Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:40

“Bu il 56 min yeni iş yeri açılıb”


Nazirlər Kabinetinin iclası - 20 oktyabr 2010
Nazirlər Kabinetinin iclası - 20 oktyabr 2010
“2010-cu ildə nəzərdə tutulan bütün proqramlar uğurla icra olunub və Azərbaycan iqtisadiyyatı bu ilin doqquz ayında da inkişaf edib”. Prezident İlham Əliyev bu sözləri oktyabrın 20-də Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında çıxış edərkən deyib.

“Media forum” saytı AzTV-yə istinadla xəbər verir ki, dövlət başçısı 2010-cu ilin ötən dövründə ümumi daxili məhsulun 4,1%, qeyri-neft sektorunun 5,2%, sənaye istehsalının 3,1% artdığını söyləyib.

Dövlət başçısının sözlərinə görə, bu il əhalinin pul gəlirləri 11% artıb ki, bu da inflyasiyanı iki dəfədən çox üstələyib. İlham Əliyev bildirib ki, bu il minimum əmək haqqının və pensiyanın da səviyyəsi artıb və gələcəkdə əhalinin pul gəlirlərinin artırılması üçün dövlət lazımi tədbirləri davam etdirəcək.

56 MİN

Prezidentin dediyinə görə, 2010-cu ilin əvvəlindən ölkədə 56 min yeni iş yeri açılıb. Ümumiyyətlə, İlham Əliyev qeyd edib ki, 2003-cü ildən indiyə qədər Azərbaycanda 900 minə yaxın yeni iş yeri yaradılıb və bununla da işsizlik kimi çətin problemin tədricən həllinə nail olunub.

İlham Əliyev hazırda Azərbaycanın valyuta ehtiyatlarının 28 milyard dollardan çox olduğunu da diqqətə çatdırıb.

İlin sonuna qədər Azərbaycanda 50 milyon tondan çox neft, 28 milyard kubmetrdən çox qaz hasil olunacağını deyən dövlət başçısı bildirib ki, ölkədə hasil olunan neft və qazın ixrac coğrafiyası getdikcə genişlənir. Ötən dövrdə Azərbaycanın qaz potensialının səmərəli şəkildə realizə edildiyini deyən prezident onu da qeyd edib ki, Azərbaycanda energetika sahəsində aparılan işlər bölgə və Avropa üçün mühüm əhəmiyyət daşıyır.

Gələn ilin dövlət büdcəsinin artıq formalaşdığını deyən İlham Əliyev investisiya və sosial yönümlü olan 2011-ci ilin büdcəsində dövlət xərclərinin 12 milyard 700 milyon manat təşkil etdiyini vurğulayıb.

GƏLƏN İLİN BÜDCƏSİNDƏ HƏRBİ XƏRCLƏR 2 MİLYARD 500 MİLYON MANAT OLACAQ


Dövlət başçısı bildirib ki, gələn ilin büdcəsində hərbi xərclər 2 milyard 500 milyon manat təşkil edəcək.

“Biz iqtisadiyyatımızı Azərbaycan xalqının zəhməti hesabına qururuq” deyən prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan öz torpaqlarının işğal altında olması ilə heç vaxt barışmayacaq. Bu yaxınlarda ATƏT-in qiymətləndirmə missiyasının işğal olunmuş ərazilərə səfər etdiyini xatırladan dövlət başçısı ümid etdiyini bildirib ki, missiyanın hesabatı obyektiv, ədalətli hazırlanacaq və balanslaşdırılmış olacaq.

“Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır” deyən dövlət başçısı Azərbaycanın prinsipial mövqeyindən heç vaxt dönməyəcəyini, illər keçdikcə Ermənistanla Azərbaycan arasındakı fərqin böyüyəcəyini və malik olduğu güclü hərbi potensialı ilə Azərbaycanın problemin həllinə nail olacağını diqqətə çatdırıb.

TAPŞIRIQLAR


İclasda prezident Azərbaycanın ixrac potensialının artırılması, ölkədə sənayeləşmə prosesinin sürətlə aparılması və Sumqayıt şəhərinin sənaye mərkəzinə çevrilməsi, ekologiya ili çərçivəsində yaşıllaşdırma ilə bağlı tədbirlərin davam etdirilməsi, Bakı buxtasının təmizlənməsi və buxtada yeni kanalizasiya sisteminin qurulması ilə bağlı tapşırıqlar verib.

İlham Əliyev bu ilin mayında ölkədə baş verən təbii fəlakət nəticəsində evlərini itirən insanlar üçün qış başlayana qədər yeni evlərin inşasının davam etdirilməsi, bölgələrdə və paytaxtda yol-nəqliyyat infrastrukturu ilə bağlı yeni layihələrin icrası və bərpa olunan enerji mənbələrinin yaradılmasına dair tapşırıqlarını da iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda maliyyə naziri Samir Şərifov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bu ilin doqquz ayında görülən işlər barədə məlumat veriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG