Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:35
Əlvida Bakı! Bir udum mahnı, əlvida...

Maraqlı bənzətmədir, deyilmi? Az qala bir əsr öncə Bakıya səyahət edən bir şairin (Sergey Yesenin) misralarıdır.

Onilliklər sonra Bakıdan köç edən bir bəstəkar-müğənni (Müslüm Maqomayev) bu misraları mahnıya çevirəcək və şeirin üstündən yüzillik tozu çırparaq duruldacaq, ona yeni nəfəs, əbədi həyat verəcəkdi.

Taleyin işinə bax - “Əlvida, Bakı” onun son mahnısı olacaqdı:

Əlvida, Bakı! Əlvida türk duruluğu!
Daha donmaqda qan, tükənməkdə güc.
Amma məzaracan ruhum xoşbaxt, dinc
İçimdə var Xəzər, baxtın qayığı...

MÜSLÜM MİLYONLARIN DOĞMASIYDI


İki il öncə oktyabrın 25-də Bakıya - Müslümün doğma şəhərinə qaradan-qara xəbər gəlib çatdı. Bu xəbərə heç kəs inanmadı, inanmaq istəmədi.
Lap əzəldən belədir. Adam doğmasının ölümünə inanmır.
Amma o qaradan-qara xəbər düz çıxdı. Bir qəmli payız günü Azərbaycan öz böyük oğlu ilə vidalaşmalı oldu. Qucağını eynən Müslüm “Azərbaycan”- deyibən açdığı kimi açıb torpağında ona yer verdi.

Nə yaxşı ki, belə oldu. Vəsiyyət etməsə də, Müslüm bəyin ürəyindən yəqin elə bu istək keçərdi. Babası - adını və soyadını daşıdığı Müslüm Maqomayevin yanında dəfn olunmaq istərdi.
Həm də Bakıda, özü demişkən “əvəzsiz yurdda” uyumaq ürəyindən keçərdi...

BAKI-UŞAQLIĞIMIN VƏ GƏNCLİYİMİN ŞƏHƏRİ

Xatirələrində elə belə də yazır Müslüm bəy: “Bakıdakı evimiz, doğma həyətimiz (Müslüm Xaqani küçəsindəki Artistlər Evində yaşayırdı - S.İ.) Dənizkənarı sahil, şıltaq Xəzərin coşqun ləpələri həmişə xatirimdədir. Dünyanın saysız-hesabsız möhtəşəm şəhərlərində olmuşam. Amma Bakının hərarətini, gözəlliyini bunların heç birinə dəyişmərəm. Bakı-əvəzsiz bir yurddur mənim üçün. Uşaqlığımın və gəncliyimin şəhəridir...”
Əlvida Bakı! Son ayrılıq qapıda.
İndi içimdə qəm və qorxu və xof.
İndi ürək daha üzgün, düz əlimin altında,
İndi tam bilinir nə deməkmiş dost…

ULU BABASI İLİSUDANDI

Düz oxudunuz. Baba Müslümün atası XIX əsrdə Qaxın İlisu kəndindən Qroznıya toy məclisinə gedib orada həmişəlik qalmağa məcbur olub. Məsələ burasındadır ki, toya gedən gənc elə toy məclisindəcə bir qıza vurulur, onunla evlənir və ömürlük o diyarda qalır. Baba Müslüm bu nikahdan doğulur.

MAQOMAYEVLƏR ƏVVƏLDƏN YURDCANLI İMİŞLƏR...

Yazılanlara görə, hətta Qori seminariyasında oxuyanda, Müslüm öz məktəb yoldaşı Üzeyirlə (Hacıbəyli) bir dəfə tətildə İlusuya-ata yurduna səyahət edib, orada yaşayan qohumları ilə görüşübmüş. Bir az Qroznıda işləyəndən sonra onun Azərbaycana dönüb Lənkəranda müəllimliyə başlaması da bu yurd sevgisinin işartısı ola bilərdi...

BABAMIN YOLUNU DAVAM ETDİRMƏLİYƏM!

Xatirələrində belə yazır nəvə Müslüm. Bir az böyüyən kimi babasının arxivini araşdırmağa başlayır və onun “dahi bəstəkar və dirijor” olduğu qənaətinə gəlir.

“Mən babamın yolunu davam etdirməliydim. Həm bəstəkar, həm dirijor, həm də pianoçu olmalıydım”-deyir.

“Görünür, elə bu məqsədlə onun adını mənə qoymaq qərarına gəliblər. Beləliklə, mən tam mənası ilə babamın adaşı, sənətdaşıyam”- yazır.

“HƏ” İMPERİYASININ “MİSTER YOX”U


Müslüm bəy nəinki babasının adını, sənətini davam edirdi, hətta onun kimi vicdanlı, yalansız, bütöv bir şəxsiyyət kimi yetişdi.

Dövrün konyukturuna da bulaşmadı. Özü demiş, “nə komsomola yazıldı, nə partiyaya”.
O dövrdə hər bir müğənninin boynuna qoyulan komsomol mahnılarını da oxumadı. Sakitcə “yox” dedi. O üzdən də ona “Mister Yox” deyərdilər...

Beləliklə, AzadlıqRadiosunun “İz” proqramının “Hə” imperiyasının “Mister yox”u” radiodastanı qarşınızdadır.

Müslüm bəyin ikinci xatirə günündə bu verilişi bir də dinləməyinizi istədik.

Təsəvvür edin ki, Müslüm Maqomayevin uzun illər boyu mətbuata verdiyi müsahibələrdən seçmələr bir proqramda cəmləşib. Və sizi inandırıram ki, az qala bütün jurnalistlərin yazılarından toplanmış söhbət heç də pis alınmayıb.

Dinləyin və ikinci xatirə günündə o bənzərsiz müğənnini bir daha yad edin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG