Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:51

Sultan Mərzili "Qalmaqal"















QALMAQAL


Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aralıqda söz olmaın!

xalq mahnısı

Xanım,
sənin canın yansın,
Su çilədin xalq oyandı!
Feysbukçular da qansın,
İşdən çıxdım, işim yandı.

Sən qızışdın, mən üşüdüm,
Atdın hayana yorğanı?
Artist kimi dilə düşdüm,
Yansın fotoçunun canı!

Qəzet çıxırdı adınan,
"Azadlıq" adlı dadınan.
Hayif unuduldu siğə,
Yatanda yad arvadınan.

Tanrı çuğulu tez apar!
Bəs kişi kiminən yatar?,
Xanım su səpdı küçəyə,
Su axar, çuxurun tapar.

Nə şöhrətdi, nə dastandı,
Hayıf, karyeram islandı.
Şəkillərimə baxanda
Çoxunun ağzı sulandı.

Küçələrə su səpilər,
Hər gecə kimlər öpülər...
Cəhənəmə cəng-cidal,
"Za to", olmuşam populyar!

Kimsəyə söz atmamışam,
Torpaq-filan satmamışam.
Bir gecə aşiq olmuşam,
Əslində heç yatmamışam.

Hərəmi olan şah imiş,
Rəiyyət işi ah imiş.
Allah, bağışla sən bizi,
Kişilik də günah imiş?!


AY İŞLƏRİ

Gecələr Ay
qaranlıqda kim bilir, neyləyirsə,
Günəş hər səhər doğur,
qıp-qırmızı qızardaraq üfüqləri.

Ulduzlarla məzələnir Ay,
arıqlayıb
qalır bir sümük, bir dəri.
Gah kilsənin,
gah məscidin qülləsi çıxır
ona müştəri.

Bissimillah! deyirəm ona baxanda,
sirr ilə doludur,
Ayın işləri.


ALMA KİMİ

Sən cənnətin bağında
Alma kimiydin,
qabığını soyundun,
Həvva kimi əncildən
yarpağını soyundun,
saçlarını açdın,
səlalədə yuyundun,
əlini, ayağını, dodaqlarını
çılpaq qoyub
uyudun.

bütün gecəni
mələklərtək sevişdik,
al şərabı and elədik
aldanıb içdik.

polis mələklər
duyuq düşdülər
daşqalaq elətdirəcək bizi
ilişdik...


CƏNNƏTDƏN BETƏR

Ey gözəl pəri, mələk!
bəsdir daha bizə bu qədər
kələk,
gəldi bu şeytan, bu tale,
bu fələk!
Gəl, əl-ələ verək,
mən arı, sən çiçək,
birləşək, cəmləşək,
həvvalaşaq, adəmləşək,
onlardan da qəşəng.
bu dünya minqat gözəl olacaq,
təzətər olacaq,
sevişəndə yer üzü -
cənnətdən betər olacaq...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG