Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:00
Əzizbaba Fətullayev AzadlıqRadiosuna aclığa başladığını bildirib. O, Şamaxıda baş verən qanun pozuntularına etiraz əlaməti olaraq aclığa başladığını deyir.

55 yaşlı Əzizbaba Fətullayev Milli Elmlər Akademiyasının Dayaq məntəqəsinin direktorudur və onun oğlu Vəfalı Fətullayevin 85 saylı Şamaxı Seçki Dairəsində namizədliyi qeydə alınıb. Əzizbaba Fətullayev iddia edir ki, yerli icra hakimiyyəti, Dairə Seçki Komissiyası tərəfindən onun oğlunun hüquqları pozulur, yaxın qohumlarına hədə-qorxu gəlinir:

“BU ÖLKƏDƏ HÜQUQLARI QORUMAQ MÜMKÜN DEYİL”


“Yerli icra hakimiyyəti Milli Elmlər Akademiyasının 30 hektar torpaq sahəsini qanunsuz zəbt edib. Məhkəmə müxtəlif bəhanələrlə yubadılır. İndi də deputatlığa namizəd olan oğlumun hər addımbaşı hüququnu pozurlar. Artıq bu ölkədə hüquqları qorumaq mümkün deyil. Ona görə də bütün bunlara etiraz edərək mən aclıq aksiyasına başlamışam”.

Əzizbaba Fətullayev Şamaxıda bütün namizədlərə hüquq çərçivəsində bərabər şərait yaradılması və Milli Elmlər Akademiyasının zəbt olunmuş torpaqlarının geri qaytarılması tələbi ilə aclıq aksiyasını sona kimi davam etdirəcəyini deyir.

Vəfalı Fətullayev isə bildirir ki, yerli icra hakimiyyəti, bələdiyyələr onun seçicilərlə görüşməsinə maneçilik törədir:

“MƏNİM GÖRÜŞÜMƏ MÜXTƏLİF YOLLARLA ƏNGƏL OLURLAR”

“Oktyabrın 15-də DSK mənim namizədliyimi qeyri-qanuni ləğv elədi. Guya ki, mən oktyabrın 8-də tanımadığım digər bir namizəd Elxan Süleymanovun xeyrinə öz namizədliyimi geri götürmüşəm. Mən bununla bağlı MSK-ya şikayət etdim və şikayətim oktyabrın 22-də təmin olunaraq, namizədliyim yenidən bərpa olundu. Həmin vaxtdan yerli icra hakimiyyəti, bələdiyyə nümayəndələri mənim görüşümə müxtəlif yollarla əngəl olurlar. Digər namizəd Elxan Süleymanovun görüşünü isə əksinə təşkil edirlər”.

İCRA BAŞÇISI İDDİALARI ƏSASSIZ SAYIR

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov isə bütün səslənən iddiaları əsassız sayır:

“Milli Elmlər Akademiyasının torpağının zəbt olunub-olunmaması məsələsi məhkəmədə araşdırılır. O ki qaldı seçkilərə, yerli icra hakimiyyəti heç bir namizədin görüşünə nə maneçilik, nə də təşkilatçılıq edir. Seçicilərlə görüş üçün qanuna uyğun olaraq yerli icra hakimiyyətinin sərəncamı ilə həm şəhərdə, həm də kəndlərdə görüş yerləri ayrılıb. Bütün namizədlər eləcə də Vəfalı Fətullayev özü bir neçə dəfə görüşlərini keçirib”.

85 saylı Şamaxı Seçki Dairəsinin sədri Vahid Xanəliyev isə Vəfalı Fətullayevi görüş qrafiki barədə DSK-ya heç bir məlumat vermədən qanunsuz görüşlər keçirməkdə qınayır:

BÜTÜN TƏLƏBLƏR ƏSASSIZDIR

“O, seçicilərlə görüşünə dair bir dənə də qrafik bizə təqdim etmədən qanunsuz görüşlər keçirir. Biz yenə də onun qanunsuz görüşlərinə müdaxilə etmirik. Namizədin atasının bütün tələbləri əsassızdır. Şamaxıda bütün namizədlər üçün bərabər şərait yaradılır. Elxan Süleymanov öz seçiciləri ilə görüşlərini keçirir, o cümlədən də bitərəf digər partiyaların namizədləri də öz görüşlərini keçirir”.

85 saylı Şamaxı Seçki Dairəsində 6 nəfər (4 bitərəf, 1 YAP, 1 AXCP-Müsavat bloku) namizədliyini irəli sürüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG