Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:46

Yanan bazarın sərgüzəştləri...


«Xahişimiz odur ki, prezident bizə kömək etsin»

«ŞAD XƏBƏR YOXDUR»


Prezident Administrasiyasının qəbul otağından çıxanları görəndə hamı irəli yeridi. Hətta cavanlardan yüyürən də oldu. Ümid dolu baxışlar qəbuldan çıxanların ağzına dikilmişdi. Dörd bir yandan yağan «nə dedilər» sualına belə cavab verildi:

«Şad xəbər yoxdur!».

«8-ci kilometr bazarı»nın bir hissəsi yanandan bəri, bazar əhli iki yerə bölünüb. Bir qismi bazarda yır-yığış edir, nəyisə kül altından xilas etməyə çalışırsa və bazar sahibinin qərarını gözləyirsə, digər qismi də rəsmilərin qapılarını döyür. Son iki gündə onlar Nizami rayon İcra Hakimiyyətində, Dövlət Əmlak Komitəsində, Prezident Administrasiyasında olublar. Amma hələ ki ümidverici söz eşitməyiblər.

«PREZİDENT APARATINDA DEDİLƏR Kİ, AVROPA MƏHKƏMƏSİNƏ GEDƏ BİLƏRSİZ»

Prezident Administrasiyasında qəbulda olan Ədalət Novruzov içəridəki söhbəti yoldaşlarına belə nəql edir:

«Ona sual verdim ki, ya vəlvələdən, ya zəlzələdən bazar yanıb, bəs nə vaxt tikiləcək. Deyir ki, sizə heç demirəm bazar tikiləcək ya yox. Hələ gərək araşdırılsın, nədən yanıb, niyə yanıb. Təzminat haqda da dedilər ki, heç nə deyə bilmərik. Məhkəmə qərarı olmalıdır, vəkil tutmalısız, vəkil onu araşdırmalıdır, Avropa Məhkəməsinə qədər gedin...Mən bir-iki il məhkəmələrdə sürünüm, ondan sonra da təzminat ödənəcək, ödənməyəcək bilinmir. Konkret bizə heç bir vəd
Yanmış ərazidəsə təmizlik işlər aparılır
vermədilər».

«UŞAĞIMI GİROV GÖTÜRƏRLƏR, ÖZÜMÜ GİROV GÖTÜRƏRLƏR…»

Bazarda işləyənlərin başlıca tələbi təzminatın ödənməsidir. İkincisi, imkan düşərsə, bankların onlara verdikləri kreditləri dondurmasıdır. Yaşı 70-i ötmüş Yadigar Həsənov:

«Xahişimiz odur ki, prezident bizə kömək etsin. Cinayətkar məsuliyyətə cəlb olunsun. Bizə dəyən ziyan da ödənilsin. Bu bazarı tikir-tikmir neynirəm. Bu camaatın hamısı borc içindədir. Bankdan kredit götürüb, topdansatış məntəqələrindən nisyə mal götürüblər. Sabah borc yiyəsi borcunu istəyəndə, o da verməyəndə bıçağı götürüb qarnına soxacaq ki, ver mənim haqqımı, malımı ver. Yoxdu axı nəynən verim? Mən də bundan qorxuram, uşağımı girov götürərlər, özümü girov götürərlər...».

«MANİKENLƏRİ SOYUNDURMUŞDULAR»

Bir hissəsi yanmış «8-ci kilometr bazarı»na da baş çəkdik. Bazarın başqa bir hissəsində şıdırğı alver gedir. Yanmış ərazidəsə təmizlik işlər aparılır. Hər kəsin necə deyərlər, hisə-pasa batmış pal-paltarı, əlləri kimi qanı da qaradır:

- Adını qoyublar ki, yandı, yanmadı, yandırıldı. Özləri. Yerə barıtlar tökülmüşdü. Dairəvi yanırdı, girmək olmurdu.
- Bazar yananda ora girdim, gördüm ki, qapılar açıqdı, jalüzlər qaldırılıb, manikenlər soyundurulub, bazar boşaldılmışdı...Hüquqlarımız tapdanıb. Qaçqın adamıq. Camaatın bu dəqiqə 99 faizi banklara borcludur. Bank evinə zəng vurur ki, borcu ver.

«Birdəfəlik bazarın təminatı olsun, bizə təminat versinlər ki, bazar yanmayacaq»
- Bu bazarı bir etibarlı adama versinlər. Necə olur ki, bu bazar üç dəfə yanır, heç kim tutulmur, heç kim mühakimə olunmur?...

«SIĞORTA ŞİRKƏTİNİ BAZARA BURAXMIRLAR»


Söhbətləşdiyimiz sahibkarlar deyirlər ki, burda beş min, on min manat ziyana düşən də var. Yüz min, hətta yarım milyon, bir milyon manat zərər çəkən də. Amma heç kimin də malı sığortalanmayıb. Bunu da onunla izah edirlər ki, rəhbərlik sığorta şirkətlərini bazara buraxmır. Amma bu gün öyrəniblər ki, bazar özü sığorta altındadır. Bazar rəhbərliyi isə bunu onlardan gizlədirmiş:

- Birdəfəlik bazarın təminatı olsun, bizə təminat versinlər ki, bazar yanmayacaq. Qorxu içindəyik. Bazar Əmlak Komitəsinə keçsə yaxşı olar...

Bazarın direktoru ilə görüşməyə çalışdıq. Mühafizəçilər içəri girməyə qoymadılar. Gah dedilər ki, içəridə istintaq gedir. «Nə olar, müstəntiqlə danışarıq» dedik. Bu dəfə də cavab verdilər ki, içəridə ümumiyyətlə heç kim yoxdur. Yanğınla bağlı yaradılmış qərargaha girmək istədik. Yenə qabağımızı mühafizəçilər kədi:

«İcazə yoxdur!».

Təxminən bir saat bazar direktorunun otağı və qərargahı qarşısında gözləsək də, bir rəsmi ilə danışa bilmədik. Bir onu öyrəndik ki, bazar rəhbərliyi iki aya yanmış hissənin tam təmirinə söz verib. Hərçənd yanğından bir neçə gün ötsə də, təmizlik işləri çox zəif gedir. Bu işlə iki-üç fəhlə, bir də dükan sahibləri özləri məşğuldur.

Vahid Əhmədov
Parlamentin İqtisadi-Siyasət Komitəsinin keçmiş üzvü Vahid Əhmədov isə deyir ki, əgər bazarda işləyənlərin dediyi kimi, dükanların sığortasına icazə verilməyibsə, bu böyük qəbahətdir:

«Əsas baxmaq lazımdır ki, mülkiyyət kimdədir. Əmlak Komitəsindədir, yoxsa sahibkardadır. Əgər sahibkardadırsa, o camaatın malını da ödəməlidir, dükanını da təmir etməlidir. Sahibkar birbaşa məsuliyyət daşıyır. Yəni, yer verib, pul yığırsa, amma malı sığorta etdirmirsə, məsuliyyət daşıyır...».

Bazar rəhbərliyi danışmaq istəməsə də, hər halda bu məsələdə kimin məsuliyyət daşıdığını istintaq orqanları müəyyən etməlidir.

İndidən bilinən odur ki, həm Nizami Rayon İcra Hakimiyyəti, həm də Dövlət Əmlak Komitəsi bazarın yaxın aylarda təmir ediləcəyi ilə bağlı vədlər verib. Ancaq hələ ki, təzminatdan danışan yoxdur.

«ÜMİDİMİZ MEHRİBAN ƏLİYEVAYADIR»


Malı-mülkü külə dönənlərinsə ümidləri hələ də közərir deyəsən. Bazar ertəsi Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın qəbuluna gedəcəklər:

«Bizə təzminat ödənməsə, aclıq aksiyasına başlayacağıq. Ümidimiz Mehriban xanımadır. Bizə yardım etsin...».

Şərhləri göstər

XS
SM
MD
LG