Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:07

Müxalifət seçkiləri Amerikada uda bilir


Çay Partiyasının Vaşinqtondakı nümayişi

Çay Partiyasının Vaşinqtondakı nümayişi

Amerika prezidenti Barak Obama hətta İran rejiminə də heç vaxt düşmən deməyib. Keçən bazar ertəsi radio müsahibəsində isə deyib ki, “biz düşmənlərimizi cəzalandırmaq, dostlarımızı mükafatlandırmaq əzmindəyik”.

Waşinqton Post yazır ki, prezidentin danışığının belə kəskinləşməsi noyabrın 2-dəki seçkilərlə bağlıdır. Prezidentin hakim Demokrat Partiyası rəy sorğularında müxalifətdəki Respublikaçılar Partiyasına 20 faiz uduzur.

Noyabrın 2-sində nümayəndələr palatasındakı bütün 435 yerin hamısına, Senatdakı 100 yerdən 37-nə, eləcə də 37 ştatda qubernator yerlərinə seçkilərdir.

Əksər müşahidəçilərin rəyinə görə, bu seçkilərlə Konqresin tərkibi müxalifətçi Respublikaçılar Partiyasının lehinə kəskin şəkildə dəyişəcək.

2008-ci ilin seçkilərindən sonra demokratlar Senatda 57 yerə, Nümayəndələr Palatasında isə 257 yerə sahib idilər.
İndi isə Konqresdə əksəriyyəti respublikaçıların qazanacağı gözlənilir. Qanunvericiliyə nəzarət müxalifətə keçmiş olacaq.

İKİ İLDƏ NƏ DƏYİŞİB?

İki il əvvəlki seçkiləri Obama və onun partiyası “ümid və dəyişiklik” şüarı ilə udmuşdular. Corc Buşun prezidentliyindən və siyasətindən cana doyanlar bu ümidə səs vermişdilər.
Son iki ildə ümidlər və ruh yüksəkliyi isə yavaş-yavaş aradan qalxdı. Yerini iqtisadi tənəzzüldən qorxu və ölkənin hara getməsinə şübhələr tutdu.

Nə dəyişib? – sualına seçki üzrə ekspert, Kaliforniya Universitetinin professoru Bruce Cain belə cavab verir ki, keçən seçkilərdə ictimai gözlənti həddən artıq böyük idi, demokratlara həddən artıq hakimiyyət verildi. Bu fonda iqtisadi bərpanın gecikməsi ictimaiyyətdə belə qarşılandı ki, demokratlar verdiklıəri vədə əməl edə bilmirlər.

“İqtisadiyyat Obamanın və onun komandasının düşündüyündən daha çətin problem oldu. Onlar fikirləşirdilər ki, iqtisadi həvəsləndirmə addımları ilə işsizliyi azaldacaqlar. Reallıqda isə işsizlik yüksək olaraq qalır. İndi fikir var ki, ayrılan pullar kifayət qədər böyük olmayıb və düzgün istiqamətə yönəlməyib.”

Amerikalıların əksəriyyətinin indiki siyasi status-kvonun əleyhinə çıxmasının əsas səbəbi işsizliyin 10 faiz olmasıdır.

New York Times qəzeti ilə CBS televiziyasının birgə sorğusunda Obamaya səs vermiş insanların çoxusu indi Respublikaçı Partiya nümayəndələrinə səs verəcəyini deyib.

“İFRAT BAXIŞLI NAMİZƏD”

Sorğu insanların ümidsizliyə qapanmasının yüksək olduğunu göstərir. 25 faiz deyib ki, “kimin baxışları ifrat görünsə, onlar ona səs verəcəklər”.
57 faiz deyir ki, namizədin siyasi təcrübəsinin azlığı onlar üçün problem deyil.

“İfrat baxışlı namizəd” deyəndə isə daha çox “Çay Partiyası”nın namizədləri başa düşülür.
Adını 1773-cü ildə Bostonun çay üsyanından götürən bu hərəkat xırda və mühafizəkar hökumətə tərəfdardır. Əksəriyyəti Respublikaçılar partiyasının keçmiş nümayəndələrindən ibarət olan hərəkat hökumətin israfçılığına nümunə kimi Obamanın səhiyyə islahatını göstərir.
“Çay Partiyası” problemlərin kökünü prezidentdə görür.

Bu seçkilər prezident Obamanın prezidentliyinin iki ilinə çətin sınaq olacaq.
Ancaq siyasi tarixçilər xatırladırlar ki, ən uğurlu prezidentlər olan Reyqanın və Klintonun da hakim partiyaları vaxtilə aralıq seçkiləri uduzmuşdular, ancaq iki il sonra onlar böyük üstünlüklə prezident seçkilərini uddular.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG