Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:47

Alatavaya asfalt çəkdirən namizəd kimdir?


Bakının Alatava qəsəbəsində yollar asfaltlanır
Bakının Alatava qəsəbəsində yollar asfaltlanır
Bakının Alatava qəsəbəsində yollar asfaltlanır. Sakinlər deyirlər ki, asfaltı son 5 ildə bir dəfə də olsun yolunu qəsəbədən salmayan keçmiş deputatları - Abel Məhərrəmov çəkdirir.

Abel Məhərrəmovun namizədliyi 16 saylı Yasamal ikinci seçki dairəsindən qeydə alınıb. Sakinlər:

ALLAH DEPUTATIMIZIN CANINI SAĞ ELƏSİN

- Bizim deputatımız Abel müəllim çəkdirir. Allah ondan razı olsun.

- Çox sağ olsun ki, minnətdarıq ona bizim yolumuza asfalt çəkdirir.

- O gün Abel müəllimin nümayəndələri gəlmişdi. Bizə dedilər ki, Abel Məhərrəmova səs verin, o da sizə yol çəkdirsin.

- Deputat seçkiləri yaxınlaşır, yəqin ona görə çəkdirir. Amma bu 5 ildə bir dəfə də görsənməyib. Çox gözəl olar ki, hər seçkidən-seçkiyə yox, seçki arası gəlib görünə.

- Çox sağ olsun hörmət edir bizə, yolumuzu çəkdirir.

- Deyirlər deputatdır səs verin. Biz də nə edək, səs verərik də.

- Çox gözəl iş görüb, Allah ondan razı olsun. Kişi adamdır Abel müəllim.

- Deputat seçkiləri yaxınlaşır. Ona görə də yollar asfaltlanır.

YOLU İCRA HAKİMİYYƏTİ ÇƏKDİRİR?

Yola asfalt çəkən işçilərə tapşırıq verən bir nəfər ərazidə çəkiliş apardığımızı gördükdən sonra sakinlərə də nə isə deməyə başladı. Sakinlərə nə dediyini eşitməsək də, onun sözlərindən sonra qəsəbə sakinləri müsahibədən imtina etməyə başladılar. Həmin tapşırıq verən şəxs özünü təqdim etməsə də,
bizi inandırmağa çalışdı ki, yolu icra hakimiyyəti çəkdirir:

- Mən bacımgilə qonaq gəlmişəm. Çox sağ olsun, çox minnətdarıq İcra Hakimiyyətinə ki, camaatın xahişini nəzərə alıb bu yolu çəkdirir. Çox sağ olsunlar, bütün sakinlər adından icra hakimiyyətinə minnətdarıq.

AKADEMİK ASFALT ÇƏKDİRƏN DEYİL

Abel Məhərrəmovun vəkili Abuzər Xələfov deyir ki, yolun asfaltlanmasının Abel Məhərrəmovun adına çıxarılması ona qarşı hazırlanan təxribatdır:

- Bu, Abel Məhərrəmova qarşı təxribatdır. Onu çəkdirən adamlar da, digər adamlar da Abel Məhərrəmova qarşı təxribat edirlər. Mən onun vəkiliyəm və sizə bildirirəm ki, Abel Məhərrəmov nə asfalt çəkdirir, nə də ki asfaltla heç bir işi yoxdur.

16 saylı İkinci Dairə Seçki Komissiyasının sədri Sədaqət Seyidzadə isə deyir ki, Abel Məhərrəmovun asfalt çəkdirməsinə inanmır:

- Yox, mən inanmıram ki, Abel Məhərrəmov asfalt çəkdirə. O, akademik adamdır, asfalt idarəsinin rəisi deyil ki...Mən bilirəm ki, asfaltı icra hakimiyyəti çəkdirir. Akademik asfalt çəkən deyil.

AZƏRBAYCANDA GENİŞ YAYILMIŞ QANUN POZUNTUSU

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli deyir ki, namizədin seçkiqabağı təşviqat dövründə bu cür abadlıq işlərini həyata keçirməsi qanunla qadağandır:

- Bu, Azərbaycanda çox geniş yayılmış qanun pozuntusudur. Ümumiyyətlə, Seçki Məcəlləsi seçkiqabağı təşviqat dövründə seçicilərin səslərinin müxtəlif şirnikləndirici vasitələrlə, o cümlədən tikinti-abadlıq işlərinin aparılması ilə ələ alınmasını qadağan edir. Amma çox təəssüf ki, bu halları sübut etmək çox çətindir. Çünki tikinti-abadlıq işlərini aparan təşkilatlar müxtəlif olur və onların namizədlə bağlılığını sübuta yetirmək çox çətindir. Amma bütün hallarda belə bir asfalt çəkilişi və başqa hallar varsa, müvafiq DSK-da araşdırmaya başlanmalıdır.

HAKİMİYYƏTƏ SƏRF EDƏN VƏ ETMƏYƏN NAMİZƏDLƏR

Müxalifətdə olan Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyini irəli sürən və vaxtından əvvəl təbliğat kampaniyasına qoşulması iddiası ilə namizədliyi ləğv olunan Bəybala Əbil isə hesab edir ki, Azərbaycan hakimiyyətinə sərf edən namizədlərin nəinki qanun pozuntularına göz yumulur, hətta onlar üçün şərait yaradılır:

- Hakimiyyət özü müxalifət üçün, özünə sərf etməyən namizədlər üçün yalandan şəkillər yapışdırır, yalandan müxtəlif vasitələrə əl atır ki, onları seçkidən uzaqlaşdırsın. Öz namizədlərinin isə nəinki qanun pozuntularına göz yumulur, hətta yerli icra hakimiyyəti səviyyəsində təkcə Abel Məhərrəmov yox, hakimiyyətin dəstəklədiyi bütün namizədlərə qanunları pozmaq üçün şərait yaradılır.

Bəybala Əbilin namizədliyi 2005-ci il parlament seçkilərində də ləğv olunub. Həmin vaxt onun namizədliyi vətəndaşlara pul payladığı deyilərək ləğv olunmuşdu. Hazırda o şikayətini Avropa Məhkəməsinə göndərib.
XS
SM
MD
LG