Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:09
125 saylı Qubadlı-Zəngilan seçki dairəsindən deputatlığa namizədlər - Nəsiman Yaqublu, Aydın Şükürov və Anar Qasımov MSK sədrinə, prezidentə və ATƏT-in müşahidə missiyasının rəhbərinə rəsmi müraciət göndəriblər. Onlar yerli icra orqanlarının qanunsuz hərəkətlərinə son verilməsini, YAP-ın bu dairədəki təmsilçisi, demokratik seçki mühitinin yaradılmasını və İmanverdi İsmayılovun namizədliyinin ləğvini tələb edirlər. Bu barədə AzadlıqRadiosuna Anar Qasımov məlumat verib:

«Qubadlı və Zəngilan rayonlarının icra hakimiyyətləri yerlərdə inzibati resurslardan YAP-ın namizədi İmanverdi İsmayılovun xeyrinə istifadə edirlər. İcra orqanları, eləcə də YAP-yerli təşkilatları seçicilər arasında İmanverdi İsmayılovun xeyrinə təbliğat aparır, digər namizədlərə imza vermiş şəxslərə müxtəlif formalarda təzyiqlər göstərirlər. Artıq vətəndaşların şəxsiyyət vəsiqələri yığılaraq surətləri çıxardılır. Müşahidələr zamanı İmanverdi İsmayılovun təbliğat plakatlarının Qubadlı rayon poçt şöbəsi, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin binaları üzərində, eləcə də Sumqayıtda 125 saylı DSK-nın 28 saylı məntəqəsinin səsvermə otağının pəncərəsi üzərinə vurulması kimi qanun pozuntuları ilə rastlaşmışıq».

Dəfələrlə cəhd etsək də, məsələyə İmamverdi İsmayılovun münasibətini öyrənə bilmədik. Amma Qubadlı rayonu icra başçısının müavini Allahverdi Haqverdiyev deyilənləri təkzib edib bildirir ki, onların heç kimlə işləri yoxdur. İcra hakimiyyətinə müraciət edən namizədlərə seçicilərlə görüş üçün yer də təşkil ediblər:

«Heç kimə qarşı ayrı-seçkilik yoxdur. Biz kiminsə xeyrinə çalışmamışıq. Onlara görüşlərini keçirmək üçün şərait yaradılıb. Bütün namizədlərə uğurlar arzulayırıq».

İmanverdi İsmayılov hazırda 125 saylı Qubadlı-Zəngilan seçki dairəsindən YAP-ın deputatıdır. O artıq 4-cü dəfədir seçkilərdə namizəd kimi iştirak edir.

Şərhləri göstər

XS
SM
MD
LG