Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:49

Vizasız Bakıya gələn xaricinin sərgüzəstləri (İkinci hissə)


(DAVAMI, YAZININ BİRİNCİ HİSSƏSİNİ BURADA OXU)

Bundan sonra hərə öz ölkəsinin səfirliyinə zəng etməyə başladı. Avstraliyanın ən yaxın səfirliyi Türkiyədə, Ankarada idi. Onlar vəd etdilər ki, telefonla lazımi yerlərlə danışıb mənə geri zəng edəcəklər.

Ətrafdakı sərnişinlərdən də kimi Amerika, kimi Briyaniya, kimi də Fransa səfirliyi ilə danışırdı, amma heç kim ümidverici cavab ala bilmirdi.

Ankaradakı səfir geri zəng edir. Deyir ki, Türkiyənin Azərbaycandakı səfirliyi ilə danışıb, orada bildiriblər ki, viza rejimində dəyişiklik olub. Deyir ki, İstanbula uçan təyyarəyə minmək qərarım doğrudur, cünki Ukraynanın məni geri qəbul edəcəyinə əmin deyil.

Ankaradakılar hər ehtimala qarşı məni Avstraliyanın Vyanadakı səfirliyi ilə də calayırlar, deyirlər ki, Ukraynaya onlar baxır.

Vyanadakılar tərəddüddədilər, amma məsləhət görürlər ki, Kiyevə gedən təyyarəyə minib allaha kərim deyim.

Bakı səfərinin başlamasından artıq 30 saat keçib. İtsanbula uçan təyyarə çoxdan Bakını tərk edib, 6 saatdır ki, əlimdən alınan pasportumdan xəbər yoxdur və mən hələ də bilmirəm ki, aqibətim necə olacaq. Bakıdan Kiyevə, Kiyevdən də Bakıya deportasiya olunmağım gözlərimin önünə gəlir, xəyalən ömrümün qalan hissəsini Bakı ilə Kyev arasında qalıram...

Nəhayət Azərbaycanın miqrasiya xidmətindən kimsə peyda olub sınıq-salxaq cümlələrlə bizə nəsə izah edir. Mənə deyir ki, Ukraynaya deportasiya olunsam hər şey qaydasına düşər. Onun dediklərini düzgün başa düşürümsə, Ukrayna sərhədçiləri məni qəbul etməsələr oraya ilkin olaraq daxil olduğum ölkəyə - Rusiyaya deportasiya edəcəklər.

Amma, axı elə Rusiyaya olan vizam da birdəfəlik idi? Təxmin edirəm ki, Rusiya da məni ora gəldiyim ölkəyə, Özbəkistana deportasiya edəcək, onlar öz növbəsində Qırğızıstana, qırğızlar da məni təhvil verəcəklər Çinə.

Sonra həmin miqrasiya əməkdaşı məndən pasportumu istəyir.

Görürəm ki, 3 saatdan sonra İstanbula daha bir təyyarə üçür və qərar verirəm ki, nəyin bahasına olur-olsun həmin təyyarə məni də qanadlarına almalıdır.

Kanadadan bir gənc var. Onunla birgə qətiyyətlə üs tuturuq pasportlarımızı tələb etməyə ki, bilet ala bilək.

İmiqrasiya xidmətinin rəhbəri cənab Abbas bizə cavab verir ki, indicə geri qayıdacaq və onun işçilərindən biri pasportlarımızla birgə bizi kassalara müşayət edəcək (biz tranzit zalındayıq, biletlər satılan zal isə aeroportun tamam başqa hissəsində yerləşir). Orada bilet alandan sonra bizim biletləri və pasportları özlərində saxlayıb Bakını tərk edən təyyarənin astanasında qaytaracaqlar.

Bütün bunları izah edib cənab Abbas qeyb olur, onun işçilərində isə bizə kömək etmək istəyindən zərrə qədər də əlamət yoxdur. Sadəcə deyirlər ki, gözləyin, hava yolları şirkətinin nümayəndələri gəlib özləri bizə bilet satacaq.

Odur ki, gözləyirik. Bir saat sonra, təyyarəyə qeydiyyat başlayıb, biz isə hələ də gözləyirik.

Cənab Abbası soruşuruq. Cavab verirlər:

- O, evə gedib. Sizə kömək edə bilməyəcəm. Xoş gəldin.

Amma heç 2 dəqiqə keçmir ki, cənab Abbası öz otağından çıxan görürük. Onun üstünə qaçırıq. Bizi təhlükəsizlik nəzarəti məntəqəsinin arxasındakı zala göndərir. Deyir ki, onun cənab Nail adlı əməkdaşı bizi orada qarşılayacaq.

Biz çantalarımızı nəzarətdən keçirib təhlükəsizlik məntəqəsinin əks tərəfinə keçirik və cənab Naili soruşuruq.

- Nail evə getdi.

- Bizi cənab Abbas göndərib. Bir başqası bizi bilet kassalarına apara bilər?

- Bircə dəqiqə, cənab Nail indi gəlib sizə kömək edəcək.

Daha 20 dəqiqə gözləyirik. Getmək istədiyimiz təyyarəyə tezilklə minik başlayacaq.

Elə bu vaxt kanadalı gənc elə bir ifadə tapır ki, bizim dərdimizə çarə qılır. Onun “Sehrli sözləri” belə idi:

- Əşşi, imkan verin biletimizi alıb ki, sizin çər dəymiş, axmaq ölkənizi tərk edək!

5 dəqiqə və 300 dollardan sonra pasportumuz və biletimiz əlimizdə idi. Qeydiyyatdan keçib baqajı təhvil verir, aeroportun barında iztirablarımızın sona çatmasını pivə ilə qeyd edirik.

20 dəqiqə də keçəndən sonra mən artıq İstanbula uçan təyyarənin gövdəsindəyəm. Onun yerə enməsi ilə mənim oyaq qalmağımın 40 saatı tamam olacaq.

Azərbaycana səfər edən tanışlarımdam eşitmişəm ki, oranın camaatı çox istiqanlı və qonaqpərvərdir.

Təəssüf ki, Azərbaycanda hökumətin işini təsəvvür etmək üçün gərək Ukraynada qatar biletlərini satan qadınların mədəniyyəti ilə Qahirə taksi sürücülərinin dəqiqliyini birləşdirəsən.

MÖVZUNU YAZININ BİRİNCİ HİSSƏSİNDƏ ŞƏRH EDİN
XS
SM
MD
LG