Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:19

Viza tıxacı...


Konsulluqda tək-tük adam gözə dəyir
Konsulluqda tək-tük adam gözə dəyir

Səhər saat 10-a qalıb. Xarici İşlər Nazirliyi binasının arxasındakı Konsulluqda tək-tük adam gözə dəyir. Amma saat 10-u ötəndən sonra konsulluğa üz tutanların sayı artır.

Azərbaycan hökuməti oktyabrın 15-dən sonra ölkəyə viza qaydalarını dəyişdiyindən indi hər gün konsulluğun qapısını onlarla adam döyür.

İSRAİLDƏ YAŞAYANLAR VİZANI TÜRKİYƏDƏN ALSINLAR

Adını söyləməkdən və mikrofona danışmaqdan imtina edən rusdilli bir kişi danışır ki, İsraildə yaşayan qızından ötrü gəlib. Onun İsrail vətəndaşı olan qızı indiyə kimi vətəninə sərbəst gəlib-gedib. İndi də yaxınlarının toy mərasiminə gəlməyə hazırlaşıbmış, hətta İsraildəki turist firmalarının birinin vasitəsilə bilet də alıb, amma sonradan ona deyiblər ki, getməyinə dəyməz, geri qaytarıla bilər. İndi atası da ona dəvətnamə göndərmək üçün gəlib. «Öz sənədlərimi, bir də qızımın yaş kağızını gətirmişəm» - deyən müsahibim az sonra viza şöbəsinə yaxınlaşır. Orda isə ona bildirirlər ki, dəvətnamə göndərməyə ehtiyac yoxdur, Azərbaycanın İsraildə səfirliyi olmadığı üçün qızın Türkiyəyə gəlib ordan viza ala bilər.

Konsulluğa gələnlərin əksəriyyəti şirkət, təşkilat nümayəndəsidir. Yunis Əlizadə də işlə bağlı xarici ölkələrdən dəvət elədikləri mütəxəssislərə viza almaq istəyir:

- Biri İngiltərədəndir, biri Amerikadan.
- Əvvəllər dəvət etmisiniz heç?
- Olub. Onda da biz məktub göndərirdik. Onlar da icazəni aeroporta göndərirdilər. Qonaqlarımız da gələndə aeroportda pasportlarına möhür vurulurdu, vəssalam.

Yunis Əlizadə deyir ki, viza qaydaları dəyişəndən sonra birinci dəfədir ki, konsulluğa gəlib şirkətlərinə əcnəbi dəvət etmək istəyir, ona görə də yeni prosesin daha rahat olub-olmayacağını bilmir.

2 DƏFƏYƏ 3 AYLIQ VİZA


Üstündə «Viza və informasiya» yazılan bölmənin qarşısında əyləşən başqa xanımsa viza şöbəsinin əməkdaşına deyir ki, o, prezidentin qərarını diqqətlə oxuyub və bilir ki, beynəlxalq müqavilə əsasında çalışanların viza problemi yaranmamalıdır. O, AzadlıqRadiosuna müsahibəsində deyir ki, əcnəbi əməkdaşların viza müddətinin artırılmasını istəyir:

- Biz Miqrasiya Xidmətinə müraciət eləmişik, amma onlar yalnız 3 aylıq viza verirlər, özü də fərqli sənədlər istəyirlər, qeydiyyat və s.
- Bəs indi sizə nə cavabı verdilər? Sizin layihənin beynəlxalq müqaviləsini tanıyırlarmı?
- Dedilər ki, sabah gəlin, dəqiqləşdirək. Amma bilmirəm, necə olacaq. Dedilər ki, iki dəfəyə 3 aylıq verəcəklər.
- Yəni ikinci 3 ay viza müddəti bitəndən sonra onlar geri qayıdıb yenidən ölkəyə gəlmək üçün viza almalıdırlar?
- Bilmirəm.

bp-Azərbaycan şirkətinin nümayəndəsi də əlində bir qalaq sənədi toplayıb viza şöbəsinə təqdim etməyə hazırlayır. Deyir ki, hamısı onlarda çalışan əməkdaşların sənədləridir, viza məsələsini həll etmək istəyirlər.

HƏR BİR MÜRACİƏTƏ FƏRQLİ YANAŞMA

Azərbaycanın yeni viza rejiminə görə, ölkəyə gəlmək istəyən xarici ölkə vətəndaşları Azərbaycanın bu ölkələrdə yerləşən səfirliklərinə müraciət edə bilərlər. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyir ki, viza istəyənlərin hər birinin müraciətinə fərdi qaydada yanaşılacaq:

- Konsulluğa müraciət edəndə müxtəlif suallar yarana bilər. O suallardan asılı olaraq sənədlər tələb oluna bilər.

Elxan Poluxovun sözlərinə görə, əgər hansısa dövlət təşkilatı xaricdən mütəxəssis dəvət edirsə, bunun üçün Miqrasiya Xidmətindən müvafiq icazə almalıdırlar:

- Qanunda da o nəzərdə tutulub, Miqrasiya İdarəsindən müvafiq icazə alandan sonra onlar aeroportda viza ala bilərlər.

Azərbaycanın dövlətlərarası bağladığı müqavilə varsa, o ölkənin də vətəndaşı elə Bakı hava limanında viza ala bilər.

Elxan Poluxov

- Türkiyə ilə belə bir müqavilə var, bu ölkənin vətəndaşlarına aeroportda viza verilir.

MDB ölkələrinin vətəndaşları isə Azərbaycana əvvəlki kimi vizasız gəlib-gedə bilərlər.

BİR DƏVƏTNAMƏ…

Bəzi şirkətlərin Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edəcəkləri əcnəbilər üçün rəsmi dəvətnamə təqdim etməsini isə Elxan Poluxov belə izah edir:

- Kimsə kimisə Azərbaycana dəvət edirsə, yaxşı olardı ki, onlar gəlib bizim Xarici İşlər Nazirliyində bu rəsmi dəvətnamələrini və dəvət edəcəkləri şəxsin şəxsiyyətini təsdiq edən sənədi təqdim etsinlər və bununla da viza almaq prosedurası sadələşir.

Amma bu, mütləq deyil ki, rəsmi dəvətnaməni məhz Azərbaycanda nazirliyə təqdim edəsən. Xarici vətəndaş ona burdan göndərilən dəvətnaməni ölkəsindəki Azərbaycan səfirliyinə və ya konsulluğuna da təqdim edə bilər.

Bu məsələni şərh edənlər arasında bir fikir dolaşır ki, parlament seçkisi ərəfəsində yerli hakimiyyət ölkəyə arzuolunmayan əcnəbilərin gəlişini məhdudlaşdırmaq istəyir. Elxan Poluxov deyir ki, onsuz da seçkini izləmək istəyənlər Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməlidir və yeni viza rejiminin seçkiylə bağlılığı yoxdur.

«Qonşu Ermənistan və Gürcüstan viza rejimində bu qaydaları tətbiq etmir, Azərbaycan niyə bu qaydaların tətbiqinə üstünlük verdi» sualının cavabında isə Elxan Poluxov Xarici İşlər Nazirliyinin icraçı orqan olduğunu söylədi.

O ki qaldı xarici ölkə vətəndaşı olan azərbaycanlılara, onlar da digər əcnəbilər kimi viza almalıdırlar.

Viza dəyişiklikləri barədə prezident fərmanı oktyabrın 15-dən qüvvəyə minib.

MÖVZUNU BURDA ŞƏRH EDİN

XS
SM
MD
LG