Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:06

Əli Kərimlidən İlham Əliyevə ittiham


Görüş-mitinqə Əli Kərimli İsa Qəmbərlə birgə daxil oldu

Görüş-mitinqə Əli Kərimli İsa Qəmbərlə birgə daxil oldu

Oktyabrın 31-də Bakının “Yeni Günəşli” yaşayış massivində “AXCP-Müsavat” seçki blokunun bu dairədən vahid namizədi Əli Kərimlinin seçicilərlə görüş-mitinqi keçirildi.

Əli Kərimlinin şəkli olan plakatlar, AXCP-nin və Azərbaycanın bayraqları gah artan, gah da azalan küləyə zorla tab gətirirdi. Plakatları daha çox uşaqlar, yeniyetmələr tutmuşdular. Əli Kərimli hələ gəlib çıxmasa da, uşaqlar elə hey bir ağızdan “Əli bəy, Əli bəy!” qışqırırdılar. 12-13 yaşlı Bəxtiyar da bu hay-küyün içində səsi eşidilsin deyə, mobil telefonuna cığırırdı:

MİTİNQDƏYƏM

- Hə, nə deyirsən? Mən mitinqdəyəm.

Yaxınlıqdakı bir kişi onun sözünü düzəltdi.

- Mitinqdə yox, görüşdə.

- Görüşdəyəm. Əli Kərimli gələcək. Yaxşı da, evə tez gələcəm.

Yaxınlaşıb tanış olandan sonra soruşuram ki, bəs valideynləri niyə gəlməyib?

- Mən nə bilim? – deyib təəccüblə üzümə baxır, sonra da qonşu uşaqlarına qarışır.

Az sonra bu tərəflərdə “Ana-uşaq” heykəli kimi tanınan parkda düzənlənən görüş-mitinqə Əli Kərimli Müsavat Partiyasının başqanı İsa Qəmbərlə birgə daxil oldu. Onların şəninə səslənən şüarların içində yüksəkdən eşidilməsə də, bir səs qarışdı. Bu səs burda yazılması mümkün olmayan ifadələr işlədirdi. Yaxınlaşıb onun kimliyi ilə maraqlandım. Elmira Quliyeva seçicidir, “D” massivində yaşayır. Narazılığının səbəbini soruşdum:

ƏVVƏLKİ DEPUTATI TANIMIRAM

- Nə pensiya qaldırırlar, guya bunlar kömək eləyəcək?

- Kim qaldırmalıdır pensiyanı?


- Hökumət qaldırmalıdır.

- Bəs burdakılar kimdir?


Əli Kərimli mitinq-görüşdə çıxış edir - 31 oktyabr 2010
- Elə bunlar da onlardandır. Uşağım bax...resept əlimdə qalıb. Bayaqdan burda neçə adama yalvarıram, 20 manat istəyirəm ki, dərman alım. Burda polis maşını vurub.

- Əvvəlki deputatınız kimdir?


- Tanımıram.

- Bura gələnlərin kim olduğunu bilirsizmi?


- Əli Kərimlidir.

- Kimdir Əli Kərimli?

- Deyə bilmirəm ey...Amma mənim problemimi niyə həll eləmir?

- Başqa namizədlərin də görüşünə getmisiniz?

- Getmişəm. Biri mənə 20 manat pul verib. Neyniyirəm 20 manatı? Şəxsən bir kişi mənə şəkil verib (danışa-danışa çantasından buklet çıxardır), tanımıram da kimdir. Kimdir bax, mənə lazımdı bu?

Bukletə baxıram. Son parlamentin deputatı olmuş Əhəd Abıyevin bukletidir. Özünə qaytarıram. Əlimdən almır:

- İstəmirəm, şəkli neyniyirəm?

- Axı mənə də lazım deyil, bu dairənin seçicisi deyiləm.

Bayaqdan bizim söhbətimizə qulaq verən uşaq qadının şəklə yaxın durmadığını görüb “verin mənə” dedi.

Sonra ikimiz də artıq başlayan çıxışlara diqqət kəsildik.

BƏS BU POPULİZM DEYİL?

Mitinq-görüş “Yeni Günəşli” yaşayış massivində keçirildi
Mitinqin aparıcısı dedi ki, İsa Qəmbər-Əli Kərimli ittifaqı son illərin ən böyük uğurdur, müxalifətin birləşməsidir.

Çıxışına “soyuq havaya baxmayaraq görüşə gələnləri” salamlamaqla başlayan İsa Qəmbər dedi ki, buranın adı “Günəşli”dir, amma onun sözlərinə görə, bu gün bir o qədər günəşli deyil, bunun da günahkarı bugünkü iqtidardır:

- Biz deyirik ki, bir neçə günlük neft gəlirləri ilə pensiyanı, sosial müavinətləri, maaşları qaldıra bilərik, deyirlər populizmdir. Bəs necə olur, onlar özlərinə Dubayda mülklər alanda, Sakit okeanda, Hind okeanında özlərinə ada alanda, İngiltərədə qəsrlər alanda bu populizm olmur?

İsa Qəmbərin sözlərinə görə, əgər bu dəfə də seçkilər saxtalaşdırılsa, bu, hakimiyyətin özünə baha başa gələcək. O deyir ki, Suraxanı seçicilərinin bəxti gətirib ki, onların Əli Kərimli kimi namizədi var. İsa Qəmbər Əli Kərimlini 20 ildir ki tanımasından, gənc yaşlarında onun yüksək dövlət postu tutmasından, sonralar isə vətəndaşların hüquqları uğrunda mübarizə aparmasından danışdı.

“İLHAM ƏLİYEV ƏSGƏRİ BORCUNU YERİNƏ YETİRMƏYİB”

Tələbə ikən Qarabağ müharibəsində döyüşə getdiyini xatırladan Əli Kərimli prezident İlham Əliyevi həmin vaxtlar “qorxusundan Azərbaycana gəlməməkdə” ittiham etdi:

- Nəinki Qarabağda döyüşüb, o, heç əsgəri borcunu da yerinə yetirməyib. Vətəndaşlar əsgəri borcunu yerinə yetirməyən birinin onlara ali baş komandan olmasını istəməzlər.

Əli Kərimliin çıxışının bu yerində “İstefa!” şüarları səsləndi.

Görüşə gecikmələrinə aydınlıq gətirən Əli Kərimli dedi ki, onlar blokun digər vahid namizədi Tofiq Yaqublunun seçicilərlə görüşünə qatılmışdılar. Deputatlığa namizəd təkcə bir dairə üçün çalışmadıqlarını söyləyib, seçiciləri digər dairələrdə də blokun vahid namizədlərinə səs verməyə çağırdı:

Görüş dağılanda kiçik bir insident baş verdi
“Bizim dəstəklədiyimiz namizədlərə səs verməklə öz etirazınızı hakimiyyətə bildirin”.

Əli Kərimlinin çıxışından sonra yekunlaşan görüş dağılanda kiçik bir insident baş verdi. Kimliyi bilinməyən bir kişinin namizədlərin ünvanına söyüş söyməsi ordakı adamların etirazına səbəb oldu. Ancaq mübahisəni dərinləşdirməyib, həmin adamı mitinqdə asayişi mühafizə edən polisə təhvil verdilər.

“SƏRKƏRDƏ İLHAM ƏLİYEVİN ORDUSU HƏLƏ DÖYÜŞMƏYİB”

İlham Əliyevin əsgəri xidmətə getmədiyi halda ali baş komandan olması ilə bağlı Əli Kərimlinin fikirlərinə etiraz edən Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc deyir ki, bu, həm siyasi, həm də tarixi nöqteyi-nəzərdən səhv arqumentdir. Onun fikrincə, İlham Əliyev ali baş komandan kimi özünü ordu quruculuğunda sübut edib:

“Əli Kərimlinin dövlət katibi olduğu dönəmdə ordu yalnız sözdə idi, pərakəndə bir ordu vardı. Cənab İlham Əliyevin, sərkərdə İlham Əliyevin ordusu hələ döyüşməyib, döyüşəcək və qələbə qazanacaq. Onda Əli Kərimli hansı arqumenti deyəcək, yoxsa buna sevinəcəkmi?”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG