Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:30

Azər Qaraçənli "Anaların ağrısı"


Allah mənə mükafat vermək istəsəydi, göydən əlini uzadıb yavaşca kürəyimə toxunar, “Dur, Azər, dur, - deyərdi. - Dur bir az dincəl”.

Mən başımı kompüter masasının üstündən, qollarımın üstündən ağır-ağır qaldırardım, çevrilib Allahın üzünə baxardım, Allahın üzündən nur yağardı, Allah gülümsəyərdi.

Kağız-kuğuzu yığışdırıb, kompüteri bağlayıb redaksiyadan çıxardım, dostlarımla çay içməyə gedərdim. “Nizami” metrosunun qabağından aşağı düşəndə başımı qaldırıb bir də Allaha baxardım, Allah gülümsəyərdi.

Çay gələndə süfrəyə qoyulan limon dilimlərinə baxıb, başımı qaşıya-qaşıya mızıldanardım, “Bəlkə mən bu limonları yeyim, deyək birini də gətirsinlər?” deyərdim.

Dostlar gülüşərdilər, mən də gülərdim, gözaltı yuxarı da baxardım, Allah gülümsəyərdi.

Sonra biz gəzişə-gəzişə “Tarqovı”ya düşərdik, hava qaralmış olardı, şəhərin işıqları yanmış olardı, dünya mənim Allahdan gizli olmayan işlərimi gizlətmək, şəhər məni Allaha göstərmək istəyərdi, mən başımı qaldırıb yuxarı baxmazdım.

Sabahısı gün səhərdən axşama başım işə qarışardı, xəbər yazardım, məqalə oxuyardım, hərf səhvlərini tutardım, şəkil seçərdim, başlıqları dəyişərdim, təzə mövzular çıxarardım, həqiqətin xeyrinə bir-iki yaxşı iş görərdim, sonra da başımı qaldırıb axşamdan üzünə baxmadığım Allahın üzünə baxıb gülümsəyərdim, Allah gülümsəyərdi.

Evdə anam deyərdi nə vaxtacan belə yaşayacaqsan, bu nə ömür-gündü, sən nə vaxt özünə bir gün ağlayacaqsan... Anam deyərdi, anam başını bulayardı, ağrıyan ayaqlarıyla, bükülən beliylə, balacalaşan boyuyla dünyanın kədərini yığıb gedərdi.

Mən sözü zarafata salmaq istəyərdim, mən o yükü anamdan alıb özüm aparmaq istəyərdim, ancaq anamın əzabı azalmazdı, dərdi yüngülləşməzdi, mən aciz qalardım.

Səhərisi məhlədən keçəndə göysatan qadının üzündə anamın üzündə gördüyüm ağrıları görərdim, bir dünyalıq kədər yenidən üstümə gələrdi, başımı qaldırıb yuxarı baxmaq istəyərdim, amma baxmazdım, mən Allahdan küsərdim.

Üç gün, üç gecə beləcə, Allahla küsülü gəzərdim.

Başımı qaldırıb baxmazdım, qaş-qabağımı sallayıb durardım, elə bil qaşlarımla gözümün üstünü örtərdim ki, Allahı görməyim, Allah da məni görməsin.

İşdə əvvəlkindən beş qat artıq işləyərdim, həqiqətə həmişəkindən üç qat artıq sadiq qalmağa çalışardım, həmişəkindən iki qat artıq yaxşı olardım, amma başımı qaldırıb Allaha baxmazdım.

Başımı dik tutardım, amma Allaha baxmazdım.

Dükandan şirniyyat alıb çıxanda da yuxarı baxmazdım, günün altında asta-asta, yavaş-yavaş yeriyərdim, uşaqların velosiped sürməyinə, cavanların əl-ələ, böyüklərin qol-qola gəzməyinə tamaşa eləyərdim, çiçəklərin həyat eşqinə, otların biz-biz durmağına baxardım, dünyanın işığı içinə düşərdim, dünya mənə öz istisini verərdi, ağacın budağından tutmaq istəyərdim, tuta bilməzdim, Allaha həm baxmaq istəyərdim, həm baxmaq istəməzdim, başımı yuxarı qaldırıb ağacın budağından tutardım, amma Allaha baxmazdım, bir baxmazdım, iki baxmazdım, üç baxmazdım, dördüncüsündə qəfildən baxıb gözümü qaçırdardım, baxan kimi də Allahı gülümsəyən görərdim, sonra başımı qaldırıb mən də Allaha baxıb gülümsəyərdim.

Beləcə, küsülülük başa çatardı, mən Allaha baxıb gülümsəyərdim, Allah mənə baxıb gülümsəyərdi, mən xəbərlərə yaxşı başlıq qoyardım, yaxşı məqalələrin sayını artırardım, sonra başımı qaldırıb Allaha baxıb gülümsəyərdim, Allahın üzündən nur yağardı, Allah gülümsəyərdi.

“Xətai” metrosuna çatanda metroya minməyə tələsməzdim, metronun qabağında Xocalı bağında o baş-bu başa gəzərdim, gəlib ana abidəsinin altında durardım, gözümü qara mərmərlərə dikərdim, Xocalıda qırılanların adlarını oxuyardım, başımı qaldırıb yuxarı baxmaq istəyərdim, baxmazdım, yavaş-yavaş gedib bir oturacaqda oturardım, parkın böyür-başından maşınlar keçərdi, parkın içindən adamlar keçərdi, parka gün düşərdi, sarı çiçəklər, göy otlar parıldayardı, uzaqdan ana abidəsinə baxardım, ana heykəl havada, sükutun içində qalardı, başımı ondan da yuxarı qaldırmaq istəyərdim, qaldırmazdım, qollarımı dizlərimin üstünə, başımı qollarımın üstünə qoyardım...

Bilirəm, bir azdan bir əl yavaşca kürəyimə toxunacaq, amma mən çevrilib baxan deyiləm. Vaxt gələcək, mən bundan da gur işığın altında, bundan çox işığın selində Allahla üz-üzə dayanacam.

Onda bütün ağrılar keçib gedəcək, bilirəm, amma bir ağrı qalacaq – anaların ağrısı. Bu ağrı nə cür gedəcək – başa düşmürəm.

Mən mükafat yox, İlahi, mən cavab istəyirəm.

"Mediaforum"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG