Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:44

MSK Aqil Səmədbəylinin İqbal Ağazadədən şikayətinə baxıb


Mərkəzi Seçki Komissiyasının (MSK) oktyabrın 26-da keçirilən iclasında səlahiyyətli nümayəndələrin və vəkil edilmiş şəxslərin qeydiyyatı məsələsinə baxılıb.

İclasda “AXCP-Müsavat” seçki blokundan 35 saylı Xətai üçüncü seçki dairəsindən namizəd Aqil Səmədbəylinin, həmin dairədən namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə barədə MSK-ya ünvanlandığı müraciət müzakirə edilib.

Müraciət barədə məlumat verən MSK katibi Natiq Məmmədov deyib ki, şikayətdə Aqil Səmədbəyli İqbal Ağazadənin Seçki Məcəlləsinin bəzi müddəalarını pozduğunu bildirib. Şikayət baxılması üçün Dairə Seçki Komissiyasına göndərilib.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, bülletenlərin çapı və dairə seçki komissiyalarına paylanması oktyabrın 29-da başa çatacaq.

M.Pənahov namizədliyi qeydə alınan 42 nəfərin namizədliyini geri götürdüyünü də bildirib. 125 seçki dairəsi üzrə 692 deputatlığa namizəd isə seçkidə iştirakını davam etdirəcək.

MSK sədrinin sözlərinə görə, parlament seçkilərini 42 ölkədən müşahidəçi izləyəcək. 581 beynəlxalq müşahidəçi qeydə alınıb. Ölkə üzrə seçkiləri müşahidə etmək üçün 1705 nəfər MSK-da qeydiyyatdan keçib. Ümumilikdə isə seçkiləri müşahidə etmək üçün isə 25000 nəfərə yaxın şəxs qeydə alınıb.
XS
SM
MD
LG