Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:31

Mövlud Süleymanlı “sandıq şeirlərini” çap etdirəcək


Xalq yazıçısı Mövlud Süleymanlı sovet dövründə yazdığı, amma həmin vaxt çap edillməsindən imtina olunmuş şeirlərini kitab şəklində buraxacaq.

Yazıçı “Oxu zalı”na açıqlamasında deyib ki, yüzlərlə belə şeiri var.


- Mən heç vaxt – hətta sovet dövründə də yazanda tənqidi nəzərə almamışam. O zaman yazdığım şeirlərin – o saralmış vərəqlərdəki şeirlərin qıraqları o zamankı qəzet-jurnal redaktorlarının qeydləri ilə doludur.

70-ə yaxın yaşım var, amma hələ də həmin yazıları saxlayıram – son misrasına qədər.

İndi görürəm ki, Allaha çox şükür, onlar mənim qazancımdı. Mən sözü halal demişəm – heç kəsdən qorxmadan. Mən ədəbi tənqidi nəzərə alsaydım, o şeirlər yarana, mənimlə indiyəcən yaşaya bilməzdi.

Mövlud Süleymanlı sovet dövründə nəsr əsərlərinə, xüsusən “Dəyirman” povestinə görə kəskin tənqid edilib.

Amma yazıçı deyir ki, yaradıcılığının ilk dövrlərindən başlayaraq yazdığı şeirlərin də “yolu” hamar olmayıb
.

- O şeirlərin qırağına minus qoyurdular ki, bu nədir, bu bizim ideologiyamıza, reallığımıza uyğun deyil.ücərrəddir, anlaşılmazdır və s.

Mənim elə anlarım olurdu ki, o şeirləri özüm üçün oxumaq istəyirdim. Bunlar - gizlində gördüyüm işlər, içində yaşadığım duyğulardı.

Həmin şeirlər məni qəhərdən, kədərdən qurtarıb. Mənə azad yaşamağı, azad nəfəs almağı öyrədib – demişəm ki bax budur yanımdadırlar, onları azad yazmışam.

- Demək olarmı ki, onlar dissident ruhlu yazılardır?

- Yox, mən o adamlardan deyiləm ki, yalandan deyim ki, “ay mən o dövrdə belə olmuşam, elə olmuşam” – bu cür şeylər mənlik deyil. Mən o şeirləri antisovet ideyaları yaymaq düşüncəsi ilə yazmamışam.

Sadəcə ideologiyanı yox, gerçəyi düşünüb yazdığım üçün o yazılar o dövrün yazısı ola bilmədi. Həmin şeirlər Tanrısını, soyunu tanıyan bir düşüncənin məhsulu idi.

Sonra mən nəsrlə məşğul olmağa başladım və o şeirlərə gizlində davam etdim. Belə şeirlər 1963-cü ildən başlayaraq ta inqilab illərinə - 80-ci illər, 90-cı illərin əvvəlinə qədər yazılıb.

Bilirsiniz, mən romanları yazanda onların yanında bir yer saxlayırdım. Axı şeirin öz yeri var, birdən doğulur. Əsl şeir bir başlanğıc ola bilər, şair üçün də, millət üçün də bayraq ola bilər. Əsl şeir – bəlkə də pafoslu çıxır – Vətən dadır.

- Həmin şeirlərdən nümunə göstərə bilərsinizmi?

- Doğrusu, mən şeiri yazana qədər əzbər bilirəm, yazandan sonra tam şəkildə yadımda qalmır. Məsələn, bu şeir:

Haqq sözdən söz alır nur,
Olanlar bir də olunur,
Hər nə var məndə bulunur,
Dünyadı məndən aşağı.

Binadan tövbə etmişəm,
Yolu içimdən getmişəm,
Haqdan eşq alıb bitmişəm,
Mənəm bir haqqın uşağı.

O vaxt belə şeirlər xoşa gəlmirdi. Mücərrəd, ideoloji baxımdan anlaşılmaz sayılırdı.

- Keçən il öz romanınızla Milli Kitab Müsabiqəsində iştirak etdiniz. Bu il də həmin müsabiqəyə qatılmaq fikriniz varmı?

- O müsabiqə çox maraqlı layihə idi, son romanımı – “Erməni adındakı hərflər” romanımı ora təqdim etdim.

O əsəri, təvazökarlıqdan kənar çıxsa da, dəyərli iş sayıram. Amma romanı o müsabiqəyə yer tutmaq fikri ilə göndərməmişdim.

O fikirlə göndərmişdim ki, bu bizdə yeni - ciddi bir müsabiqədi. oy daha da əhatəli olsun. Bundan sonrakı müsabiqə mənlik deyil, qoy cavanlar iştirak etsin.

- Romandan sonra yeni nəsr əsəri yazmısınızmı?

- O romandan sonra “Teymurlar” adında povest yazmışam. Amma hələ ki çapa vermək istəmirəm.

- Kimdir Teymurlar?..

- Bunların prototipləri tanıdığım adamlardır – qohumlar, yoldaşlar arasında. Ad şərtidir, Əhməd də ola bilərdi.

Teymurların talelərini, münasibətlərini, xarakterlərini, ictimai baxışlarını, geyimlərini vermişəm.

Onların Avropaya, Rusiyaya, kəndə, indiki dəbə münasibətini...

Mövzu - milli olmağın ağrılarıdır. Qərbləşmə gərək kortəbii olmasın. İnsan gərək öz xalqının adət-ənənələrini qoruyub saxlasın.

- Belə çıxır ki, Teymurlar sizin indiki dövr haqqında fikirlərinizi bölüşmək üçün “bir bəhanədir”...

- Əlbəttə əgər 5 Teymur varsa, 5-i də Mövluddur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG