Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:24

17-ci əsrdə Bakının neft quyularını gecə-gündüz əsgərlər qoruyurdu


“Bakının iqlimi xoşdur, amma suyu neft qoxuyur... İçərişəhərin darvazası Naxçıvan dəmirindəndir... Bakı camaatı çox sağlamdır. Burada əsasən sünnilər yaşayır...”

Bunu türk səyyahı, tarixçisi, etnoqrafı və şairi Övliya Çələbi özünün məşhur “Səyahətnamə”sində yazır.

17-ci əsrin ortalarında Qafqaza səyahət edərkən o, Naxçıvan, Bakı, Dərbənd, Qax və başqa şəhərlər də daxil olmaqla Azərbaycanı da gəzib.

Onun türkcə yazdığı 10 cildlik “Səyahətnamə”nin İrana və Qafqaza aid bölümləri ilk dəfə olaraq tam şəkildə Təbrizdən olan alim Həsən Cavadi və Willem Floor tərəfindən ingilis dilinə çevrilib.

Çələbi yazır ki, Bakı camaatı şam əvəzinə lampada neft yandırır. O, Bakı sahilindəki neft quyularını belə təsvir edir:

Neft “Allahın əmri ilə” bulaq kimi yerin səthinə çıxır və “qaymaq kimi suyun üzündə qalır”. Nefi bu kiçik gölməçələrdən - keçi dərisindən düzəldilən tuluqlara doldururlar.

Bakı xanı üçün bu, böyük gəlir mənbəyidir.

Şəhərə Çindən, Rusiyadan və başqa yerlərdən gələn tacirlər öz mallarını satıb əvəzində Bakıdan duz, ipək, neft alıb aparırlar. Neft çox mühüm xammaldır.

Bundan başqa neft Gürcüstan, Kürdistan, Monqolustan, Osmanlı İmperiyası və başqa yerlərə də ixrac edilir.

Neftin 7-8 növü var. O həm də şəhərin müdafiəsi zamanı yandırıcı silah kimi istifadə edilir.

Neft quyularını səhər-axşam əsgərlər qoruyur, “çünki əgər alışsalar, əbədi yanacaqlar”.

Buna görə neft quyularının qıraqlarında qum təpələri yaradılıb ki, bundan yanğınsöndürən vasitə kimi istifadə edilsin...

Əsərin tərcüməçilərindən biri Həsən Cavadi Kembric Universitetində ingilis dili üzrə doktorluq dərəcəsi alıb.

Həm də tərcüməçilik fəaliyyəti ilə məşğul olan H.Cavadi Mirzə Fətəli Axundovun bəzi əsərlərini də ingilis dilinə çevirib.

Willem Floor və Həsən Cavadi həmçinin Azərbaycan şairi, filosofu və tarxiçisi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərini ingiliscəyə çeviriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG