Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:44
Mən onu qəfil gördüm. İri hərflərlə yazılmışdı: «Bartlbi».

Bu barədə mən də nə zamansa düşünmüşdüm, amma ona ad tapa bilməmişdim və indi bir ispan yazıçısının romanında rast gəldim, bəzi tənqidçilərimizin gümanı ilə desək, həmin sözü çırpışdırdım və bəndənizin Avropa ədəbiyyatından bəhrələnməsi barədə deyən adamların qəlbini sevindirdim.

«Cənab Bartlbi». Kimdir axı bu cənab Bartlbi?

O, əcnəbi bir yazıçının qəhrəmanının adıdır.

Özünü daim yazıçı hesab edən, amma ömrünün sonuna kimi, bir cümlə də yaza bilməyən, böyük ruhun gələcəyini gözləyən fərd.

Əcnəbilər bu cür adamları cızma-qaraçı adlandırır, mənsə etika xatirinə bu sözü işlətmirəm.

Bartlbilər ədəbiyyatımızda çoxdur və onun ən bariz nümunəsi Mehdi Bəyaziddir, yaxud Bəyazid idi.

Ömrü boyu «yazıram» deyən, bəlağətlə danışan yazar, yaxud özünü yazar kimi qələmə verən insan.

Bir dəfə «sən niyə yazmırsan?» sualının cavabında, qoltuğundakı kağız-kuğuzu göstərib: «yazıram da», - dedi.

«Bəs niyə çap elətmirsən?» «Qorxuram», - dedi,- «ideyadan qorxuram».

Bəzi yazarlar ona görə uğur qazanırlar ki, sözə yuxarıdan aşağı baxırlar, ondan qorxmurlar, uğursuzlar isə sözə aşağıdan yuxarı baxırlar, ondan qorxurlar, öz içlərində büzüşürlər.

Bartlbi nə zamansa yazmış, sonradan yazmağı tərgitmiş, yaxud da yazmağa cürət etməyən, amma bu barədə danışmağı sevən yazıçı qrupuna daxildir. O da «azarını» bu cür öldürür.

Heç kimin qəlbinə dəymək istəmirəm. Mən vaxtı ilə ədəbi dairələrdə tanınmış iki Vidadi haqqında gen-bol eşitmişəm, amma onların heç birisinin yazısına rast gəlməmişəm.

Bəlkə də nəsə yazıblar, amma çap etməyiblər.

Elə buradaca adını unutduğum bir yazıçının (o bəndəniz də ola bilər) hekayəsini xatırlayıram.

O da bartlbi haqqındadır.

Daim dostlarının yanında öyünən, yeni yazmağa başladığı əsərin sücetini danışan yazıçının öləndən sonra arxivindən dostları yalnız ağ vərəqlər tapmışdılar.

«Ulduz» curnalının arxivini səhifələyərkən rəngbərəng imzalara rast gəlirsən.

Onların arasında maraqlı şeir, hekayə, povesti olanları da var, amma indi imzaları ədəbiyyatda yoxdur.

Bartlbilərin bəziləri «yazmamaqdan yazmağın özü də yazıçılıqdır», yaxud «hərdən görünmək lazımdır» - deyə özlərini yada salırlar. Məsələn, orta yaşlı bir şair bizə şeir gətirir və deyir:

«Bunu çap edin ki, sonra deməsinlər, ölmüşəm». Zatən bu adamın imzası onsuz da yoxdur, amma görünür, nəyəsə ümüd edir.

Başqa bir bartlbi «mən az yazmağın dahisiyəm» deyir. Ah, əbədiyyət arzusu!

Və burda xoşuma gələn bir fikir yerinə düşür: «O qədər qocalmışdı ki, onu ölməmişdən xeyli qabaq unutmuşdular». Daha bir fikir: «Mənim qanuni varisim yazdıqlarımdır».

Yəni əsas varis çap olunmuş sözdür. Çap olunmamış fikir varis ola bilməz, çünki onun iddiası yoxdur. Uşaq da vahid varis ola bilməz, çünki ona iddia edən ana da var.

Cənab Bartli. Daim yazmaq istəyən, amma qorxan yazıçı.

Onların bəziləri yazmaq istədikləri əsər haqqında o qədər düşünürlər ki, artıq onu beyinlərində yazırlar, uğurunu da görürlər, hətta təmtəraqlı bir salonda Nobel mükafatı aldıqlarını da açıq-aydın təsəvvür edirlər, məşhur «Nobel nitqi»ni də söyləyirlər, amma yazmağa gələndə hər şey yoxa çıxır.

Hər şey bir ilğım kimi əriyir.

Olsa-olsa onlar gözəl bir qadın haqqında yazmaq istədikləri romanın cüzi bir hissəsini qələmə ala bilirlər və roman qadın ayaqlarının təsvirindən o yana getmir.

Zatən bu cür yazıçılar həm də qarabasmalar içində yaşayanlardır.

Onların təəssüratı və xəyalları o qədər rəngbərəngdir ki, bəzən məhvərlərindən çıxırlar, təsəvvür olunanla təsəvvür olunmayanın sərhəddini keçirlər və yazdıqlarını özlərindən başqa heç kəs başa düşmür.

Cənab Bartlbi yazmamaq üçün hansısa mücərrəd problemi bəhanə gətirir. «Niyə yazmırsan?» sualına «iş-guc o qədərdir ki»-deyə cavab verir.

Həmin adamlar üçün siqaret də bir bəhanədir. «Bu zəhrimarı tərgidə bilsəydim.

Nə zaman ki, yazmaq istəyirəm, siqaret çəkməyim gəlir.

Siqareti çəkib qurtarana kimi mövzu da yoxa çıxır». Məzlum və fəqir cənab Bartlbi.

Elə bartlbilər də var ki, şöhrət mərəzinə tutulduqlarından nəsə yaza bilmirlər.

Onlar istəyirlər ki, bir oturuma dünyanı lərzəyə salan, hamını mat qoyan bir əsər yazsınlar və bu fikirlə də yaşaya-yaşaya dünyalarını dəyişirlər. Şöhrətə can atmaq isə yazıçı üçün arzuolunmaz bir haldır.

Seneka deyirdi ki, «şöhrət iyrənc şeydir, çünki ictimai rəydən asılıdır».

«Dahilik - istedad üstəgəl daha çox zəhmətdir»-bu da yaxşı fikirdir.

Elə bartlibi də tanıyıram ki, başqalarının uğurundan söhbət düşərkən deyir:

Mən bir oturuma iyirmi roman, yaxud pyes yazaram.

Bu sözləri deməyə onu ən azı iki şey vadar edə bilər: ya o sadəlövhdür, yazıçılıq haqqında təsəvvürləri bəsitdir, ya da bu sözü deməklə özü-özünü ruhlandırır, özünə təskinlik verir.

Bayaq dedim ki, ad çəkib kiminsə xətrinə dəymək istəmirəm.

Ona görə də fikrim tam aydın olsun deyə, özümüzünkülərdən yox, özgələrdən, özü də ən məşhurlarından misal gətirəcəm və yuxarıda dediyim yazıçının romanından bəzi düşüncələri də onun gözünə qatacam, yaxud da əksinə.

Xuan Rulfo məşhur «Pedro Paramo»dan sonra heç nə yazmadı.

Məşhur yazıçı düz otuz il üzünə müdrik görkəm verib susdu. Amma daim susmaq tanrılara məxsus olduğuna görə, oxucular onu dinc buraxmadılar. «Tanrı susmaq ustasıdır».

Rulfonun dostu Avqusto Monteresso Rulfo haqqında deyirdi ki, o bicliyindən yazmadı. Çünki növbəti əsərinin uğursuzluğundan qorxurdu.

Yazıçı özü isə «niyə yazmırsınız?» sualına, «mənə əfsanələr danışan dayım Selerino ölüb» deyə cavab verirdi. Və araşdırmaçılar sonradan yazıçının fikirlərində bir həqiqət olduğunu üzə çıxardılar.

Çünki Xuan Rulfonun hekayələr kitabında müəllif özü «bu hekayətləri mənə dayım Selerino danışıb» deyə etiraf etmişdi.

«Pedro Paramo» haqqında isə yazıçı qeyd edirdi ki, «bu romanı necə yazdığımı bilmədim, sanki onu mənə kimsə diqtə edirdi».

Bəlkə, yazıçı diqtə edənin dayısı olduğuna işarə vururdu? Bəlkə də Uca tanrıya?

Və sonradan tanrının onu öz məhvərindən çıxarıb, başqa bir məkana – dəlilər məkanına aparmaqdan qorxmuşdu. Məsələn, Artur Rembo, yaxud Sokrat kimi.

Rembo on doqquz yaşına kimi iki kitab yazdı və dayandı. «Məni qarabasmalar müşaiyət edirdi». Bu sözləri Rembo gündəliyində yazmışdı. «Zavod yerinə, məscid görürdüm. Göydə dəvə karvanına, gölün altında isə əzəmətli salonlara baxırdım».

Öz fikirlərini gündəliyinə yazan Rembo bu vərdişdən də əl çəkdi. Bəlkə də ona görə ki, öz yazdıqlarından qorxurdu.

Dillər əzbəri, fəlsəfənin banisi yunan Sokrat isə ömrünün axırına kimi, bir cümlə də yazmadı.

«Yazmaq məqamı gələndə mən, sanki, iflic olurdum» deyə böyük filosof öz dostlarından birinə xəlvətcə etiraf etmişdi.

Bartlilər həm də yarımçıq olurlar. Onlardan biri də məşhur «Çevrilmə»nin müəllifi Frans Kafkadır. Onun saysız-hesabsız yarımçıq əsərləri qalıb.

Mənim tanışlarımdan biri çox savadlı və istedadlı olmasına baxmayaraq, hər işini və yazısını yarımçıq qoyurdu.

O, hətta vətəndə də yarımçıq yaşadı, qürbəti hədəf seçdi, orada da axıra kimi qalacağına şübhə edirəm. Bu mənada məni də qismən bartlbi saymaq olar, çünki çoxsaylı yarımçıq yazılarım var.

«Çovdarlıqda uçurumdan qoruyan» əsərinin müəllifi Selencer də sonradan heç nə yazmadı və öz malikanəsinə çəkilib oturdu.

Amma bartlbilərin hamısı Sokrat, Rembo, Kafka, yaxud Selincer ola bilməz ki…Onlar ya öz əsərləri, ya da fikirlərilə tarixin yaddaşında qalıblar. Bu mənada bartlbilər özlərinə təskinlik verə bilərlər.

Bəlkə heç nə yazmamaq bartlbilərin özünü qiymətləndlirmə hissiylə bağlıdır. İspan ensiklopediyasında adı olan, amma bir cümlə də olsun yazmayan məşhur ədəbiyyatçı Pepin Belye kimi. «Mən kiməm ki, nəsə də yazım!? Heç kim!»

Dadaistlər də bartlibilərin ən məşhurlarındandır.

Ötən əsrin əvvəllərində yeni ədəbiyyat yaratmaq istəyən, «ədəbiyyat gündəlik həyatdır» deyə paltarlarından konserv qutuları asıb, küçələri hərlənən dadaistlərin məşhur dördlüyü, başda Artur Kravan olmaqla intihar etdilər.

Onların hamısı Meksika körfəzinin sularında itdi. «İnostrannaya literatura» curnalında Kravanın yalnız bir hekayəsini oxumuşam. Adı yadımda qalmasa da, maraqlıydı.

Bir qrup bartlbi də var ki, onlar həddən çox oxuyublar, az qala dünya ədəbiyyatını əzbər bilirlər.

Oxuduqları əsərlərdən də güclüsünü yazmaq, böyük ruhun başlandığı yeri tapmaq istəyən bu bartlbilər nəticədə nəyəsə nail olmurlar. Onlar ya dəli olurlar, ya da intihar edirlər.

Bartlibilər özlərinə təmtəraqlı təxəllüs götürməyi xoşlayırlar və təxminən belə düşünürlər: «Yaza bilməsəm də, gözəl təxəllüsüm var».

Onlar müxtəlif pozada və xarakterlərinə uyğun şəkil çəkdirməyi xoşlayırlar. Yox, kameranın obyektivinə təsadüfən düşmürlər, məhz çəkdirirlər.

Bartlbilər cavan yaşlarından adını eşitdikləri yazarların dairəsinə düşürlər, oranı bir sekta kimi qəbul edirlər, həmin qrupun əxlaqını və yaşam tərzini mənimsəyirlər.

Günlərini barlarda, kafe və çayxanalarda keçirməyi, ədəbiyyat haqqında uzun-uzadı danışmağı, qeybəti çox sevirlər.

İçkiyə qurşanırlar və yalnız dəbin tələb elədiyi mövzu və üslublarda yazırlar.

Həmin dairədə sərbəst və sücetsiz yazmaq dəbdirsə, hecada yazmaq olmaz, yoxsa səni geridəqalmış sayarlar.

Odur ki, onlar ömürlərinin axırına kimi özlərini tapa və potensiallarını gerçəkləşdirə bilmirlər. Bakıda da bu cür sektalaşmış qruplar və məkan var.

Onlar şəhərə təzə gələn ədəbiyyat öyrəncilərini, yaxud həvəskarlarını dərhal öz təsirləri altına alır, pafos və bəlağətlə sözdən danışır, təzələrə «master klass» keçir, nəzarətlərində olan internet portallarına öyrəşdirir və yalnız özlərini təbliğ edirlər, başqaları, nə qədər istedadlı olsalar da belə, ədəbiyyatda yoxdur, çünki onlardan deyillər.

Bu cür sektalar və qruplar piarla məşğul olur və konyukturaya işləyirlər, amma zamanı gələndə sabun köpüyü kimi partlayıb yox olurlar.

Bartlbilərin arasında aqraflar da olur. Onlar qrafomanlardan fərqli olaraq çox az yazırlar.

Bütün bunların sonunda deyim ki, bartlbilərin bir xoşbəxtliyi var. Onlar da yazarlar qrupuna aiddirlər, sadəcə uğursuz yazarlar qrupuna.

Cənab Bartlbi. Onların hamısının içində böyük yazar olmaq iddiası olduğuna görə qısqancdırlar.

Öz uğursuzluqlarını başqlarının uğurunda axtarırlar. Mən indi onların hamısını tanıyıram. İnanıram ki, siz də tanıyırsınız və internet portallarında onları daim görürsünüz.

İndən sonra isə yaza bilməyən, yaxud da nə zamansa bir-iki şeir, hekayə yazmış həmkarınızı görəndə ürəyinizdə «xoş gördük, cənab Bartlbi» deyəcəksiniz.

Mənsə indidən, yenə də kiminsə xətrinə dəyməmək üçün və ədəb xatirinə soruşuram:

-Kefiniz necədir, cənab bartlbilər!?

İyunun sonu – 2007

Günün bütün mövzuları

XS
SM
MD
LG