerasını başa vurmuş generallar FTX-də biznesin hökmlü təmsilçilərinə çevrilirdilər.

GƏRGİNLİK ARTIR


Zabitlər nəsli arasındakı gərginliksə artırdı. Rütbəcə böyüklərin sıxışdırdığı gənc əməkdaşlar yuxarıların yaxşı vəziyyətini görəndə ümidsizliyə qapılırdılar.
Polkovnik və mayorlar generallara üstünlük yaradan bu siyasətdən şübhələnməyə başladılar.

FTX-nin bir polkovniki kitab müəlliflərinə bildirib:

“Başlıca problem iki maaşla bağlı köhnə maddədir. Məni tez-tez gizli işlərə göndərirdilər. Mən də qabaqca rəsmi işimi yerimə yetirməli, sonra isə FTX üçün işləməli, gecələr agentlərlə görüşməliydim. Bəs onda niyə ikinci maaşı verməkdən imtina edirdilər?”

TORPAQ SAHİBİ FTX


FTX çox böyük torpaq sahibiydi. Rublyovkadakı bağlar rəsmən dövlətə məxsus olsa da, xüsusi xidmət orqanları onlardan elə uzun müddətə istifadə edirdilər ki, faktiki özlərininki sayırdılar.

2006-cı ildə Dövlət Dumasının deputatı Viktor Alksnis öyrənir ki, 2003-2004-cü illərdə dövlət xüsusi şəxslərə Rublyevo-Uspenskiy şosesində 40 hektar torpaq verib – 80 sahə. Bu sahələrdən 38-i rəhbərliyin razılığı ilə FTX-nin maddi-təminat idarəsinin fondundan götürülübmüş.

SOTU 5 DOLLARA TORPAQ ALMAĞIN SXEMİ


Torpaq FTX-nin keçmiş və fəaliyyətdə olan yüksək rütbəlilərinə verilibmiş. Alksnisin sözlərinə görə, torpaq sadə sxem üzrə verilirmiş: sorğu məktubu, ona razılıq cavabı və sahibkar dəyişirmiş. Məsələn, iqtisadi təhlükəsizlik Xidməti rəisinin müavini Aleksandr Fyodrov bu cür edib. O rayon başçısının adına ərizə göndərib və ərizəyə FTX maddi-təminat idarəsinin rəisi Semyenenko adından torpağın ona verilməsi ilə bağlı xahişi də əlavə edib.

Sənədləri araşdırarkən kitab müəllifləri müəyyən ediblər ki, satılması mümkün olmayan, dövlət mülkiyyətində olan torpağı FTX-nin iqtisadi təhlükəsizlik Xidmətindən Aleksandr Fyodrov, sərhəd nəzarəti departamentinin rəisi Mixail Şkuruk, MDB-də Antiterror Mərkəzinin rəhbəri (bu vəzifə FTX direktorunun müavini vəzifəsinə bərabərdir) Mılnikov alıb. Özü də sotunu 5 dollara!

FTX ƏMƏKDAŞLARI AVROPA MƏHKƏMƏLƏRİNDƏ


Generallar elit rayonlarda pulsuz torpaq hədiyyə aldıqları bir vaxtda aşağı rütbəlilər arasında narazılıq artırdı. Maaşla bağlı yeni qaydaların tətbiqi zamanı isə gərginlik qaynar həddə çatdı. Yeni qaydalara görə, FTX-də inzibati işlərdə çalışanlar məxfi işləyənlərdən 2,2 dəfə çox maaş almalıydılar.

2008-ci ildə FTX zabitləri rəhbərliyi məhkəməyə verməyə başladılar. Onlar Rusiya qanunvericiliyinə uyğun mənzil və müavinətlər tələb edirdilər. Bunun cavabında FTX-də yüksək vəzifəliləri belə iddialardan qorumaq məqsədilə departament yaradıldı.

2008-ci ildəsə Xidmətin bir neçə zabiti Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib, onlar FTX-nin diskriminasiya siyasəti apardığını bildiriblər.
Bu işlə bağlı ilk hökm 2010-cu il yanvarın 14-də elan olundu, məhkəmə iddiaçıların tərəfində durdu.

FTX DİREKTORU VƏ YAXINLARI


FTX direktoru Nikolay Patruşevin oğlu Andrey “Rosneft” şirkətində direktorlar şurası sədrinin məsləhətçisidir. 2007-ci ildə prezident Putin 26 yaşlı Patruşevi “Vətən qarşısındakı xidmətlərinə görə” ordeni ilə təltif edib. Buna qədər o cəmi yeddi ay “Rosneft”də, üç ilsə FTX-nin iqtisadi təhlükəsizlik Xidmətində işləmişdi.

Elə eyni gündə Nikolay Patruşevin qardaşı Viktor (7 il “Meqafon” şirkətində işləyib) Dostluq ordeni alıb.

Qiymətli torpaq sahələri əldə edən, bahalı maşınlarda gəzən, dövlət mükafatları alan Rusiyanın yeni təhlükəsizlik xidmətinin əməkdaşları təkcə vətənə xidmət etmirlər, onlar həm də güc-ixtiyar sahibi oyunçular, kadr dəyişiklikləri ilə bağlı qərarlara təsir, dostlarını və qohumlarını hakimiyyətdə irəli aparmaq gücünə qadirdirlər.

Tərcümə etdi Şahnaz Bəylərqızı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG