Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27
Kənan Hacı bu məqaləsi ilə yazıçı Nərmin Kamalın "Aç, mənəm" romanının "Oxu zalı"nda başlanan müzakirəsinə qoşulur.

BÖYÜKLƏR ÜÇÜN ŞƏKİLLİ KİTAB

Bəri başdan onu demək istəyirəm ki, öz zərif və çəlimsiz cüssəsinə rəğmən, ədəbi-bədii düşüncədə inqilab etməyi bacaran bir qızcığazın Umberto Eko fəlsəfəsinə inadla, səylə baş vurması və gərgin araşdırmaların bəhrəsi olaraq “Umberto Eko və postmodernizm” kitabını ortaya qoyması ədəbiyyatımızın şəksiz uğuru kimi dəyərləndirilməlidir.

“Ən yeni ədəbiyyat” seriyasından nəşr olunan “Aç, mənəm” romanı isə müəyyən dil xətaları istisna olmaqla, üslub və sturuktur baxımından maraqlı mətndir və obyektiv təhlil üçün tənqidçiyə xeyli istiqamət nişanları göstərir.

Əlbəttə, vicdanlı və qərəzsiz tənqidçiyə!

Nərmin qəhrəmanının heç bir vacib tərəfini, heç bir əlamətini, heç bir cizgisini öz görüş dairəsində saxlamır.

Qəhrəmanın əlamətləri məzmun etibarilə eyni qalaraq bir təsvir planından digərinə keçirilməklə tamamilə başqa bir məna kəsb edir ki, bu da onun obrazını tamamlamağa imkan vermir və “o kimdir?” sualının bədii cavabını açıq saxlayır.

Yəqin ki, bu da müəllifin yeni bədii priyomudur ki, hər bir fəsil müstəqil əsər kimi oxuna bilir və eyni zamanda bu fəsilləri bir-birinə bağlayan halqalar da yox deyil.
Bu gün ədəbi camedə ikrahdoğurucu məqamlar yaşanır ki, həmin məqamlar da bu sətirlərin müəllifinin əlini qələmdən soyudur. Açığı, bu yazını yazmaq niyyətim yox idi. Baxmayaraq ki, Nərmin Kamalın kitabını şəxsi kitabxanamın relikviyasına daxil etmişəm.

Ədəbi prosesin nəhəng ədəbi vicdan gözüylə tənzimləndiyi vaxtlar deyəsən çox uzaq keçmişdə qalıb.

Nə yazıqlar ki, bazar iqtisadiyyatının bazara döndərdiyi sahələrdən biri də ədəbi yaradıcılıq sahəsidir.

Bu sahədə öz vicdanıyla təcrübəli dəllal kimi şıdırğı alver edənlər gənc ədəbi nəslin ərazilərini sözün əsl mənasında işğal etməkdədirlər.

Ədəbi sferada hökm sürən antisanitariya total təmizləmə kompaniyasına start verməyin zəruriliyini bir daha ortaya qoyur.

Bu missiyanı “ən yeni ədəbiyyat”çılar müəyyən mənada yerinə yetirirlər. Onlardan biri də Nərmin Kamaldır.

“Aç, mənəm” böyüklər üçün şəkilli kitabdır. Bu romanda hər şey sadədən də sadədir-sadə və aydın.

Azərbaycanın müəllif təhkiyəsində varaqlanan ömür proyeksiyaları əslində bu ölkənin xarakterik xüsusiyyətlərini bir bütöv halında ehtiva edir.

Təqdim olunan situasiyaya uyğun olaraq konkret hadisənin mahiyyəti əslində eyni adam olan bu obrazların yaşam tərzinin təsviri prosesində üzə çıxır.

Nərmin Kamal “qızıl kərpicləri” Azərbaycan binasının divarlarına maksimum ehtiyatla fəsil-fəsil hörür.

Bu “qızıl kərpiclər” Nərminin elmi təfəkkür qəliblərində hazırlanıb və zəngin intellektual bazadan qidalanır.

Nərmin üçün vacib olan qəhrəmanının bu dünyada kim olması deyil, hər şeydən əvvəl dünyanın onun üçün nə olması və onun özünün özü üçün kim olmasıdır.

Qəhrəmanın valideynləri ayrılırlar və ana həmişə ata ilə ananın ortasında yatmağı xoşlayan Azərbaycana belə deyir:

“Bizim ayrılığımız o gündən başladı, sən bizim aramızda yatandan.”

Azərbaycan obrazını təşkil edən ünsürlər gerçəkliyin, qəhrəmanın özünün və onu əhatə edən mühitin xüsusiyyətlərindən qaynaqlanır.

Hər şey qəhrəmanın özünün refleksiyasının obyektinə, özünüdərketmə predmetinə çevrilir. Müəllif romanda hadisələrə zərrəcə müdaxilə etmir, sadəcə, ekzotik dillə təsvir edir, sətiraltı mənalarla beyin çalışmalarını oxucunun ixtiyarına buraxır və bir növ oxucunu sınağa çəkir.

Müəllif əsərin başlanğıcında “...yazıçılar öldü, oxucular yazmağa başladı” deməklə artıq bundan sonrakı olayların anormal müstəvi üzərində cərəyan etməsinə işarə edir.

Nərmin qəhrəmanının heç bir vacib tərəfini, heç bir əlamətini, heç bir cizgisini öz görüş dairəsində saxlamır.

Qəhrəmanın əlamətləri məzmun etibarilə eyni qalaraq bir təsvir planından digərinə keçirilməklə tamamilə başqa bir məna kəsb edir ki, bu da onun obrazını tamamlamağa imkan vermir və “o kimdir?” sualının bədii cavabını açıq saxlayır.

Yəqin ki, bu da müəllifin yeni bədii priyomudur ki, hər bir fəsil müstəqil əsər kimi oxuna bilir və eyni zamanda bu fəsilləri bir-birinə bağlayan halqalar da yox deyil.

Qəti və tamamlayıcı müəllif təyinetmələrini qəhrəmanın özünütəyinetmə məqamına çevirməklə Nərmin Kamal sanki kiçik miqyaslı Kopernik çevrilişi etmişdir.

Bir materialın əsərin sturuktur ünsürləri arasında bölüşdürülməsi Azərbaycan romançılığında forma və həm də üslub baxımından demək olar ki, yeni bir haldır.

Təkcə qəhrəmanın özünün reallığı deyil, həm də onu əhatə edən zahiri aləm və məişət düşüncə prosesinə cəlb edilir, müəllifin görüş dairəsindən qəhrəmanın görüş dairəsinə çevrilir.

Qəhrəman sadəcə təsvir edilir, müəlliflə birləşmir, onun səsinin ruporuna çevrilmir, özü danışır, əsərdə qəhrəmanla müəllif arasında mümkün qədər geniş məsafə yaradılmışdır.

M.Baxtin yazır: “Əgər qəhərəmanı onun yaradıcısı ilə birləşdirən göbək kəsilməmişdirsə, onda bizim qarşımızda əsər deyil, şəxsi sənəddir.”

Nərmin Kamalın romanı bu təhlükəni artıq geridə qoyub.

Bundan başqa, o həqiqət ki, qəhrəman ona gəlib çatmalıdır, buna qədər müəllif magik (“Arzulamaq”) alleqorik (“Ağrımaq”) üsullardan(əslində təxəyyülün hüdudsuz imkanlarından) da yaralanır və bununla da monoloji realizmin sərhədlərindən kənara çıxmış olur.

Nəsrdə xüsusi aforistik təfəkkür elementləri, yəni kontekstdən asılı olmayan fikirlər çox olduqca artıq filosofluq, birbaşa müəllif müdaxiləsi başlayır.

Nərmin təsvir adlı “qoruyucu” vasitəsilə bu mərəzdən qorunmağa çalışır və bu da əsərin bədii keyfiyyətini qoruyub saxlayır.

Həddən artıq informasiyalarla yüklənmiş oxucunun beynini fəlsəfi mükalimələrlə yormaq olmaz.

Yeni əsrin sürət tələbi lakonik roman maketi və yeni kriteriyalar diktə edir. Nərmin Kamalın romanı bu kriteriyalara cavab verir.

“Aç, mənəm”! Bu imperativ çağırışın alt qatında müəllifin mütəvazi eqosunu görməmək də korazehinlik olardı.

Müəllifin bu əsərlə cəmiyyətə hansı mesajları ötürdüyünü anlamaq üçün sadəcə, yüngülcə əziyyətə qatlaşıb kitabı oxumaq vacibdir.

İndi isə kiçik bir iradımı bildirim.

Məlumdur ki, hər hansı bir əsər ilk növbədə dil üzərində qurulur, hər şey (struktur, təhkiyə və s. texniki məsələlər) qaydasında olub dil qüsurlu olarsa, əsərin ümumi arxitektonikasına xələl gətirmiş olur.

Nərminin romanında əvvəldə qeyd etdiyim kimi, bəzi dil xətaları gözə çarpır, sanki hamar yolla getdiyin yerdə qəfildən qarşına tramplin çıxır və “əyləci basmağa” məcbur olursan.

Məsələn: “Sükutluq davam edirdi.”(səh.65)

Azərbaycan dilində “sükutluq” ifadəsi ümumiyyətlə mövcud deyil. “Sükut davam edirdi.” olmalıdır.

Nərmin Kamal
Yaxud: “Onun burularaq geridə qoyduğu prospektdə boğazında kəndir olan bir qarı meyiti uzanmışdı.”(səh.74)

Meyit uzana bilməz, uzanmaq canlıya məxsus ifadədir.

“Nə isə ki, açarımız məsum çıxdı...”(səh.81)

“Nə isə”-dən sonra “ki” bağlayıcısından istifadə olunmur.

Burda biz də nə isə, deyərək söhbətimzi yekunlaşdıraq. Güman edirəm ki, Nərmin xanıma dil dərsi keçməyə ehtiyac yoxdur.

Əgər romandan danışırıqsa, qüsurları görüb yan keçməklə xeyirxah missiyamıza kölgə salmış oluruq.

Ümumiyyətlə isə “Aç, mənəm” nəsrimizdə tamamilə yeni bir(şəkilli) roman nümunəsidir. Müəllif öz istəyinə nail ola bilib.

Həmçinin oxu
Cavanşir Yusifli. Çoxölçülü məkanın və insanın nağılları
Nərmin Kamal: “İstədim ki, qəhrəmanımın adı Azərbaycan olsun…”
Nərmin Kamalın "Aç, mənəm" romanından bir parçanı oxu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG