Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:48














Həyatımız daha da ağırlaşanda

yer üzündə şirin su çatışmayanda

ozon dəliyi bir az da yekələnəndə

qış daha soyuq

yay cəhənnəm əzabı

yeməklər dadsız

insanlarsa ətiacı olanda



yenə,…

yenə də qadınlar çatacaq dadımıza…



O gözəl məxluqları qurudub üyüdəcəyik

qaxaca dönmüş bədənləri

barmaqlarımızın arasında

ovulub xırtıldadıqca

son qışqırtıları kimi gələcək qulağımıza



sevgi dolu o varlıqlar

bəşər nəslini qorumaq üçün

sonuncu çarəmiz olacaq



Cibimizdə qadın tozu kiçik kavanozlarda

arın-arxayın yaşaya biləcəyik,

qorxumuz olmayacaq

ürək çatışmazlığından

insultdan

prostatitdən

dilimizin altına bir gilə qadın həbi qoyan saat

geridə qalacaq bütün ağrılar

başımız ağrısa

qurudulmuş qadın dəmləməsi –

daha nə istəyə bilərik

əlimizin altında

bir balon qadın nəfəsi varsa.



Ən dəhşətli çibanlar da

qorxusuz olacaq bundan sora

bir dirhəm fil nəcisini

üyüdülmüş qadın sümüyü

və eyni miqdarda

təmiz balla qarışdırıb

yaranın üstünə qoysaq keçər.

Səhlənkarlıq olmaya



Səhərlər baqqala varıb

bir qutu qadın almaq

adətimiz olacaq...

köhnə məhəllə uşağıyıq deyə

bizə təmizindən verəcək



Duz istiot ketçapla yanaşı

masamızın üstündə hər zaman

bir miqdar qadın tozuna ehtiyacımız olacaq

məsələn

çuğundur salatına bir az qadın qurusu vursaq

bağırsaqlrımız yumşalar

həm üzümüzün rəngi durular

qəlbimizsə fərəhlə dolar



Sıxıb sularını çıxaracağıq sevgililərimizin

– şəraba qatmağa bir qaşıq qadın şirəsi

hər şeyə bədəldi

iştahanı açır

yeməkdən qabaq

1 stəkan suya

20-25 qadın damlası



Qadın cövhərindən spreylər düzəldəcəyik

ümidsizlik canımızı qapanda

qulağımızın dibinə

qoltuğumuzun altına sıxacağıq.

Saçlarından qumaş düzəldəcəyik –

prestijli sayılacaq qadın dərisindən əşyalar.

Dişlərindənsə amulet –

şər qüvvələrin çoxaldığı indiki zamanda

boynumuzdan qadın dişi asmaq

yaşamağın danılmaz şərtlərindən biri olacaq.



Qadınsız yaşamaq çətinləşəcək qardaşlar

hər zaman olduğu kimi

işbazlar fürsəti fövtə verməyəcək

qadın tozu ürətən

kiçik fabrikalar iflas edəcək

kasıblar ən ucuzlarından çəkəcək.



Kosmik səyahətlərimizdə də

zərif cins yanımızda olacaq yenə –

tübiklərdə qadın pastalarının yerini

heç nə verməyəcək.



Bəşər nəslini xilas etmənin tək çarəsi qadınlar

indiki resurslarla

Yerin ömrünü bir min il də uzatmaq olar.



Hələ

kədər canımızı saranda

için için sızlayıb öz taleyimizi ananda

yenə…

yenə də qadınlar çatacaq dadımıza

Saçlarından hördüyümüz yorğanla

üstümüzü örtəcəyik gecələr

yatağa girərkən

keçmiş sevgilərimizi anıb

xəyal bişirəcəyik

yuxu ilə aşkarlığın

neytral zolağında…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG