Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:34

Pul çuvalları ilə gələn seçki


2011-ci ildə Türkiyədəki siyasi partiyalar Mərkəzi idarə büdcəsindən 327 milyon Türk lirəsi (bugünkü məzənnə ilə təxminən 235 milyon ABŞ dolları) yardım alacaqlar. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Ölkənin siyasi partiyalar qanununa görə, 10%-lik seçki baryerini keçərək Məclisə girən partiyalara hər ilki büdcə gəlirləri əsas götürülərək xəzinədən yardım edilir.

Builki büdcədə iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasına (MHP) büdcədən təxminən 80 milyon ABŞ dolları yardım edilməsi nəzərdə tutulub. Xəzinə yardımının təxminən 46 milyon dolları AKP-yə, 20 milyon dolları CHP-yə, 13.5 milyon dolları isə MHP-nin payına düşür. Ancaq ölkədə yeni iqtidarı formalaşdıran parlament seçkisinin keçirildiyi ildə 10%-lik ölkə baryerini keçən partiyalara Xəzinə yardımının miqdarı 3 dəfə artırılır. Buna görə, 2011-ci ildə AKP Xəzinədən təxminən 135 milyon dollar yardım alacaq. CHP-yə gələn ilki Xəzinə yardımından təxminən 60 milyon dollar pay düşəcək. Parlamentin üçüncü siyasin partiyası olan MHP isə 2011-ci ildə təxminən 40 milyon dollar Xəzinə yardımı alacaq.

Xəzinə yardımının birinci qismi 1-10 yanvar tarixlərində siyasi partiyaların hesabına köçürüləcək. Qalan miqdar isə Ali Seçki Şurasının seçki tarixini elan etməsindən sonrakı 10 gün içində partiyaların hesabına köçürüləcək.

2010-cu ilin dövlət büdcəsində siyasi partiyalara təxminən 65 milyon dollar Xəzinə yardımı nəzərdə tutulmuşdu ki, bunun təxminən 35 milyon dolları AKP-yə, 18 milyon dolları CHP-yə, 12 milyon dolları isə MHP-yə verilmişdi.

Gələn ilin büdcəsində siyasi partiyalar üçün nəzərdə tutulan yardımı da hesaba qatanda AKP 2008-2011-ci illərdə Xəzinədən təxminən 280 milyon dollar, CHP 130 milyon dollar, MHP isə 85 milyon dollar almış olur.

Siyasi partiyalar qanununa görə, son parlament seçkisində 10%-lik ölkə baryerini keçən partiyalara hər ilki büdcənin gəlir qisminin beş mində ikisi qədər yardım nəzərdə tutulur. 7%-dən artıq səs alan siyasi partiyalara da büdcədən yardım edilir. O partiyalara yardım edilərkən ən az səslə parlamentə girən partiyanın səs faizi əsas götürülür.

Partiyalara edilən Xəzinə yardımı Ali Məhkəmə Baş prokurorunun nəzarəti altındadır. Əgər Xəzinə yardımı təyinatına uyğun şəkildə xərclənməzsə, Baş prokurorun partiyanın qapadılması tələbi ilə Konstitusiya məhkəməsinə müraciət etmə haqqı var.

24 dekabr 1995-ci ildə keçirilmiş seçkidə birinci yeri tutan partiya Refah Partiyası 1998-ci ilin yanvarında Konstitusiya məhkəməsi tərəfindən qapadılmışdı. RP-yə edilən Xəzinə yardımının dövlətə keçəcəyini qabaqcadan anlayan lider Nəcməttin Ərbakanın və sədrin bəzi müavinlərinin imzası ilə partiyanın hesabında olan pullar vilayət təşkilatlarına “təcili xərcləmək üçün” göndərilmişdi. Bununla bağlı sənədləri ələ keçirən Ali Məhkəmənin o vaxtkı Baş prokuroru Vural Savaş “Refah Partiyasının itən trilyonları” ilə bağlı istintaqa başlamışdı. 5 il davam edən hüquqi proseslərdən sonra Nəcməttin Ərbakan həbs cəzası almış, məhkəmə Refah Partiyasının “itən trilyonları”nın Xəzinəyə qaytarılmasına hökm etmişdi. Ərbakanın qərara etirazları nəticə verməmişdi. Yaşı 75-i keçdiyinə görə, prezident Abdullah Gül qapadılan Refah Partiyasının keçmiş lideri Nəcməttin Ərbakanın cəzasını evdə çəkməsinə dair qərar imzalamışdı. Ancaq icra məhkəmələri bu günə qədər Refah Pariyasının Xəzinəyə olan borcunun Nəcməttin Ərbakan tərəfindən ödənməsində təkid edir. Təxminən 8 milyon dollar olan borcun Ərbakandan alınması məqsədi ilə onun bank hesablarına və daşınmaz əmlakına həbs qoyulub.

Türkiyədə indiyə qədər qapadılan partiyaların pulları və daşınmaz əmlakları Xəzinəyə keçib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG