Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:27
Bakının Digah qəsəbəsindəki şəxsi torpaq sahəsində ev tikmək istəyən Sənan Məmmədov deyir ki, bütün sənədləri qaydasında olsa da, Abşeron rayon İcra Hakimiyyətindən ona ev tikməyə sərəncam verilmir.

Sənan Məmmədovun sözlərinə görə, Abşeron rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin müdiri Akif Əliyev əvvəlcə ondan tələb edib ki, 60 manat məbləğində dövlət rüsumundan əlavə Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında İnkişaf və Bərpa Fonduna da məcburi şəkildə 2 min manat pul keçirtsin:

“AXI MƏN VERGİ ÖDƏYİCİSİYƏM”


“Adı da budur ki, yollar çəkilir, bağça tikilir, bir sözlə, rayonun sosial inkişafına pulla yardım etməliyəm. Deyirəm sadaladığınız bu məsələlərə dövlət büdcəsindən hər il pul ayrılır, mən də hər bir vətəndaş kimi dövlət büdcəsinə vergi ödəyirəm. Ancaq heç bir halda yaxın qoymur, deyir get pulu keçirt, sonra gəl, sənə ev tikmək üçün sənəd verək”.

Sənan Məmmədov deyir ki, üstündə ev tikmək istədiyi 4 sot torpağın sənədləri tam qanunidir, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış sənədi də var və torpaq onun xüsusi mülkiyyətindədir. O ki qaldı rayonun sosial inkişafı üçün əlavə pul ödənilməsi tələbinə, müsahibimin sözlərinə görə, bunun da özəl bir səbəbi var:

“RÜŞVƏT VERMƏDİM DEYƏ...”

“Bu, ordan qaynaqlanır ki, lap birinci dəfə Akif Əliyev məndən 2 min manat rüşvət istədi, dedim qanunda nəzərdə tutulan 60 manat rüsumu ödəmişəm, görəndə ki, mən qanunla danışıram, dedi dərinə gedərsən, biz də dərinə gedərik”.

Bir sözlə, Sənan Məmmədov deyir ki, əvvəl rüşvət kimi istənilən 2 min manatı ala bilməyəndə, sonradan tələb ediblər ki, bizə vermirsənsə, apar rayonun sosial inkişafı üçün icra hakimiyyəti başçısı yanında yaradılmış fonda ödə.

Sənan Məmmədov bundan da imtina edəndə ona deyilib ki, get tikəcəyin evin smeta xərcləri haqqında sənəd gətir. Ancaq ona deyilib ki, məsələ bununla da bitmir. O, bu evi hansı pul gəlirləri hesabına tikdirəcəyi haqqında da məlumat verməlidir.

Abşeron rayon İcra Hakimiyyəti
Məsələyə aydınlıq gətirilməsi üçün Abşeron rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin rəisi Akif Əliyevə müraciət etdik. Akif Əliyev Sənan Məmmədovdan rüşvət istəməsini təsdiqləmədi. İcra hakimiyyəti başçısı yanında Tikinti və Bərpa Fonduna pul keçirilməsi ilə bağlı etdiyi tələbini isə təsdiqlədi. Dedi ki, bu adam torpağında ikimərtəbəli mülk ucalda bilirsə, nəyə görə rayonun sosial inkişafında iştirak etməsin? Ancaq sual edəndə ki, bu fonda pul köçürmək məcburidir, yoxsa könüllü? Dedi, könüllüdür, ancaq nə dəxli var ki, o bizimlə bərkini tutubsa, prinsip aparırsa, biz də onunla prinsip apararıq. Fonda pul keçirmirsə, getsin tikəcəyi evin smeta xərcləri və gəlirləri haqqında məlumat gətirsin, görək bunun aylıq maaşı nə qədərdir ki, ikimərtəbəli ev ucaltmaq istəyir. Bir də ki, vətəndaş narazıdırsa, düşünürsə biz səhvik, o məhkəmə, bu da biz, versin bizi məhkəməyə.

Vəkil Elçin Namazov isə deyir ki, 2007-ci ildə prezidentin sərəncamı ilə icra hakimiyyəti başçıları yanında inkişaf və bərpa fondları yaradılıb. Ancaq bu fonda pul köçürmək könüllü xarakter daşıyır. Fərdi ev tikintisi ilə əlaqədar sərəncam almaq üçün İcra Hakimiyyətinə müraciət edənlərdən həmin fonda pul keçirmələrini tələb etmək qanunsuzdur:

“BELƏ BİR ŞEY YOXDUR”

“Belə bir fond var, sadəcə olaraq imkanlı adamlar, iri ticarət obyektləri, istehsalla məşğul olan zavodlar, sexlər üçün könüllü ödəmə xarakteri daşıyır. Tutaq ki, biri rayon ərazisində sahibkarlıqla məşğul olur, imkanlı adamdır, rayondakı abadlaşdırma işləri üçün könüllü şəkildə həmin fonda pul keçirə bilər. Ancaq deyirlərsə torpağında ev tikirsən, sən mütləq o fonda pul ödəməlisən – belə bir şey yoxdur”.

Elçin Namazovun sözlərinə görə, şəxsi torpağında ev tikmək istəyən vətəndaşdan smeta xərcləri haqqında məlumat tələb etmək absurddur. O ki qaldı İcra hakimiyyətində Sənan Məmmədovdan maliyyə gəlirləri barədə məlumat tələb olunmasına, vəkilin sözlərinə görə, belə məlumat yalnız dövlət qulluğunda çalışanlardan tələb oluna bilər.

Vəkil məsləhət görür ki, ev tikintisi ilə bağlı sərəncam üçün rayon icra hakimiyyətinə müraciət edənlər belə süni əngəllərlə qarşılaşanda İcra Hakimiyyətinə məktub göndərsinlər və tələb etsinlər ki, İcra Hakimiyyəti sərəncam verməməsinin səbəbini rəsmi məktubla göstərsin. Sonradan həmin məktubla məhkəməyə müraciət oluna bilər.

Şərhləri göstər

XS
SM
MD
LG