Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:56
"Ədəbi həftə”nin baş yazarından daha bir publisistik qeydləri Kultaz oxucularının diqqətinə çatdırıram.

Ötən ay ədəbi həyatda həftəlik izlədiklərimizin fövqündə elə bir fərqli notda nələrsə baş vermədi; bunu ədəbiyyatdan hər ay, hər gün gözləmək də olmaz.

Bugün hansısa ədibin, yazıçının, qələm əhlinin yazı masasının arxasında yazdıqları bizə bəlli deyil də, bir neçə ay sonra, il sonra, bir neçə ilə hadisəyə çevrilə, günün ədəbiyyatını təqdim edə bilər.

Odur ki, qəzetçilərə səbrlə ədəbi gedişatı izləmək qalır.

İnternet portallardan yenə də ilk öncə Azadlıq radiosu bu sahədə çabalarını davam etdirməkdədir.

Oxuculara ardıcıl təqdim elədiyi şeir, hekayə, digər bədii ədəbiyyat sırasından ədəbi prosesə bəlli olanları da var, təzələri də, ciddi nümunələr də var, səthi, ədəbiyyatətrafı təzahürlər də.

Virtual aləmin xasiyyəti budur; o, zamanın axarını və axırını daim fiksə eləməyə çalışır.

Başlıca işin analitikaya, publisistika və tənqidin ümidinə buraxılması, zənnimizcə, doğru və səmərəlidir.

Analitikaya hacəti olan məqamlardan birisi oxucu problemidir. Əsrin sürət istiqaməti belədir ki, əgər bir on il əvvəl təzəcə gəlişən Azərbaycan interneti ədəbiyyat oxucusunun azlığından şikayətlənirdisə (bu sıradan “YeniSi nədir”, nəmənədir deyə neçə-neçə təbliği yazımı xatırlayıram), indi əksinə narazılıq ədəbi mətbuata yönəlib.

Ötən ay saytda “Əkrəm Əylisli “Ulduz” jurnalını “yıxıb-sürüdü” – adlandırılmış qeydlər, doğrusu, sensasiya havası ilə məni çaşdırdı.

Ə.Əylisli jurnalı sadəcə keyfiyyət baxımından ittiham edirdi:

“«Ulduz» jurnalı siması olmayan, Azərbaycan ədəbiyyatının içindən danışmayan, Azərbaycan mənəviyyatının enerjisinin bir zərrəsini belə daşımayan belə bir orqandır.

Ondansa “Alatoran” yaxşıdır…”
; həm də ağrılıdır ki, heç də sabah perspektivləri müstəvisindən deyil, dünən yüksəkliyindən ittiham edir:

“Mən deyə bilmərəm ki, «Ulduz» jurnalına bir istedadlı əsər gəlsə, onu çap etməyəcək. Amma əgər jurnal öz görünməmiş kimliyini təsdiqləyə bilmirsə, bu heç nəyi həll etməyəcək.

Yaşım 70-i keçib, AYB-nin içində sovet dövrü gördüklərimin hamısının daha eybəcər şəkildə yenidən təkrar edildiyini, bərpa olunduğunu görürəm. 60-cı illərdə – Yusif Səmədoğlunun, Cabir Novruzun vaxtında «Ulduz» jurnalı bundan qat-qat ədəbi, vicdanlı və cəsarətli idi”…

Geniş sitatlara getmək fikrimiz yox, həm də elə ona görə ki, indi ədəbi saytların oxucu payı qəzetəçilərdən qat-qat çoxdur. Amma yazıda diqqətimi çəkən bir məqam da özlüyündə maraqlıdır.

Vaxtilə (on il öncə) əgər ədəbi dairələrdə həcm etibarilə ən çox tənqidlər yenicə yaranmış “Alatoran”a yönəlmişdisə, dövranın çərxi indi dönmüşdür: “Bu gün «Alatoran» jurnalında, Azadlıq Radiosunun «Oxu zalı»nda, bizim təmsil etdiyimiz «Kultaz» dərgisində bir interaktivlik var.

Ən azı, yazıların oxunmasının və ona reaksiyanın səviyyəsini bilmək olur. Amma «Ulduz» jurnalı və AYB-nin digər orqanlarında, nəşrlərində bu məsələ böyük bir problem olaraq qalır.

Müəllif də görəndə ki, az da olsa qanorar verən «Ulduz» jurnalında dərc olunan yazısı heç bir reaksiya doğurmadı, heç kim oxumadı, üz tutur «Alatoran»a, «Kultaz»a, «Oxu zalı»na. Halbuki, biz müəllifə qonorar vermirik”
(Zahir Əzəmət).

Müzakirədə “Azərbaycan” jurnalının zirvə çağlarını təmsil edən Ə.Əylislinin, “Alatoran”ın baş redaktoru R.Qaracanın və Kultazın yaradıcısı Zahir Əzəmətin konkret halda tək qalmış “Ulduz”un məsul katibi Qulu Ağsəsə basqılarında sanki bir revanşızm, acıqçıxma havası duyulurdu.

“Biz qapıları açırıq, normal demokratik şərait yaradırıq, ən yaxşılar gəlib bizi tapırlar. Və təsadüfi deyil ki, ədəbi proses hazırda «Alatoran» jurnalının ətrafındadır…” (R.Qaraca)

Problem isə başqadır, oxucu keyfiyyəti məsələsidir. Əslində, bəli, nə statistikasını aparan var, nə də sosioloji sorğu, axtarsan, “Ulduz”un illik 12 sayının oxucusu ildə bir dəfə çıxan “Alatoran”la tən gələr; təşkilati məsələləri qatmasan (zira bu məqam bütün söhbətlərdən keçir), konkret halda problem oxucu keyfiyyəti məsələsindədir.

Ölkədə nə qədər çox ədəbi mətbuat, ədəbi portallar olsa, oxucu keyfiyyətinin yaxşılaşmasına doğrudur.

Və əksinə, nə qədər çox ədəbiyyat oxucusu olsa ədəbi tribunalara da bir o qədər tələbat olar… Bu məqam hər bir konkret halda nala-mıxa vurmadan analitika istəyir. Ədəbi proses həmişə bu və ya digər tendensiyanın, nəşrin, layihələrin ətrafında deyil, ümumən yaranan ədəbiyyatın ətrafında cərəyan edir.

Əgər dünən bu, radikal və R.Qaracanın qeyd etdiyi tək, “prinsipial” “Alatoran”ın ətrafında idisə, “Kultaz” gəldi, loyallığı, genişliyi, və ədəbi təmənnasızlığı ilə xeyli qədər prosesi “Alatoran”dan aldı (zira nəfəs genişliyinə malik Ədəbiyyatı qəliblərə, bu və ya digər “prinsiplər”ə tabe tutmaq çətindir).

İndi isə Azadlıq radiosu xeyli qədər mürəkkəb proseslərə analitika elementləri qatmağa, onu təhlil süzgəcindən keçirmək yoluna cəhd edir…

Günün tendensiyası budur ki: gündəmdə əgər oxucu problemi durursa, hər bir ədəbiyyat orqanı bura az, ya çox öz keyfiyyət payını gətirməli, keçid dövrünün boşluqlarına, ucuz tendensiyalara bir daha qayıtmaq imkanı vermədən əsl ədəbiyyat oxucularına hesablanmalıdır.

Analitika da elə bu yerdə lazımdır!

Boş vaxt tapıb ölkədə çıxan 20-yə qədər qəzeti vərəqlədim; ədəbiyyata yer ayıran üçcə qəzet tapdım, təbii ki, həftəlik: “525-ci qəzet”, “Kaspi”, bir də bizim qəzetimiz.

Bəlkə ona görə ki, balaca bir ölkə üçün bircə “Ədəbiyyat qəzeti” bəsdir? Yanlış yanaşmadır; təcrübə də göstərir ki, Ədəbiyyat total maraqlardan kənarda azaddır; bu azadlıq həm də elə cəmiyyəti Ədəbiyyatmərkəzçilikdən xilas edir.

Qoy oxucu ona daha maraqlı Ədəbiyyat ünvanlarına üz tutsun…

Ardıcıl isləyib, doğrudan da, hökm vermək olur: ölkədə daha bir Ədəbiyyat carçısı irəli gəlib; “Biz imzaları yox, əsərləri dərc edirik” devizi ilə fəaliyyət göstərən “Kaspi”nin Ədəbiyyat əlavəsini nəzərdə tuturam.

Bir neçə ay ərzində qəzet devizinə daha da çox yiyə durmaqdadır. Hər sayda oxumalı ədəbiyyat var; üstəlik bu ədəbiyyatın arxasından imzalar da görünür (məsələn, Natiq Məmmədli, Cavid Zeynallı, Oqtay Qorçu, Fərid Hüseyn, Oqtay Fateh…).

Eyni yazıları Kultazda da izləmək heç də qəbahət deyil; mətbu və virtual məkanların bu cür ədəbiyyat mübadiləsi hazırkı halda vahid keyfiyyət cəbhəsi yaratmağın yalnız xeyrinədir.

75 yaşlı “Ədəbiyyat qəzeti” o nəşrlərdəndir ki, mövqeyinə-sözünə xilaf çıxsa, bilmərrə gərək fəaliyyətini dayandırsın. “80-ci illərdən bu yana «Ədəbiyyat» qəzeti, AYB-nin digər orqanlarında ildən-ilə təkrarlanan, dərc olunan imzalar var ki, onları tanıyırsan, amma içində bir qığılcım görmürsən” (R.Qaraca).

75 vurğusunu mən yox, son saylarında qəzet özü vurğulayır; qınamalı da da deyil: qəzetin hər sayında ömrü ədəbiyyatda keçmişlərin yubileyləri növbə gözləyir.

Deyək, ümummilli bayram – ölkədə Üzeyir Hacıbəylinin 125 illik yubiley təntənələri oldu və “Ədəbiyyat qəzeti” bunu özünəxas şəkildə öz 75 illik tarixindən dahi bəstəkar və ədib haqqında dərc olunmuş məqalələr, xatirələr, sitatların təkrarı ilə qutladı.

Bu qəzetdə çalışdığım vaxtların təcrübəsindən bilirəm, böyük yubileylərdə “Ədəbiyyat qəzeti” yubilyarın parlaq xatirəsinə toxunar deyə, bacardıqca bugünü səhifələrinə buraxmamağa çalışır. Odur ki, 75 rəqəmi artıq bir ildir ki, qəzeti əməlli-başlı əsirinə çevirib…

Oxucu problemi bu gün bütün ədəbi mətbuatın ümumi mənafeyinə toxunan nöqtədir; gündəmə çıxmışsa, çözümü də birgə səylər istəyir.

21.10.2010
www.kultaz.com

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG