Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:50

Gənclər din, seçki, ailə ... haqda


“Şəriət qanunlarını istəyənlərin sayı azalıb”. Bunu “Far Center” təşkilatının bu yay gənclər arasında keçirdiyi və bu günlərdə nəticələrini açıqladığı sorğu göstərir.

NED (National Endowment for Democracy) təşkilatının maliyyə dəstəyilə belə sorğular 3 ildir keçirilir. Bu ilin nəticələri maraqlı dinamikanı əks etdirir.

Sorğuda iştirak edənlərin 95 faizi Allaha inandığını deyib (2008-ci ildə – 88%, 2009 – cu ildə 96%). Amma onların yalnız 11 faizi – ötən iki ildəkindən 2 faiz az - dini ayinləri müntəzəm yerinə yetirir.

2009-cu ildə çoxlu müzakirələrə səbəb olmuş göstəricidə də dəyişiklik var:

Ölkənin şəriət qanunları ilə idarə olunmasını istəyənlərin sayı azalıb – belə ki, tam və ya qismən (ailə məsələlərində) şəriət qanunvericiliyinin tətbiq olunmasının tərəfdarları 48 faiz (2009 – 53%, 2008 – 42%) olub.

ÖLKƏDƏN GETMƏK ARZUSU

Gənclərin dini və ölkənin xarici siyasətinə olan baxışlarına dair suallarla yanaşı sosial və mənəvi vəziyyətinə dair suallar da əlavə edilib.

Nəticələrə görə:

- Son üç ildə maddi vəziyyətlərindən tamamən və ya qismən razı olan respondentlərin sayı azalıb: 2010 – 53%; 2009 – 55%; 2008 – 66%;

- Ölkəni həmişəlik və ya müvəqqəti tərk etmək istəyən gənclərin sayı: 2010 – 66%; 2009 – 66%; 2008 – 50%;

SEÇKİLƏR HAQDA

- Respondentlərin yalnız 57%-i 2010 parlament seçkilərində səsvermədə iştirak edəcəyini bəyan edir. 2005-ci ildə “FAR CENTRE”-nin keçirdiyi ümummilli rəy sorğusunun nəticələrinə görə, o zamankı parlament seçkilərinə (2005 payız) respondentlərin 70,5%-i seçkilərə gedəcəyini demişdi.

- Hipotetik hakimiyyətyönlü namizədlərin və hipotetik müxalifətyönlü namizədlərin populyarlığı eyni səviyyədədir: əgər parlament seçkiləri bugün keçirilsəydi:

- hakimiyyətyönlü namizədə 25% səs verərdi (2009 – 35%),
- müxalifətyönlü namizədə - 22% (2009 - 21%),
- heç kimə səs verməzdi – 15% (2009 – 27%).

“VER YEYİM, ÖRT YATIM” DEYƏNLƏRİN SAYI ARTIR

Dövlət qulluqçuluğunun prestiji kifayət qədər yüksəkdir – respondentlərin 43%-i dövlət müəssisəsində işləmək istərdilər (2009 – 42%); özəl strukturlarda - 10% (2009 – 11%), şəxsi biznesinin olmasını istəyənlərin sayı - 39%-dir (2009 – 40%). Bu isə gənclərin böyük ambisiyalarından xəbər verir. Respondentlərin yalnız 5%-i heç yerdə işləmək istəmir və valideynlərin hesabına yaşamaq istəyir (2009 – 3%).

Bizim “ədalətli” cəmiyyətimizdə uğur qazanmaq üçün çalışqan ve istedadlı olmaq lazımdır deyənlərin sayı yalnız 24% (2008 – 32%, 2009 – 26%), uğur qazanmaq üçün pulun olması - 72% (2008 – 55%, 2009 – 70%), imkanlı, hakimiyyətə yaxın qohumlar və dostların olması - 57% (2008 – 43%, 2009 – 53%) təşkil etmişdi.

QAYDA-QANUN VAR, ƏDALƏT YOXDUR

Hökümətin müxtəlif sahələrdə göstərdiyi fəaliyyət yüksək qiymətləndirilməyib:

stabillik və qayda-qanun – 40% (2009 – 38%);
xarici siyasət – 22%;
sənaye və kənd təsərrüfatı – 11%;
səhiyyə - 6%; neft sektoru – 35% (2009 – 33%);
ordunun gücləndirilməsi – 19% (2009 – 20%);
xalqın rifahı – 11% (2009 – 12%);
demokratiya və insan haqları sahəsində irəliləyiş – 1% (2009 – 3%);
təhsil – 4% (2009 – 1%);
korrupsiyaya qarşı mübarizə - 2% (2009 – 1%);
Qarabağ problemi – 1% (2009 – 1%);
ədalətli məhkəmələr və hüquq-mühafizə orqanları – 1% (2009 – 1%);
heç bir problem həll olunmayıb – 23% (2009 – 22%).

“SİYASİLƏŞƏN” SUALLAR...

Ölkədə siyasi vəziyyət sakitdir - 45% (2009 – 47%);

gərgindir – 29% (2009 – 28%);
çox yaxşıdır – 10% (2009 – 7%);
partlayıcıdır- 4% (2009 – 2%);

“cavab verməkdə çətinlik çəkirəm” deyənlər 16% təşkil etmişdi. Sorğu müəllifləri qeyd edir ki, suallar “siyasiləşdikcə”, cavab verməkdə çətinlik çəkənlərin sayı artır.

Gənclər siyasətlə getdikçə az maraqlanırlar: soruşulanların yalnız 6%-i hər-hansı bir siyasi partiyanın üzvü olduqlarını söyləyir (2008 – 10%, 2009 – 7%), hər-hansı bir ictimai və ya gənclər təşkilatının üzvüdürlər – 5% (2008 – 6%, 2009 – 5%), vəziyyəti KİV-lərdən izləyirəm – 24% (2008 – 22%, 2009 – 20%), ümumiyyətlə siyasətlə maraqlanmırlar – 37% (2008 – 33%, 2009 – 35%).

RÜŞVƏT


Sorğuda iştirak edənlərin yarısı ölkədə korrupsiya hallarıyla üzləşirlər: 28% tez-tez üzləşir, 23% - nadir hallarda, 16% - üzləşmir və 33% bu “təhlükəli” suala cavab verməkdə çətinlik çəkir.

36 FAİZ “ETİRAZ EDƏRƏM” DEYİR

Gənclərin etiraz potensialı elə də böyük deyil: demokratik azadlıqlar (söz azadlığının, toplaşma azadlığının, azad seçki naminə, korrupsiya əleyhinə və s.) müdafiəsinə yönəlik vətəndaşların ayrı-ayrı etiraz aksiyalarının keçirilməsində həmrəylik göstərməyə hazır olduqlarını deyənlərin sayı yalnız 36%, bu cür aksiyaları qınayanların sayı 16%, laqeyd olanların sayı- 31%, cavab verməkdə çətinlik çəkənlərin sayı - 10% və bu haqda heç nə eşitməyənlərin sayı 7% təşkil etmişdir.

M.Ə.RƏSULZADƏ, H.ƏLİYEV, MİRCƏFƏR BAĞIROV, AYGÜN KAZIMOVA...

Sorğu nəticələri şəxsiyyətə pərəstiş fenomeninin də aradan qalxdığını göstərir:

Gənclər tarixi şəxsiyyətlərdən heç kimə bənzəmək istəmirlər – 63% (2009 – 50%);
M.Ə. Rəsulzadəyə (1918-1920 illərdə ADR-ın lideri) oxşamaq istəyənlərin sayı – 6%;
Heydər Əliyevə oxşamaq istəyənlərin sayı (1993 – 2003 ölkə prezidenti) – 5%;
Atatürkə - 4%; Elçibəyə (1992-1993 ölkə prezidenti) – 3%.

Hər biri 1 faizdən az olmaqla Şah İsmayıl (Səfəvi xanədanlığının banisi), İsa Qəmbər (Müsavat Partiyasının lideri), Babək (orta əsrlərdə isğalçılara qarşı müqavimət hərəkatının lideri), İlham Əliyev (indiki ölkə prezidenti), Mehriban Əliyeva (indiki ölkə prezidentinin həyat yoldaşı), Xomeyni, Mircəfər Bağırov (Stalin dovründə Azərbaycanın avtoritar rəhbəri), M.Tetçer, R.T.Ərdoğan, Koroğlu, Əhmədinejad (İranın indiki prezidenti), Adolf Hitler, Barak Obama, şahzadə Diana, V.Putin, M.F.Axundov və Lalə Şövkətə (Liberal Partiyanın lideri) də bənzəmək istədiklərini deyən olub.

2009 ilin sorğusunun nəticələrinə görə isə gənclər şəxsiyyətlərə münasibətini belə açıqlamışdı:

M.Ə. Rəsulzadə - 6%,
H. Əliyev – 6%,
Elçibəy – 5%,
Atatürk – 4%,
Mehriban Əliyeva – 4%,
İlham Əliyev – 4%,
Şah İsmayıl – 3%.

Həmçinin qeyd olunanlar arasında (hər biri 1% az): M.C.Bağırov, M.Tetçer, Z.Əliyeva, M.Olbrayt, İ.Qəmbər, M.Handi, Nadır Şah, O.Bismark, Aristotel, Sokrat, A.Hitler, İlhamə Quliyeva (müğənni), Aygün Kazımova (müğənni), R.T.Ərdoğan, Səttərxan, Babək, M.Əhmədinejad, V.Putin, X.B.Natavan, Xomeyni, I-ci Pyotr.

GƏNCLƏR MÜSTƏQİLLİK GÜNÜNÜ BAYRAM EDİRLƏR

Dini bayramlar (Qurban Bayramı və Ramazan Bayramı) – gənclər arasında ən populyar bayramlardır (qeyd etmək lazımdır ki, sorğu anketinin siyahısına mövsümi bayramlar – Yeni il, Novruz Bayramı və s. – daxil edilməmişdi): Qurban Bayramı – 38% (2009 – 35%), Ramazan Bayramı – 31% (2009 – 33%), 8 Mart Qadın Bərabərliyi Günü – 24% (2009 – 26%), Müstəqillik Günü (18 Oktyabr) - 20% (2009 – 21%), Pespublika Günü (28 May) – 17% (2009 – 18%), Milli Dirçəliş Günü (17 Noyabr) – 7% (2009 – 9%), Milli Qurtuluş Günü (15 İyun) – 3% (2009 – 5%), Dünya Azərbaycanlılarının Həmrəylik Günü (31 Dekabr) – 12% (2009 – 15%), Faşist Almaniyası üzərində Qələbə Günü (9 May) – 2% (2009- 1%), Konstitusiya Günü (12 Noyabr) – 1% (2009 – 0%).

TƏHSİL


Təhsil ocaqlarında aldığımız biliklər real həyatımızda az köməklik edir – 55% (2009 – 52%), real həyatla heç bir bağlılığı yoxdur – 18% (2009 – 17%), əsaslı dərəcədə kömək edir – 20% (2009 – 22%).

İNTERNET


Gənclərin İnternetə çıxışı zəifdir: respondentlərin yalnız 21%-i gündəlik İnternetdən istifadə edə bilir (2009 – 20%), 2-3 gündən bir – 28% (2009 – 26%), ayda bir dəfə - 16% (2009 – 18%), İnternetə çıxışı olmayanlar – 35% (2009 – 36%).

İnternetin sosial şəbəkələrində (forumlarda, “odnoklassniki”, tanışlıq saytlarında, yahoo groups, facebook, bloqlarda) müntəzəm iştirak edirlər – 14%, qeyri-müntəzəm – 22%, heç iştirak etmirlər – 29%.

BAXIŞLAR DƏYİŞİR

Qızların nikaha qədər sekslə məşğul olmasını qınayanların sayı 67% (2009 – 69%); bunu normal, hər kəsin şəxsi işi kimi dəyərləndirənlərin sayı 21% (2009 – 18%), bunu zəruri hesab edənlərin sayı 5% (2009 – 3%).

Ailədə kişi başçılıq etməlidir deyənlərin sayı 47% (2009 – 46%); qadınlar başçılıq etməlidir – 3% (2009 – 2%); ailədə hər şey qarşılıqlı razılaşma ilə olmalıdır – 42% (2009 – 47%); kim ki, evə daha çox pul gətirir – 6% (2009 – 4%).

Seksual azlıqlara mənfi baxanların sayı 70% (2009 – 73%), laqeyd 13% (2009 – 11%), normal – 11% (2009 – 9%).

Sorğu 2010-cu ilin 3 iyun – 2 iyul arası 18-30 yaşlı 1000 nəfər arasında keçirilib. Bakı, Şamaxı, Şəki, Gəncə, Lənkəran və Xaçmazda “Küçədə aparılmış sorğu” metodu ilə aparılan sorğuda iştirak edən respondentlərin 45 faizi kişi, 55 faizi qadın olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG