Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:09
«AXCP-Müsavat» blokunun bizimlə görüşüb-görüşməməyi blokun tam hüququdur. Amma istəməzdim ki, onlar imtinalarını reallığa aid olmayan hansısa məsələləri səsləndirməklə izah etsinlər».

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının rəhbəri Pol Ville oktyabrın 21-də AzadlıqRadiosunun sualını cavablandırarkən belə deyib.

Oktyabrın 19-dan Azərbaycanda səfərdə olan missiya bir sıra rəsmilər, o cümlədən prezident İlham Əliyevlə, daha sonra siyasi partiya nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri ilə görüşüb.

Ancaq əsas müxalifət bloku «AXCP-Müsavat» müşahidə missiyası ilə görüşdən imtina edib. Blok imtinanın səbəbini Avropa Şurasının müvafiq strukturlarının, xüsusən də AŞPA-nın son illər Azərbaycanda keçirilən seçkilərlə bağlı prinsipial mövqe nümayiş etdirməməsi ilə izah edib. Blokun iddiasına görə, Avropa Şurası Azərbaycanda demokratiyanın inkişafı istiqamətində üzərinə düşən missiyanı yerinə yetirmir.

P. Ville hesab edir ki, seçki zamanı Avropa Şurasının Azərbaycan üçün hansı işlər görməsini müzakirə predmetinə çevirmək düzgün deyil:

«Əvvəllər ifadə edilən bütün mövqelər sadəcə AŞPA missiyasına aid olmayıb, verilən bəyanatlar birgə bəyanatlar olub. Bu bəyanatlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiqabağı missiyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamentinin nümayəndə heyətləri ilə birlikdə verilən qərarlar olmuşdur. Biz Azərbaycandakı nə iqtidar, nə müxalifət partiyalarının təzyiqi altında olmaq, bu seçkinin predmetinə də çevrilmək istəmərik. Biz çox istərdik ki, QHT, siyasi partiyalar, digər tərəfdaşlarımızla olduğu kimi onlarla da siyasi ideyaların mübadiləsini həyata keçirək. Amma seçki zamanı
«AŞ Azərbaycan üçün nə edib?» məsələsini bir müzakirə predmetinə çevirmək düzgün yanaşma deyil».

MÜXALİFƏTİN GÖRÜŞDƏN İMTİNASI «UNİKAL» VƏZİYYƏTDİR


Öz növbəsində nümayəndə heyətinin finlandiyalı üzvü Jaako Laakso isə müxalifətin müşahidə missiyası ilə görüşdən imtinasını «unikal» vəziyyət adlandırıb, ancaq müxalifət bloku ilə seçkilərədək görüş imkanının qaldığını bildirib.

AŞPA-nın müşahidə missiyası parlament seçkiləri ilə əlaqədar İctimai Televiziyanın efirində bütün namizədlər üçün 4 dəqiqəlik pulsuz efir vaxtının ayrılmasına toxunub. Missiyasının rəhbəri belçikalı Pol Ville bildirib ki, 40 illik karyerası dövründə ona heç vaxt ictimai televiziyada 4 dəqiqə efir vaxtı verilməyib:

«Məncə eyni dairədən olan namizədlərin debatı konkret mövzuların müzakirəsinə həsr olunmalıdır. Siyasi partiyaların öz proqram, platforma, sosial məsələlər, ekoloji, iqtisadi , KİV məsələləri ilə bağlı fikrilərini ifadə edə biləcək debatlarda iştirak etməsi daha məqsədəuyğun olardı. Lakin bu məsələsi həll edəcək tərəf biz deyilik, bizlər yalnız müşahidə missiyasını həyata keçiririk».

AŞPA missiyası onu da bəyan edib ki, Azərbaycanda seçki qabağı vəziyyət dincdir və bu, keçmişdə zorakılıq və qarşılıqlı ittihamlarla kölgə altına düşən seçki kampaniyalarından müsbətə doğru uzaqlaşmaq deməkdir. Qurum Mərkəzi Seçki Komissiyanın işində müsbət irəliləyiş olduğunu, seçici siyahılarının dəqiqliyinə daha çox diqqətin ayrılmasını təqdirəlayiq hal hesab etsə də, müşahidə etdiyi problemlərdən də narahat olduğunu bəyan edib.

Qeyd edib ki, müxalifət namizədinə səs verənlərə qarşı inzibati təzyiqin tətbiqi, namizədlərin qeydiyyata alınmasında çətinliklər barədə iddialar onları narahat edən məsələlərdir.

Digər tərəfdən missiya xəstəxanalarda seçki məntəqələrinin yaradılmasını təklif edib.

MÜŞAHİDƏ MİSSİYASININ ÜZVLƏRİ VİZA PROBLEMİ İLƏ ÜZLƏŞİB


Nümayəndə heyəti bu günlərdə əcnəbilərə viza məhdudiyyətinin tətbiqinə də toxunub, Bakını müşahidəçilərə giriş vizası verilməsi ilə bağlı vəziyyəti düzəltməyə çağırıblar:

«Biz hakimiyyətə xahişimizi çatdırırıq ki, lazımi şərait yaradılsın və bütün tədbirlər görülsün ki, nümayəndə heyətinin seçkiləri müşahidə edəcək 30 nümayəndəsi heç bir problemlə üzləşmədən ölkəyə gəlib çata bilsin».

BİZİ ALDATMAQ MÜMKÜN DEYİL

AŞPA müşahidə missiyasının Polşadan olan üzvü Tadeus İvinski uzun illərdir Azərbaycanda seçkiləri müşahidə etdiklərini və bu sahədə böyük təcrübələrinin olmasından danışıb:

«Biz ilk dəfə deyil Azərbaycana gəlirik, bir çoxumuz Azərbaycana dəfələrlə gəlmişik. Cənab prezident Heydər Əliyevin vaxtında da Azərbaycana gələnlər var. Bu sahədə kifayət qədər təcrübəyə malik insanlarıq. Bizi aldatmaq o qədər asan deyil. Bizim müqayisəli təhlil tətbiq etmək yanaşmamız var. Biz əvvəlki dövrlə indiki müqayisə edirik».

AŞPA-nın beş nəfərdən ibarət nümayəndə heyətinin Bakıda seçkiqabağı missiyası bu gün başa çatıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG