Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:00

Yazıçı ictimai, siyasi hadisələrə münasibət bildirməlidirmi?


Cavid Zeynallı (solda) və Rafiq Tağı
Cavid Zeynallı (solda) və Rafiq Tağı
Yazıçının ictimai mövqeyi olmalıdırmı? O, ictimai, siyasi hadisələrə münasibət bildirməlidirmi?

Azadlıq Radiosunun "Pen klub" proqramındakı müzakirəyə İstanbuldan türk yazıçısı Mine Kırıkkanat, Moskvadan Azərbaycan yazıçısı Çingiz Hüseynov və Bakıdan yazıçılar Rafiq Tağı, Cavid Zeynallı qatılıblar.

(Verilişin audioyazısını aşağıda dinlə)


Rafiq Tağı:

- Yazıçı cəmiyyətdə baş verən hadisələrə hökmən reaksiya verən bir ziyalı tipidir.

Yəni başqa ziyalılardan fərqli olaraq yazıçı ən intensiv münasibət bildirən insandır. Yəni xeyir və şərə münasibətdə yazıçı heç vaxt biganə qala bilməz.

O xeyrin (mən şəxsən öz timsalımda deyirəm) tərəfində durmalı, şəri isə hamıya göstərməlidir.

Cəmiyyətdə yazıçının rolu belə aktivləşdirici olmalıdır. Bu həm də cəmiyyətin düşüncələrinə dirildici, yönəldici xeyirli əlavələrdir.

Bu cür yazıçılar çoxdur.

Cavid Zeynallı:

- Cəmiyyətdə baş verənlərə nəinki yazıçı, vətəndaş da münasibətini bildirməlidir. Bu artıq vətəndaşın vicdan məsələsidir.

Amma konkret olaraq yazıçının ictimai mövqeyi məsələsinə gəldikdə burada artıq ziyalıdan söhbət gedir.

Heç şübhəsiz ki, cəmiyyətdə baş verən hadisələrə münasibət bildirmək yazıçının borcudur. Amma ədəbiyyat fərdi bir məsələdir. Əgər yaradıcılıq şəxsi işdirsə, deməli yazıçının da ictimai mövqeyi onun şəxsi işidir.

Kənar qüvvənin yazıçını ictimai məsələlərdə fəal olmağa, münasibət bildirməyə təhrik etməyə haqqı yoxdur. Bu yazıçının şəxsi işidir.

O istəsə ya açııq şəkildə, fərd olaraq məsələlərə mmünasibət bildirər, ya da bunu yaradıcı yolla edər.

Çingiz Hüseynov
Təəssüf doğurucu odur ki, Azərbaycanda kənar qüvvələr yazıçını siyasi proseslərə münasibət bildirməyə təhrik edirlər.

Rfiq Tağı:

- Cavid bəylə razı deyiləm ki, məsələlərə münasibət bildirmək yazıçının fərdi işidir.

Belə çıxır ki, yazıçı sakit oturub cəməyyətdəki problemlərə, faciələrə seyrci mövqeyi ilə də yanaşa bilər. Onda yazıçı komformizmə yuvarlanar.

Yəni məsələn, faşist cəmiyyətində müəyyən mövqe tutur - dəymə mənə, dəyməyim sənə və siyasi proseslərdən izolə edilmiş şəkildə yaşamış olur.

Amma ona dözməyənlər tutaq ki, mühacirət edirlər başqa ölkələrə. Bunun nümunələri çoxdur. Amma bunun əksi də var.

Cəmiyyətdəki proseslərə dözən və hətta onu aktivləşdirən yazarlar da olur. Əslində yazıçı fəal olmalı və şərə qarşı fikirlərini bildirməlidir. Küt səviyyə tutub yaşamamalıdir.

Azadlıq Radiosu:

- Cavid bəy, belə məsələləri şəxsi işə çevirən yazıçıdan cəmiyyət xəbərsiz qalmır ki?

Cavid Zeynalli:

- Qətiyyən xəbərsiz olmur. Fərz edək ki, mən yazar deyiləm.

Azərbaycanın ucqar bir kəndində təsərrüfatla məşğulam. Mən deyək ki, Rafiq Tağının, yaxud Çingiz Hüseynovun hekayəsini, romanını oxuyuram.

Mənimçün onların hər ikisinin yaradıcılığı ictimai mövqelərindən önəmlidir.

Hər ikinizdən öyrənəcək dərəcədə maraqlanıram.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, əgər bir yazıçının mövqeyi dövlətin rəsmi mövqeyi ilə üst-üstə düşürsə, biz onun səmimiliyini necə isbat edə bilərik.

Yaxud biz isbat edə bilərikmi Rafiq Tağı cəmiyyətdəki proseslərə münasibətdə səmimi deyil.

Mine Kırıkkanat (Türkiyədən):

- Türkiyədə hazırda özəl bir durum yaşanır.

