Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:19
“Sıravi ermənilər və azərbaycanlılar Dağlıq Qarabağla bağlı mübahisə edəndə beynəlxalq hüquq onların elə də vecinə olmur, onlar qədim dövr tarixinə aid məsələri qaldırırlar – Dağlıq Qarabağda birinci kim yaşayıb?

Erməni və azərbaycanlı tarixçilər bu məsələdə savaşa hələ Qarabağda atəş səsləri eşidilməmişdən xeyli əvvəl başlamışdılar”.

Bunu özünün yenicə çapdan çıxan “Qafqaz” kitabında Britaniyalı jurnalist, “Qara bağ” kitabının (2001) müəllifi Tomas De Vaal yazır.

Hazırda Nyu-Yorkda yerləşən Beynəlxalq Karnegi Fondunda Qafqaz üzrə araşdırmaçı kimi çalışan de Vaal yazır ki, alimlər bu mübahisədə digər xalqın bölgədə qədim dövrlərdən bəri yaşaması haqda nəzəriyyələri rədd etməyə çalışıblar.

Britaniyalı jurnalist erməni yazar Zoru Balayanın Azərbaycanın bir ölkə kimi mövcudluğunu qəbul etməməsini, Ermənistan hakimiyyətinin Yerevandakı və Şuşadakı məscidləri “fars abidəsi” elan etməsini misal çəkir.

Tomas de Vaal öz kitabında onu da yazır ki, azərbaycanlı alim Ziya Bünyadov da ermənilərin cənubi Qafqazda onlarla kilsə tikməsini, albanların ermənilərin əcdadları olmasını inkar edib, həmin abidələrin ermənilərlə əlaqəsi olmayan xristian albanlara məxsus olması fərziyyəsini irəli sürüb.

Britaniyalı jurnalist "həmin abidələrin üstündəki yazıların ermənicə olduğunu" iddia edir.

Tomas de Vaal bir qədər də irəli gedərək Azərbaycanın şimalında kilsənin bərpası zamanı erməni yazılarının silindiyini, “Naxçıvanda erməni qəbiristanlığının dağıdılması ilə daha böyük mədəni vandalizm aktına yol verilməsi xəbərinin yayıldığını” yazır.

Britaniyalı jurnalist sovet lideri Qorbaçovun Dağlıq Qarabağ məsələsində ermənipərəst mövqe tutması, erməni lobbisinin ona təsir göstərməsi haqda Azərbaycanda populyar olan fikirlə də razılaşmır. De Vaal yazır ki, əslində Qorbaçov ermənilərin müstəqilik tələblərini rədd etmişdi.

Jurnalistin iddiasına görə, sadəcə Qorbaçov Dağlıq Qarabağda baş qaldıran etirazlara necə yanaşmaq məsələsində çətin dilemma qarşısında qalıbmış. O nə sonradan başqa respublikalar üçün də presidentə çevrilə biləcək addım ata bilir, nə də Dağlıq Qarabağdakı etirazları zor gücünə dağıtmaqla SSRİ-də başlanan “qlasnost” prosesinə zərbə vurmaq istəyirmiş.

De Vaal xatırladır ki, hətta zəlzələ vaxtı Ermənistana gələn Qorbaçova Yerevanda bir gənc Qarabağ məsələsi haqda sual da verib. Qorbaçov hirslənib və ona "belə bir faciəli anda bu cür sualı necə cəsarət edib verdiyini” bildirib.

Tomas de Vaal yazır ki, 1988-ci ilin fevralında “yüzlərlə azərbaycanlı Ermənistanın cənubunu tərk edərək Azərbaycana gəliblər və öz evlərindən zorla çıxarıldqlarını və döyüldükləri haqda gileyləniblər”.

Britaniyalı jurnalist həmin adamların Sumqayıta yerləşdirilidiyini, daha sonra şəhərdə ermənilərə qarşı etirazların başlandığını, ermənilərin evlərin “yandırıldığını, qarət edildiyini, sadə ermənilərin hücuma məruz qaldığını, zorlandığını və öldürüldüyünü” yazır.

Onun iddiasına görə, Azərbaycanda Sumqayıt hadisələrinin qurama olması haqda fərziyyələr səslənsə də, “azərbaycanlı fəhlələrin və qaçqınların bu işdə məsuliyyəti mübahisə mövzusu ola bilməz”.

Tomas de Vaal 1990-cı ildə Bakıda da ermənilərə qarşı Sumqayıtdakı kimi “dəhşətli qəddarlıq səhnələri” müşahidə edildiyini, təxminən 90-dan çox adamın öldürüldüyünü, bəzilərinin qonşuları tərəfindən xilas edildiyini yazır.

Azərbaycanda 20 yanvar hadisəsi milli azadlıq mübarizəsinin bir mərhələsi kimi qavransa da, Britaniyalı jurnalist sovet ordusunun Bakıya girməsini erməni qırğınının qarşısının alınması cəhdi kimi təqdim edir.

O kitabında yazır ki, sovet qoşunları şəhərə girəndə “faciə başlayıb”, nəticədə 130 dinc Bakı sakini və 21 əsgər (yaraqlılar orduya cavab atəşi açdığı üçün) öldürülüb.

"Bu, Azərbaycan üçün böyük sarsıntı oldu".

Britaniyalı jurnalist bu hadisəni Qorbaçovun "perestroyka dövrünün ən qanlı olayı" adlandırır. “Sovet liderləri bununla Bakini fiziki olaraq geri alsalar da, prosesin nəticəsi kimi bütün Azərbaycanı itirdilər”...

(Tomas de Vaalın öz yeni kitabında Qarabağ müharibəsi haqda yazdıqlarını da tezliklə oxuyun)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG