Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:38

Mollalığa namizədlərin attestasiyası necə keçdi?


Nəsib Əliyev
Mollalığa namizədlər ilk olaraq Azərbaycanın cənub bölgəsində imtahana çəkildilər. Qafqaz Müsəlmanları İdarəsinin axundlarından təşkil olunmuş komissiya 250-dən çox bölgə mollasını iki həftə ərzində bir-bir imtahana çəkib.

İmtahanlar oktyabrın 28-də başa çatıb. İmtahandan uğurla çıxdığını bildirən Nəsib Əliyevin sözlərinə görə, onlara dinlə, şəriətlə, Yasin oxumaqla, dəfn mərasimləri, ölü duası ilə bağlı müxtəlif suallar veriblər:

“Birinci növbədə Quranın oxunması idi. Dinlə bağlı müxtəlif suallar var idi. Kəbin necə kəsilməlidir, meyit namazı necə qılınmalıdır, ümumilikdə, şəriətə dair suallar verilirdi. İmtahan kameralarla çəkilirdi”.

MOLLALARIN YASİN SURƏSİNİ NECƏ AVAZLA OXUMALARI DA İMTAHAN OLUNUB

Mollaların bilik və bacarıq yarışmasında onların Yasin surəsini necə avazla oxumalarını da yoxlayıblar. Nəsib Əliyevin dediyinə görə, onun Yasin surəsini avazla oxuması imtahan götürənlərin çox xoşuna gəlib.

“ATTESTASİYA SAVADSIZLARLA SAVADLILARIN ƏVƏZLƏNMƏSİDİR”

Mollaları imtahana çəkən komissiya əməkdaşlarından biri, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Faiz Nağızadəyə görə, mollaların attestasiyası savadlılarla savadsızların yerdəyişməsinə xidmət edir. Şura üzvü bildirir ki, vaxtilə bəzi ucqar kəndlərə necə gəldi, savadı oldu-olmadı mollalar təyin olunmuşdu. Amma indi xeyli ali təhsilli axund və mollanın olduğunu deyən Hacı Faiz Nağızadə hesab edir ki, həmin şəxsləri üzə çıxarmaq, savadsız mollaları savadlılarla əvəzləmək vaxtıdır.

Nəriman Qasımoğlu
Hacı Faiz Nağızadə bildirir ki, bununla da imtahandan keçməyən mollalar mərasimlərə buraxılmayacaqlar.

İmtahandan keçməyən vəsiqəsiz mollaların mərasimlərə getməsinin qarşısının necə alınacağına gəlincə, Hacı Faiz Nağızadə deyir ki, hər halda həmin şəxslərlə də bağlı müəyyən addımlar atılacaq:

“Bunlar sonrakı işlərdir, sonradan məsləhətləşmələr olacaq, hər halda onlarla bağlı da bir qərar qəbul olunacaq”.

“HƏR OXUYAN MOLLA PƏNAH OLMAZ”

Dinşünas alim Nəriman Qasımoğlu mollaların attestasiyasını müsbət qarşılayır. Amma deyir ki, attestasiya komissiyasında təmsil olunmadığı üçün mollaların necə təlimatlandırılmasından xəbərsizdir. Onun sözlərinə görə, komissiyada təmsil olunsaydı, sorğu-suala tutulan mollalara tövsiyə edərdi ki, dinin mahiyyətini təhrif eləməsinlər, dinin mahiyyətinə uyğun olmayan məsələlər onların mərasimlərdəki təbliğatlarında yer almasın:

“Vaxtilə molla sözü savadlı, yazmağı, oxumağı bilən, dünyadan məlumatlı adamlara deyilirdi, bildirilirdi ki, “Hər oxuyan Molla Pənah olmaz”. Amma indi molla sözü savadsız sözü ilə assosiasiya olunur. İndi vaxtıdır ki, həmin sözü öz mahiyyətinə qaytarasan”.

Nəriman Qasımoğluna görə, mollaların attestasiyası məsələnin bir tərəfidir, digər mühüm bir məsələ mollaların Azərbaycanda ali təhsil almasına şəraitin yaradılmasıdır. Onun sözlərinə görə, xaricdə dini təhsil alanların bəziləri təhsil aldıqları ölkə siyasətinin daşıyıcısına da çevrilə bilirlər.
Elşad Miri
Bu problemlər olmasın deyə, dinşünas alim hesab edir ki, Azərbaycanda dini təhsil almaq üçün mühit o qədər cazibədar olmalıdır ki, insanlar dini təhsil üçün xarici ölkələrə üz tutmasınlar.

“BU, KEÇMİŞ SSRİ-NİN İSLAM DİNİ İLƏ BAĞLI ETDİYİ SƏHVDƏN DAHA BÖYÜK SƏHVDİR”

Digər ilahiyyatçı alim Elşad Miri isə ümumiyyətlə mollaların attestasiya məsələsini qəbul eləmir. Deyir ki, bəşəri din olan İslamı yas mərasimləri səviyyəsinə endirmək keçmiş SSRİ-nin islam dini ilə bağlı etdiyi səhvdən daha böyük səhvdir:

“Çünki SSRİ İslam dinini insanların gözündən salmaq istəyirdi. Bu gün də həmin mollalara mərsiyyəxan, dəfn aparan, kəbin kəsən və s. adlar altında hər hansı vəsiqə verilməsi İslam dininə vurulan böyük zərbədir”.

İlahiyyatçı alim təklif edir ki, belə attestasiyadansa dindarları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahana çəksə, daha yaxşı olar. Üstəlik, Qafqaz Müsəlmanları İdarəsinin vəsiqəli və vəsiqəsiz mollaların fəaliyyətinə necə nəzarət edəcəyi də ilahiyyatçı alimə aydın deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG