Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:01
"Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəylinin "Alma" qəzetinə müsahibəsi.


- Elçin bəy, baş redaktoru olduğunuz “Ulduz” jurnalının səviyyəsi sizi qane edirmi?


«Ulduz» jurnalı Azərbaycan ədəbiyyatının ümumi səviyyəsini ehtiva edir. («ehtiva» arxaik söz olsa da, bu məqamda yerinə düşür).

Ona görə də jurnalın yaxşı, ya pis çıxması ədəbiyyatımızın ümumi inkişafından asılıdır.

Təəssüf ki, ədəbi spektrin bütün istiqamətlərini işıqlandıra bilmirik. Bu isə bizim yox, daha çox bizə qarşı olanların günahıdır.

Dərgimiz istedadlı qələm sahiblərinin hamısının üzünə açıqdır.

Azərbaycan yazıçılarının 11-ci qurultayında mənim nəsildaşlarımın bəziləri vəzifə ala bilmədilər, ona görə də Anar müəllimin etibar etdiyi cavanları gözümçıxdıya saldılar.

İş burasındadır ki, bizi tənqid edənlərin iddialarıyla imkanları üst-üstə düşmür.

Bununla belə, öz qısqanclıqlarını hər addımda nümayiş elətdirirlər. Amma olsun. Əlahəzrət faktın qarşısında günahkarlar susur, günahsızlar isə öz haqlarını dilə gətirirlər.

- Mətbuatda daima Anarı və onun ədəbi siyasətini təqdir etmisiniz. Heç qarşı tərəfi, yəni ədəbi müxalifəti haqlı bildiyiniz məqamlar varmı?

- 2000-ci ilin əvvəllərindən başlayaraq mən Anarı təqdir edənlərdən olmuşam.

Ondan öncələr isə AYB-də islahatların aparılmasının tərəfdarıydım.

Radikallardan fərqli olaraq düşünürdüm ki, öz ədəbi camiamızı islah etməklə nəyəsə nail olmaq mümkündür. Amma 11-ci qurultayda istədiklərimizin hamısına çata bilmədik.

Yeniliklər bütün sahələri əhatə etmədi.

Qurultaydan keçən dövrdən bəri isə çalışmışıq ki, nələrəsə nail ola bilək.

Bu sırada AYB-nin binasının təmiri, internetləşdirilməsi, avtomatlaşdırılması, kitab mağazasının açılması, xarici ədəbi əlaqələrin genişləndirilməsi, müxtəlif dillərdə almanaxların çıxması, gənclərə və yaşlılara xüsusi təqaüdlərin verilməsi, Şabran rayonu ərazisində AYB-nin beynəlxalq istirahət mərkəzinin yaradılması istiqamətində görülən işlər və s. dayanır.

O ki qaldı dediyiniz «ədəbi müxalifət» məsələsinə, onların davranışlarında ədəbdən çox, ədəbsizlik müşahidə olunur. Keçmişimizin təkcə qaranlıq yox, həm də işıqlı tərəflərinə bir ikrah münasibət bəsləyirlər.

Qarşı düşərgənin yaşlı nümayəndələri istedadlı uşaqları öz himayələrinə alırlar və çalışırlar ki, onları bədbəxt eləsinlər. Bu uşaqlara öyrədirlər ki, özündən əvvəlki nəsli söy, ağzına gələni danış, ağlına gələni yaz.

Yaxşı olardı ki, ədəbiyyata gələn cavanlara yazmağı və mütaliəni öyrədəydilər, onları düzgün istiqamətləndirə biləydilər.

Ədəbiyyata təzə qədəm basan cavanlar da öz himayədarlarının nə və necə yazdıqlarına diqqət yetirsələr yaxşı olar.

- Oponentlərinizin fikirlərində heçmi haqlı iradlar yoxdu?

- Onların fikirlərində müəyyən haqlı iradlar da var. Onlar istəyirlər ki, ədəbi camemiz şəffaflaşsın, cavanlaşsın, daha dinamik olsun, qəzet və jurnallarımız daha maraqlı olsun.

Biz də buna çalışırıq və gələcək qurultayımızda, yəqin ki, bu istiqamətdə ciddi dəyişikliklər olacaq.

Amma bilirsiniz, bədbəxtçilik nədədir? Ölkəmizin çoxsaylı problemləri var, onlar kənarda qalır, AYB-nin üstünə düşürlər.

Guya ki, dövlətin yazıçılara ayırdığı qəpik-quruş olmasa, hər şey düzələcək: korrupsiya da yox olacaq, seçkilər də tam şəffaf keçiriləcək, Qarabağ problemi də həll olunacaq. Sən demə, problemlərimizin kökü yazıçılardadır.

Bunu deyənlər təkjə AYB-yə yox, bütün ədəbiyyata ziyan vururlar, həm özləri nüfuzdan düşür, həm də qələmdaşlarının gözdən düşməsinə rəvaj verirlər.

Yaxşı olardı ki, millətimizin qarşısında duran problemləri ədəbiyyatımıza gətirsinlər. Düzdü, publisistikada bu problemlər işıqlandırılır, amma ədəbiyyatda görünmür.

Bəzən isə publisistikanı ədəbiyyat nümunəsi, konkret olaraq roman kimi cəmiyyətə təqdim edirlər. Janrlar doğma olsa da, fərqlər də çoxdur.

Onu da deyim ki, hələ heç bir ölkədə cavan yazarların həm öz, həm də özlərindən böyük həmkarlarına qarşı bu dərəcədə sayğısızlığını görməmişəm.

Tolerant olmağı bacarmaq lazımdır. Bunsuz həyatımız da, mədəniyyətimiz də bayağı şoulardan ibarət olacaq.

- Yazıçılar Birliyinin qurultayı gecikir. Bu sizi bir üzv kimi narahat edirmi? Qurultayda kimi dəstəkləyəcəksiniz?

- Mən qurultayın vaxtında keçirilməsinin tərəfdarıyam və bu barədə dəfələrlə katiblikdə sözümü demişəm.

Amma ötən il AYB-nin 75 illiyi və «Sərhədsiz söz» beynəlxalq konfransı buna mane oldu. Bu il isə parlament seçkiləri qarşımızı kəsdi.

Gözləyirdik ki, ölkənin bir çox nüfuzlu yazarları seçkilərə qatılacaqlar və qurultayı istədiyimiz kimi keçirə, bütün bölgələri bu işə cəlb edə bilməyəjəyik.

Qurultayın 2011-ci ildə keçirilməsi nəzərdə tutulur. Sədr postunda yenə də Anarı görürəm, mən və tərəfdarlarım onu dəstəkləyəcəyik. Amma o istəməsə, sədrliyə iddialıların namizədliyini müzakirə edəcəyik.

Prinsipial məsələlərdə razılıq əldə olunarsa, mümkün variantlardan birinin üzərində dayanacağıq. Mənim də tərəfdarlarım yetərincədir, amma bayaq dediyim kimi, çox şey Anarın qərarından asılıdır.

- Bəziləri dövlətin ədəbiyyata qayğısını sovetdənqalma ünsür kimi dəyərləndirir. Siz necə fikirləşirsiniz?

- Məsələnin qoyuluşu ilə razı deyiləm. Sovet dövründə təhsil də, səhiyyə də, mədəniyyət və onun aparıjı sahələri də maliyyələşirdi, onda gərək dövlət öz əlini bu sahələrin də üstündən çəksin.

Ədəbiyyat mədəniyyətin ən aparıcı qüvvəsidir və alverə meylli ölkə olan Azərbaycanda onu başlı-başına buraxmaq olmaz.

Bizdən olsa kitab da oxumarıq, teatra, kinoya da getmərik. Bunlarsız millətin gələcəyi çox qaranlıq görünərdi.

Düşünürəm ki, ədəbiyyata dövlət dəstəyi olmalıdır.

Çünki dövlətin vəzifəfələrindən biri ictimai-sosial və mədəni həyatın boş sahələrinə müdaxilə etməkdir.

Hələ ki bizdə yazıçının özünü dolandırmaq imkanı yoxdur.

Bunun üçün kitab satış şəbəkəsini, donor təşkilatları və xeyriyyəçilik ənənəsini formalaşdırmaq lazımdır.

Özü də bizi tənqid edənlər darıxmasınlar, çox az vaxt keçər ədəbiyyatın dövlətdən maliyyələşməsi də dayanar. Onda ortada boş-boş danışıqlar yox, ədəbi nümunələr qalajaq. Bax, onda polemika aparmağa dəyər.

- Bədii yaradıcılıqda nə var nə yox? Təzə nəsə yazırsınızmı?


- «Azərbaycan» dərgisinin bu ilki 10-cu sayında «Yolayrıcında qaçış» romanım çıxıb. Maraqlananlar alıb oxuya bilərlər və peşman olmazlar.

Hazırda yeniyetmələr üçün «Azıx» romanını yazıram və ölkə teatrlarında səhnəyə çıxarılacaq bir neçə dram əsərləri üzərində təkmilləşdirmə işləri aparıram. «Gözünə gün düşür» hekayəm əsasında qısa metraclı bədii filmin çəkilişlərinə hazırlıq gedir.

Türkiyədə kitabım nəşrə hazırlanır. Müxtəlif nəşriyyatlar kitaba maraq göstərir, amma istəyirəm ki, kitab bu ölkədəki nüfuzlu yayım evlərindən birində nəşr olunsun.

- Çağdaş nasirlərimizdən kimlərin xarici ölkələrdə tanınmaq potensialı var?

- Konkret ad çəkmək istəmirəm, kimlərsə yadımdan çıxa bilər. Amma belə yazarlarımız var. Sadəcə bu istiqamətdə çalışmaq lazımdır.

Konkret deyim ki, məsələ piarın necə təşkil olunmasından asılıdır: peşəkar tərcümə, resenziyaların təşkili, reklam xarakterli işlər və s...

Amma hələ ki biz xaricdə öz piarımızı təşkil edə bilməmişik. Bunun üçün çoxlu para lazımdır. Biz balaca və zəngin dövlətik axı...

Söhbətləşdi:
Nərmin Hüseynzadə

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG