Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:10

BQXK-nın nümayəndələri əsirlikdə olan azərbaycanlı hərbçilərlə görüşüblər


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri erməni əsirliyində olan Azərbaycan hərbçiləri ilə görüşüblər. Bu barədə AzadlıqRadiosuna Komitənin Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, BQXK-nın Ermənistan nümayəndəliyinin əməkdaşları Ermənistanda əsir saxlanan Azərbaycan hərbçilərinə və bir nəfər mülki şəxsə baş çəkib həmin şəxslərin saxlanma şəraiti və fiziki durumu ilə maraqlanıblar.

Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov bu il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Azərbaycan vətəndaşı, mülki şəxs, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-də Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində, təmas xəttinin yaxınlığında atəşə tutulub, daha sonra erməni hərbçiləri tərəfindən girov götürülüb.

Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisinin meyiti də ermənilərin əlindədir. Azərbaycanda isə bir Ermənistan vətəndaşının meyiti var.

İlahə Hüseynova deyir ki, onlar meyitlərin dəyişdirilməsi üçün tərəflərə vasitəçilik təklif ediblər, amma son qərarı tərəflər verməlidir: “Biz hələ ki, tərəflərlə dialoqu davam etdiririk”.
XS
SM
MD
LG