Hazırda burada iqtidar tərəfdarı olmayan insanların yazmaq imkanları getdikcə daralır.

Mənim “Vətən” qəzetində yazdığım yazida baş nazirin (R.T.Ərdoğan-Azadlıq) xanımının sadəcə adı çəkildiyi, ancaq heç bir şəkildə şəxsinə həqarət edilmədiyi halda qəzet rəhbərliyi çox narahat oldu.

İqtidara pis görünməmək üçün məni işdən çıxartdılar.

Hazırda “Cümhuriyyət” qəzetinə yazıram və bundan qürur duyuram.

Fəqət cəmiyyəti aktivləşdirən, ictimai məsələlərə müdaxilə etmək imkanlarımız son dərəcə azalıb.

Türkiyədə 70-dən çox beynəlxalq aləmdə yayılan qəzet var.

İki il öncə, aşağı-yuxarı mənim gedə biləcəyim yerin sayı, bunun 4 misli idi. Bir il öncə isə bunun 2 mislində işə götürülmək imkanı qaldı.

Mine Kırıkkanat
Yəni birdən-birə mətbuatda iqtidara müxalif olan yazarların gedə biləcəyi yer qalmadı. Hazırda sadəcə iki sözükeçən qəzet müxalifətçilik edə bilir Türkiyədə.

Bu vəziyyətdə hansı ictimai mövqeni aktivləşdirməkdən danışmaq olar. Sürəkli olaraq məhəllə basqısı, iqtidar basqısı, vergi basqısı üstümüzə gəlir.

Türkiyədə çoxsəslik bitdi artıq. Türkiyədə 87 illik cümhuriyyət tarixində kitablar, siyasi ədəbiyyat, qəzetçilik belə bir basqı heç görmədi.

Türkiyə iki nəslin fəda olacağı bir faşizm dönəminə daxil olur. Belə getsə yaxında mən də yaza bilməyəcəm.

Hər halda susma nöqtəsinə yaxınlaşmışıq. Və bunun xeyirlə bitəcəyinə inanmıram.

Əlbəttə, dünyanın hər yerində qəzetçiliyə, mətbuata basqı var.

Amma Türkiyədəki ilə müqayisə oluna bilməz. Azərbaycandakı durum da hər halda Türkiyədəkinə çox bənzəyir.

Çingiz Huseynov (Rusiyadan):

- Ədəbiyyat tarixində “Dante” dövründən indiyəcən həmişə yazıçının ictimai vəzifəsi məlum olub. Amma məniim qənaətimcə 1991-ci ildən sonra sanki ədəbiyyatın funksiyaları da, mövqeyi də dəyişib.

Nə oxuyan, nə də yazıçının sözünə baxan var. Sovetlər dönəmində iqtidar təbəqəsində həqiqi sözdən qorxurdular. Amma indi kim nə istəyir yazır.

Ancaq yazarın mövqeyi və yazara münasibət dövlətin quruluşundan asılıdır. Despotik quruluşdursa, o, sözdən qorxacaq. Ancaq Rusiyada despotik quruluş da var, demokratiya da.

Ona görə aləm qarışıb bir birinə. Ona görə də 1991-dən bu yana demək olmur ki, burada yazıçının mövqeyi var, ya yoxdu.

Məlumdur ki, İslamda böyük, kiçik və orta cihad var.

Qəribədir ki, orta cihad “qələm cihadı” adlandırılır. Yəni qələm sahibi ümumiyyətlə böyük həqiqətləri dərk etməlidir.

Doğrudan böyük həqiqətləri dərk edən şəxs cihad işini görür. Çünki yuxarıdan və aşağıdan hücuma məruz qalır. Yuxarı istəmir ki, onun şeytan mahiyyəti açılıb göstərilsin.

Aşağı təbəqə-kütlə, xalq isə despotik quruluşlarda özünün qul vəziyyəti barədə eşitmək istəmir.

Cavid Zeynallı
Ədəbiyyatın ilk məqsədi heç kimə baxmadan, heç nədən asılı olmadan həqiqəti yazmaqdır.

Azadlıq Radiosu:

- Cavid bəy, sizcə Azərbaycanda qələm cihadına ehtiyac var, ya yox?

Cavid Zeynallı:

- Yazıçı hər halda ictimai proseslərə biganə qalmamalıdır.

Azadlıq Radiosu:

- Rafiq bəy, Azərbaycanda qələm cihadı hiss olunur ya yox?

Rafiq Tağı:

- Fərdi planda bu cihadın elementləri hiss olunur, amma böyük planda yox.

Bu, proqramda səslənən fikirlərdən seçmələr idi. Tam şəkildə verilişi burda dinlə

davamı


Verilişin aparıcısı İlqar Rəsul,
Prodüsser Gülər Miryəhya

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG