Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 05:55














QORXULU YUXULAR

I
Məlikməmmədin iki qardaşının,
igidlik ad-sanını
bir düşkün yuxuya satdıqlarını,
Atalarına gərəkən
dirilik almalarını
Divə oğurlatdıqlarını,
lap uşaqlıqdan bilirdim.
...Ancaq mən çox-çox sonralar,
yaşam sınaqlarından keçə-keçə
anlayıb, bildim:
acı-acı göynəyən
kövrək duyğulardan
doğan qanacağın;
duzlu-duzlu sızıldayan
ürək ağrılarından
doğan gözü açıqlığın;
bal dadan yuxulardan doğan
mağmunluq dolu dolanışıqdan;
şit dadan qorxulardan doğan
başı-qulağı dinc gözüqıpıqlıqdan
üstün olduğunu.

II

Yuxuya qalan öküzün
erkən duran öküzdən
hansı "payı" aldığını,
baş-gözünün nəyə bulandığını,
kəndimizdə hamı bilirdi...
...Ancaq mən çox-çox sonralar,
Mirzə Cəlili oxuyanda
anlayıb, biidim:
danabaşlıq yuxusuna dalan,
anlamazlıq, qanmazlıq çamuruyla
baş-gözünün çölü yox, içi bulanan,
dərisi öküz gönündən də qalın
çaşbaş adamların,
yatıb yuxuya qalan
öküzdən geri qalmadığını.

III

Bizim kənd qocalarının
dilinin sözüydü bu:
“Gecənin yaxşılığından keç,
Gündüzün yamanlığını seç”.
Bir də qayıdıb deyərdilər ki:
“Yatdın, elə bil öldün,
sən yatmısan yağın oyaq,
yatma yağından qabaq.”
...Ancaq mən çox-çox sonralar,
“Dədəm Qorqudun Kitabında”
Oğuzların yuxuya
“kiçik ölüm dediklərini”
oxuyanda anlayıb, bildim:
bizim qocaların nədən
yuxudan üşəndiklərini də,
oğuz olduqlarını unudub,
ancaq yenə elə
oğuz kimi düşündüklərini də...

IV

Uşaqlıq çağımızda
böyüklər nağıl danışa-danışa,
baxıb yuxu tökülən gözlərimizə
şuxluq elərdilər bizimlə:
“Qara eşşək gedib qarpız dalınca,
Yatmayasan o qayıdıb gəlincə.”
...Ertədən durub: qara eşşəyi tövlədə,
qarpız içi kimi qıp-qırmızı
günəşi üfüqdə görər,
tapmayıb qarpız payımızı,
tökərdik mısmırığımızı.
...Ancaq mən çox-çox sonralar,
aldanıb inandığım,
inanıb aldandığım,
yalanlarla dop-dolu,
uzun bir ömür yolu
keçəndə anlayıb, bildim:
yalanların yer üzünü
başına götürdüyünü.
...dan üzü günəşin üzünün
qızarıb pörtdüyünün,
bizim yalanlarımızdan
dolayı olduğunu
bilirsinizmi?!..

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG