Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:19
Qanun Nəşriyyatı “Ən yeni ədəbiyyat” seriyası üzrə əsrlərin çapını davam etdirir. Zümrüd Yağmurun “Allah qayıdır?!” romanının yaxın günlərdə işıq üzü görəcəyini xəbər vermişdik.

Bu dəfə sizə Cavidanın iki romanından söz açacam.

“Namə” adlı ilk roman gənc bir qızın həyatı haqqındadı.

Jurnalistika fakültəsində oxuyan qəhrəman ruhi rahatlıq axtarır. Onun nəyi arayıb, nəyi bulduğunu yazarın dilindən eşidək:


- Qəhrəmanımın anası bir neçə millətin qarışığıdır, atası azərbaycanlıdır. Anası pis yoldadı, atası ilə ayrılıb.

Bu ailə dağınıqlığının ağırlığını qəhrəmanım məktəbdə, universitetdə, sevgisində, hər yerdə daşımaqdadır.

O heç yerdə ruhi rahatlıq tapa bilmir. Sevgidə də bəxti gətirmir.

Bu tələbə jurnalist bir gün Krişna cəmiyyətinə reportaj hazırlamağa gedir və axtardığı harmoniyanı, ruhi rahatlığı zaman keçdikcə burada tapır.

Cavidan deyir ki, Krişna cəmiyyəti ilə yaxından tanışdır, ona görə də mövzu ona daha doğmadır:

- Sekta həyatında yaşayan dostlarım var. Ona görə də bu mövzunu rahat işlədim. Cəmiyyətdəki məmnunsuzluq mühiti real həyatda da gəncləri qədim dini ədəbiyyata üz tutmağa məcbur edir.

Mənim də qəhrəmanım belələrindəndir. Krişnaçılıq nağılvaridir. Alternativ dini ədəbiyyatdaki - Qurandaki, İncildəki xof, İblis qorxusu Krişnaçılıqda yoxdur. Krişnaçılıq sanki şirin bir nağıldır, içərisinə düşdün, çıxmaq istəmirsən.

Buradakılar Allahı yanında, sevgini ətrafında hiss edirlər.

Yazar əsərdə Krişna cəmiyyətinin çeşidli rituallarıni, ən çox da Krişnanın sevgililəri olan qızların Rasa rəqsini də təsvir edib:

- Bundan başqa, Qız Qalası, Atəşgah olayların baş verdiyi məkanlar sırasındadır.

Bu məkanlar mistik məkanlardır. Məncə, ara-sıra şahidi olduğumuz qızların özlərini Qız Qalasından atıb intihar etmələri heç də təsadüfi deyil.

Ola bilər, Qız Qalası keçmişdə məhz qızların qurban verildiyi məkan olub, sadəcə biz bundan xəbərsizik.

İndiki qurbanlar da Qız Qalasını özləri seçmirlər, onları hansısa mistik dalğa buna məcbur edir.

“Namə”nin qəhrəmanın başına nələr gələcək, kainatla harmoniyaya girə biləcəkmi, yaşadığı cəmiyyətlə iç dünyası arasında uyum yaranacaqmı? Bu sualları yazara verməyib sizi də, özümü də intizarda qoyuram. Bunları yaxın aylarda roman çap olunanda biləcəyik.

Cavidandan bir qədər də hələ başa çatdırmadığı ikinci romanı haqqında danışmasını istəyirəm:


- Adını “Klip” qoymuşam. Gəncliyi 1992-93-cü illərə düşən Azərbaycan gənclərinin indiki gün-güzəranını yazmışam. Bu dəfə qəhrəmanım gənc oğlandır. 90-cı illərin başlanğıcında atdan yıxılıb, onurğası sınıb, əlil arabasında gəzir.

Qarabağ savaşında iştirak edə bilməməsi ona əzab verir. Üstəlik sevgilisi qardaşı ilə evlənib. Qısaca, bir gəncin həyat hekayətidir.

Cavidan romandan danışdıqca ağlımda bir sual məni əməlli-başlı narahat etməkdəydi. Onu yazara verməyə bilmədim:

- Cavidan, roman ağır janrdır. Üzərində xeyli iş görülməlidir. Iki romanı demək olar eyni vaxtda necə paralel yaza bildin?

- Mövzu çoxdur. Hara baxırsan ədəbiyyatdır, mövzudur. Sadəcə gördüklərini bədiiləşdirmək gərəkdir.

- Bu iki romandan hansi birinci çap olunacaq?

- Secimi nəşriyyat edəcək. Ancaq mən birinci “Namə”nin çap olunmasını istəyirəm. Kitabın üz qabığını təsəvvür edəndə həyəcanlanıram Cavidan “Namə”. Eqo.....

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG