Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:09
Oktyabrın 17-də Hacıqabulda dörd qadını polisə çağırıb onları imzatoplama kampaniyasında iştirakla bağlı bir saata yaxın sorğu-suala tutublar. Rayonun Muğan qəsəbə sakini olan dörd bacıya polisin verdiyi suallar ancaq “AXCP-Müsavat” seçki blokunun 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən namizədliyini irəli sürən, amma qeydiyyata alınmayan Əyyub Umudova niyə imza vermələri ilə bağlı olub. Qadınlar polisə çağırılmalarını təsdiq etsələr də, səslərinin yazılmasından və adlarının çəkilməsindən imtina etdilər. Həmin qadınların yaxın qohumu, imzatoplama kampaniyasına rəhbərlik edən Əlifağa Ağayev də polisə çağırılıbmış, amma çağırış rəsmi olmadığından o şifahi dəvətdən imtina edib:

“HƏMİN GÜN NÖVBƏTÇİ MƏN OLMUŞAN, ŞÖBƏYƏ QADIN GƏLMƏYİB”

Hacıqabul polisi isə deyilənləri təkzib edir. Həmin tarixdə şöbədə növbətçi olan Xaliq Məmmədov şöbəyə qadın dəvət edilmədiyini deyir:

“Bəlkə Muğan qəsəbəsindəki bölmədə sahə rəisinin yanında olublar. O gün növbətçi mən olmuşam, rayon polis şöbəsində belə bir şey olmayıb, bura qadın gəlməyib. Ümumiyyətlə o barədə şöbəyə gələn olmayıb”.

Noyabrın 7-də keçiriləcək parlament seçkilərinə namizədlər üçün imzatoplama kampaniyası oktyabrın 14-də başa çatıb.

DAYISININ GÜDAZINA GEDƏN BACIOĞLU

6 saylı Culfa-Babək seçki dairəsindən “AXCP-Müsavat” blokunun namizədi Yaşar Bağırsoy da ona imza toplayanlara təzyiq olduğunu deyir. O bildirir ki, oktyabrın 17-də gecə saatlarında ona imzatoplayan bacısıoğlu beş dostu ilə birgə gecə saatlarında Naxçıvan Daxili İşlər Nazirliyinə aparılıb və bir gün sonra buraxılıblar:

“Oktyabrın 17-i axşam saatlarında, on-on bir radələrində mülki formada olan adamlar gəlib heç bir sənəd təqdim etmədən, özlərini tanıtmadan qeyri-qanuni olaraq bacımın evinə giriblər. Bacımın oğlu və onunla bir yerdə olan beş dostunu aparıblar Daxili İşlər Nazirliyinə”.

Yaşar Bağırsoy iddia edir ki, hətta gənclərin buraxılması üçün onların hər birindən 500 manat pul da istəyiblər
Yaşar Bağırsoy iddia edir ki, hətta gənclərin buraxılması üçün onların hər birindən 500 manat pul da istəyiblər.

Yaşar Bağırsoy baş verənləri “AXCP-Müsavat” seçki blokunun vahid namizədi kimi ona təzyiq hesab edir. Deyir ki, bununla onun yaxınlarını və digər səs vermək istəyən adamları qorxu altında saxlamaq istəyirlər.

Amma Naxçıvan Daxili İşlər Nazirliyindən səslənən fikirləri təkzib elədilər.

“BİZ YAPIŞDIRIRDIQ, ONLAR QOPARIRDI...”

60 saylı Salyan-Netçala seçki dairəsindən deputatlığa Klassik Xalq Cəbhəsi Partiyasından namizəd Ədalət Yusubov da problemlə üzləşdiyini bildirir. Onun vəkili Tahir Abbaslının sözlərinə görə, namizədin platformasını müqavilə bağladıqları bir neçə obyektə vurarkən problemlə üzləşiblər:

“Şəkilləri yapışdırdıqca ərazi nümayəndəsi Əmənulla Ələkbərov və bələdiyyə sədri Elman Sultanov bizim arxamızca vurduğumuz şəkilləri yığışdırmağa başladılar. Biz onlarla danışıb bunun seçki qanunvericiliyinə zidd olduğunu bildirdik, amma onlar dediklərimizə əhəmiyyət vermədilər”.

Tahir Abbaslı deyir ki, onlar bələdiyyə sədri ilə məsələni bir daha müzakirə edəndə, o, göstərişin rayon polis şöbəsindən gəldiyini bildirib.

“BU SEÇKİ DƏ ÇIXIB GEDƏCƏK, ONDAN ÖTRÜ BİR-BİRİMİZLƏ PİS OLMALI DEYİLİK”

Ərazi icra nümayəndəsi Əmənulla Ələkbərova görə, məsələ müxalifətçilərin dediyi kimi, elə də dərin deyil. Bu səbəbdən də icra nümayəndəsi məsələnin belə ciddiyə alınmasını yersiz hesab edir. Deyir ki, sadəcə təlimatı bilmədiklərindən anlaşılmazlıq olub. Amma sonra da məsələ həll edilib:

“Heç bir şey olmayıb. Təlimat yoxdur, bilmirik axı. Biz deyirik ki, bir plakat var, hamı, bütün namizədlər gətirsin şəkillərini vursun ora. Burda bizdən asılı nə var ki?! Onlar şəkilləri yapışdırırlar mağazalara, ora-bura, nə isə...bu seçki də çıxıb gedəcək, ondan ötrü bir-birimizlə pis olmalı deyilik ki...Mənə elə gəlir bu məsələni qabartmaq yersizdir”.

ŞİKAYƏT VERMƏLİDİRLƏR Kİ, BİZƏ QARŞI TƏZYİQLƏR VAR

Bəşir Süleymanlı
Seçki məsələləri üzrə ekspert Bəşir Süleymanlıya görə, əgər vətəndaşlar seçki kampaniyasında iştiraka görə polisə aparılırsa, onlar bu barədə dairə seçki komissiyalarına və hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər:

“Şikayət verməlidirlər ki, bizə qarşı təzyiqlər var və bizim fəaliyyətimiz məhdudlaşdırılır”.

Qaldı ki, ərazi icra nümayəndələrinin, bələdiyyə və polisin seçki prosesinə müdaxiləsinə, Bəşir Süleymanlı deyir ki, həm Seçki Məcəlləsi, həm də digər qanunvericilik bunu qadağa edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG