Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:14
Naxçıvanda müxalifətçilər təbliğat-təşviqat kampaniyasını qapı-qapı, məhəllə-məhəllə keçirməyə məcbur olub. Onlarla görüşən seçicilərə sonradan təzyiq edildiyini iddia edən müxalifət namizədləri kütləvi görüşlər keçirməyə cəhd göstərmirlər. Digər tərəfdən, maliyyə çətinliyinin bunu reallaşdırmağa mane olduğunu deyirlər.

6 saylı Culfa-Babək seçki dairəsindən “AXCP-Müsavat” blokunun namizədi Yaşar Bağırsoyun dediyinə görə, əhali müxalifətçilərlə görüşməkdən çəkinir:

“XOF, QORXU ÇOXDUR”

- Xof, qorxu çoxdur. Ona görə mən özüm görüşmək “stilimi” elə seçmişəm ki, məndən sonra insanlara təzyiq edə bilməsinlər. Deməsinlər ki, “AXCP-Müsavat” blokunun namizədi ilə niyə görüşürsünüz? Ona görə bu üsulu seçmişəm, hər hansı kəndin mərkəzinə və məhəllələrə gedirəm, görüşlər keçirirəm. Yəni, seçicinin ayağına mən gedirəm, sonra onlara təzyiq etməsinlər deyə.

Yaşar Bağırsoy hələ imzatoplama kampaniyası zamanı bu təzyiqlərlə qarşılaşdığını, ona imzatoplayan bacısı oğlunun beş dostu ilə birgə gecə saatlarında Naxçıvan Daxili İşlər Nazirliyinə aparıldığını və bir gün sonra buraxıldığını bildirib.

Yaşar Bağırsoy
Y.Bağırsoy onu da qeyd edib ki, seçiciləri müxalifətlə görüşdən çəkindirməyə çalışsalar da, hakim partiyanın namizədlərinin görüşləri icra nümayəndələrinin bilavasitə iştirakı ilə təşkil edilir.

“SEÇİCİLƏRƏ ƏRZAQ PAYLANIR”

4 saylı Naxçıvan şəhər seçki dairəsindən “AXCP-Müsavat” blokunun namizədi Asəf Quliyevin də təbliğatı qapı-qapı aparılır. Sıravi naxçıvanlıların seçkiyə etimad etmədiyini bildirən namizəd, Mərkəzi Seçki Komissiyasının qərarı ilə pulsuz efir vaxtının Naxçıvan Dövlət Televiziyasında keçirilməsindən də narazıdır.

Onun sözlərinə görə, seçicilərin çox az hissəsi bu televiziyaya baxdığından namizədlər çıxış üçün nəzərdə tutulan 10 dəqiqəlik müddətdən istifadə etməyə maraq göstərmirlər. Üstəlik, Asəf Quliyev bölgələrdə bəzi namizədlərin seçicilərə şirnikləndirici vədlər, hətta sovqat verdiyini iddia edir:

“HEÇ NƏ EDƏ BİLMƏDİK”

- Şəxsən mən nə plakat, nə bülleten sifariş verə bilmişəm. Kütləvi tədbirlər üçün də maliyyə imkanı olmadığından görüşlər keçirə bilməyəcəyik. Biz qapı-qapı təbliğat aparırıq. Bu il təəssüf ki, seçkilərə maliyyə vəsaiti ayrılmadı, biz də heç nə edə bilmədik. Ancaq iqtidar nümayəndələri çadır da paylayır, ərzaq yardımı da edirlər. Kəndlərə yas mərasiminin keçirilməsi üçün hər biri 2000 manat olmaqla çadır paylanıb.

“NAXÇIVANDA KEÇİRİLƏN SEÇKİLƏR DÜNYANIN HEÇ BİR YERİNDƏ KEÇİRİLMİR”

Ancaq hakim partiya nümayəndələri bu iddiaları qəbul etmirlər. Asəf Quliyevin rəqibi, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Eldar İbrahimov Naxçıvanda keçirilən seçkilərin az qala “analoqu” olmadığından danışır:

- Naxçıvanda keçirilən azad, aşkar, demokratik seçkilər bəlkə heç yanda, nəinki Azərbaycanda, bəlkə də dünyanın heç bir yerində keçirilmir. Namizədliyi irəli sürülənlərin heç birinin kiməsə nə isə söz verməyə, nə isə paylamağa ehtiyacı yoxdur. Biz istəsək də Naxçıvanda məsələn, su çəkək, yol çəkək, başqa regionların deputatlarından fərqli olaraq burda o qəbul olunmur. Ona görə ki, qanunverici orqanın öz işi var, deputatın öz işi. Başqa regionlarda kimsə, bəlkə bizneslə məşğul olan namizəd bunu edir, amma Naxçıvanda bu qəbul olunmur və buna ehtiyac yoxdur.

TƏƏCCÜBLÜ MƏNZƏRƏ

Naxçıvanda təbliğat-təşviqat kampaniyasına heç bir müdaxilə olmadan prosesin davam etməsi fikrilə nəinki iqtidar, eləcə də müxalifət nümayəndələri də razılaşır. Hətta bəzi namizədlər bunun Naxçıvan üçün təəccüblü olduğunu desə də, seçicilərlə görüşlərin, plakatların asılması zamanı problem yaşamadıqlarını etiraf edirlər. Bir çoxları bunu beynəlxalq təşkilat və nümayəndəliklərin Naxçıvana səfərləri ilə əlaqələndirir.

AŞPA Müşahidə Missiyası ötən həftə Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkədə seçkiqabağı mühit dinc keçir, ancaq rəqabət şəraiti yoxdur.

Elman Abbasov
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı əməkdaşı Elman Abbasov da bildirir ki, şəhərdə namizədlərin şəkillərinə rast gəlinsə də, ümumilikdə Muxtar Respublikada aktivlik bir o qədər duyulmur:

“SEÇKİYƏ MARAQ YOXDUR”

- Bu günə qədər keçirilən seçkilərin total şəkildə saxtalaşdırılması əhalidə böyük ruh düşkünlüyü yaradıb. Buna görə də seçkiyə maraq yoxdur. Bu, hiss olunur.

Noyabrın 7-də Azərbaycan parlamenti ilə yanaşı həm də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçiriləcək. Ali Məclisin 45 deputat yeri uğrunda 140 namizəd mübarizə aparır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG