Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:00
Oktyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya səfərə gedəcək. Həmin səfər ərəfəsində İlham Əliyev Ukraynanın “Den” qəzetinə, “Profil” jurnalına və milli televiziya kanalına müsahibə verib. Həmin müsahibəni qısa ixtisarla çap edirik:

- Məlumdur ki, Azərbaycan Rumıniyaya maye qaz ixrac edəcək. Buna görə indi Odessada maye qaz zavodunun tikilməsi və Azərbaycandan qaz alınmasına dair Ukraynada da müzakirələr gedir. Xarici ölkələrin mətbuatında isə belə məqalələr yayılır ki, Azərbaycanın satmağa kifayət qazı yoxdur. Bu mövzuda nə deyə bilərsiniz?


- Vaxt var idi ki, mətbuatda bizim neft ehtiyatlarımızın da olub-olmaması fəal müzakirə edilirdi. Hətta deyirdilər ki, Azərbaycanın nefti yoxdur, ona görə heç Bakı-Tbilisi-Ceyhan neft kəməri də tikilməyəcək. çünki başqa bir ölkədən neft almadan bu kəməri tam işlətmək mümkün deyil.

Əlbəttə, biz bilirdik ki, bunlar doğru olmayan məlumatlardır və kəməri tikdik. Və Azərbaycanın neft ehtiyatları da bizə onu tam gücü ilə işlətməyə imkan verir.

Bu gün qaz ehtiyatlarımızın həcmi də bu cür sifariş xarakterli yazılara baxmayaraq, bizim arxayın hərəkət etməyimizə imkan verir.

Deməliyəm ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2 trilyon kubmetrdir. Amma bizim geoloqların proqnozlarına görə ehtiyatların həcmi 5 trilyon kubmetrə qədərdir. Yəni, bu ehtiyatlar bizə hələ bundan sonra yüz il də qaz ixrac etməyə imkan verir.
Hazırda biz ildə 30 milyard kubmetr qaz istehsal edirik. Daxili tələbat isə 10-11 milyard kubmetrdir. Qısa müddət ərzində biz qaz istehsalını 40-50 milyard kubmetrə də çatdıra bilərik. Amma bunun üçün bizə konkret müqavilələr lazımdır.

Ona görə də qarşılıqlı maraqlar əsasında bizim ölkələr arasında bu istiqamətdə əməkdaşlıq mümkündür. Amma deməliyəm ki, son illər həmin mövzu o qədər də ciddi şəkildə müzakirə edilməyib.

- Bu ilin avqustundan Odessada Azərbaycan Dövlət Neft Şirkətinin SOCAR yanacaqdoldurma məntəqələri yaradıldı. Bu layihə nə qədər genişmiqyaslıdır?


- Mən şadam ki, SOCAR bu istiqamətdə investisiya qoymağa başlayıb. Bizim şirkət təkcə Odessada yox, Ukraynanın başqa şəhərlərində də işini genişləndirəcək. Əlbəttə, bu sferada əməkdaşlığın gələcək inkişafı layihənin nə qədər uğurlu olmasından asılı olacaq. Məncə, bu istiqamətdə yaxşı perspektivlər var.

- Məlum olduğu kimi Azərbaycan Ukraynadan ən çox silah alan ölkələrdəndir. Hərbi-sənaye kompleksi sahəsində yaxın gələcəkdə hansı layihələri reallaşdırmaq istəyirsiniz?


- Hərbi-sənaye kompleksi sahəsində əməkdaşlığımızın yaxşı ənənəsi var. Uzun illərdir Azərbaycan Ukraynadan hərbi texnika, silahlar alır. Biz bu əməkdaşlığın səviyyəsindən çox razıyıq. Şübhəsiz ki, müstəqilliyin ilki illəri ilə müqayisədə bizim maliyyə imkanlarımız da böyükdür. Bu il silahlı qüvvələrə 3 milyard dollardan çox büdcə ayrılıb. Bunun da böyük hissəsi yeni silahlarına alınmasına və hərbi texnikanın ölkə daxilində istehsalına yönəldiləcək.

Biz Azərbaycanın özündə hərbi-sənaye komleksinin yaradılmasına başlamışıq. Bu gün bizim məhsullar beynəlxalq sərgilərdə nümayiş edilir. Qeyd etməliyəm ki, bu, həm də bizim Ukraynadakı tərəfdaşlarımızın yardımı ilə mümkün olub. Bu istiqamətdə müştərək müəssisələrimiz var, biz əməkdaşlığı genişləndirmək niyyətindəyik.

- Dnestraynı probleminin yaxın vaxtlarda həll ediləcəyini söylmək üçün müəyyən əsaslar var. Bu, Dağlıq Qarabağ münaqişəsinin də həllinə kömək edə bilərmi?


- Sözsüz ki, keçmiş sovet məkanındakı münaqişələrdən birinin həlli başqa münaqişələrin də həllinə təkan verə bilər. Bunların arasında aqressiv separatçılıq, etnik təmizləmə, ərazi bütövlüyünə qəsd və işğalla bağlı xeyli oxşar cəhətlər var. Amma münaqişələrin tarixi, xalqlar arasında əlaqələrin keçmişi bu münaqişələrin xarakterində müxtəlifliklər də yaradıb.

Əlbəttə, biz bütün münaqişələrin həllini tapmasını istərdik. Bu, baş versə, əminəm ki, bütün tərəflərin faydasına olacaq.


Bizim üçün Dağlıq Qarabağ münaqişəsi bir nömrəli problemdir. Yəni, bu gün üçün də yaxın gələcək üçün də uzaq gələcək üçün də bundan vacib problemimiz yoxdur. İqtisadiyyatımız sabit şəkildə inkişaf edir, ölkə dinamikdir, təkcə regionda deyil, beynəlxalq miqyasda da öz yeri olan dövlətə çevrilmişik. Dağlıq Qarabağ münaqişəsi bizim iqtisadiyyatın inkişafına mane olmur. Bir milyon qaçqın, məcburi köçkün probleminə baxmayaraq, biz bu uğurlara nail olmuşuq. Təsəvvür edin ki, bu problem olmasaydı, inkişaf nə səviyyədə gedərdi.

Biz müdafiə sahəsinə bu qədər xərc çəkərkən həm də qaçqınları normal evlərə köçürməyə çalışırıq. Onlara qəsəbələr, məktəblər, xəstəxanalar, yollar tikirik. Bu işlərə yüz milyonlarla dollar pul xərcləyirik.

Ermənistan da regional layihələrdə iştirak edə, iqtisadi inteqrasiyaya qoşula bilər. Amma Qarabağ münaqişəsi həll olunmayınca, bu, mümkün olmayacaq.

Mənim fikrimcə, onlar Türkiyə-Ermənistan sərhədinin açılmasına da əsassız yerə ümidlənmişdilər. Bu, baş verməyəcək. Birincisi, kimsə ərazisinə iddia etdiyi dövlətlə münasibətlərini normallaşdıra bilməz. Üstəlik həm də həmin dövlətə qarşı bütün beynəlxalq təşkilatlarda soyqırım iddiaları apara-apara...

Digər tərəfdən də regional əməkdaşlığın əsas şərti olan Qarabağ münaqişəsi var. Ona görə bu gün Ermənistan ya işğal siyasətini davam etdirmək, beynəlxalq qaydaları pozmaqla özünü küncə sıxmaqda davam edə ya da bundan imtina edib Azərbaycan və başqa dövlətlərlə normal münasibətlər yarada bilər.

Ermənistanın təkcə Azərbaycan və Türkiyəyə ərazi iddiaları yoxdur. Onun regionun başqa ölkələrinə qarşı da bu cür iddiaları hələlik ehtiyat üçün əl altındadır. Biz bu regionda birlikdə yaşayacağıq. Ona görə düşməndənsə, varlı dost qonşu ölkə qazanmaq daha yaxşıdır.

- Xanımınız haqqında sual. Siz təkcə MDB-də yox, bütün dünyada çox parlaq prezident cütlüyüsünüz. Siyasətdə bir-birinizi qısqanmırsınız, necə yola gedirsiniz?

- Azərbaycanda qadına həmişə ailədə də cəmiyyətdə də böyük hörmət olub. Mən şadam ki, Mehriban Azərbaycanın mühüm işlərində fəal rol oynayır. Birinci xanım statusu ərə görədir. Amma qalan fəaliyyət həmin statusda olan insanın özünün arzusuna, istəyinə bağlı şeydir. Mən Şadam ki, Mehribanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çətin vəziyyətdə olan Azərbaycan vətəndaşlarının vəziyyətinin yaxşılaşdırılması üçün çox işlər görür. Dövlət orqanlarından şikayətlərinə cavab ala bilməyən insanların son ümid yeri, ünvanı Heydər Əliyev Fondudur. Onlar Fonda ümidlə üz tuturlar ki, burada onları eşidəcəklər. Belə də olur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG