Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:39
Oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulunun 19 ili tamam oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetində qəbul olunan Konstitusiya Aktına əsasən müstəqillik elan edilib. Qəbul olunan Konstitusiya Aktında müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi olması faktı rəsmən təsbit edilib. Həmin ildən başlayaraq 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur.

Xalq hərəkatının fəal iştirakçılarından olan Hacı Həsənbala Fərzəliyev deyir ki, hərəkat başlayanda o “Paris Kommunası” adına Bakı Gəmiqayırma zavodunda çilingər işləyirmiş. 1988-ci ildə xalq hərəkatına qoşulub:

“VAQONLARIN ÇARXINDAN YAPIŞIB SAXLAMAQ İSTƏYİRDİK”


“Kreditlə bir “Moskviç” maşın götürmüşdüm. Onunla gedib pul qazana bilərdim, amma qazanmırdım. Gedirdik Ali Məhkəmənin qarşısında dayanıb Etibara, Siyaməkə və digər həbs olunanlara “Azadlıq!” deyə qışqırırdıq. Rəhmətlik Xəlil Rza ilə Biləcəriyə gedirdik ki, vaqonların çarxlarından yapışıb saxlayaq, onların Bakıya girməsinə imkan verməyək. Fəhmin Haciyevi, İsa Qəmbəri, Mirmahmud Ağa Mirəlioğlunu gəzdirmişdim o maşında”.

“MÜSTƏQİLLİK YOLUNDA MÜCADİLƏ EDƏNLƏR QALIBLAR KƏNARDA”

Hacı Həsənbala Fərzəliyev deyir ki, sonra həmin “Moskviç”lə Qarabağa döyüşə gedib və 3 il vuruşub. Onun kimi Azərbaycanın müstəqilliyi uyğurunda canını və malını əsirgəməyənlər az olmayıb. Amma həmin dövrü xatırlayanda görür ki, o vaxt müstəqilliyə qarşı çıxanlar indi onun verdiyi imkanlardan eninə-boyuna şəxsi maraqları üçün istifadə edirlər:

“Xatırladığım odur ki, müstəqillik yolunda mücadilə edənlər qalıblar kənarda, amma müstəqilliyin əleyhinə çıxanların hamısı vəzifə başındadır. Milyonerdilər, bahalı maşınlarda gəzirlər...”.

“ÖLKƏ DÜZƏLMƏLİDİR”

Hacı Həsənbala Fərzəliyevin ürəyi xəstədir. Deyir infarkt keçirdib. 112 manat pensiyası onun heç dava-dərmanına yetmir. Yaşamağa ona övladları və cəbhədaşları kömək edirlər. Deyir ki, məsələ təkcə onun problemlərinin həll olunması ilə də bitmir. Ölkə düzəlməlidir. Oğurluğa, rüşvətxorluğa son qoyulmalıdır ki, əsl müstəqillik hiss olunsun. O inanır ki, nə vaxtsa ölkədə ədalətli seçkilər keçiriləcək və onda hər şey yoluna düşəcək:

“BUNUN SONU OLACAQ”


“Belə gedə bilməz. Nə vaxtsa bunun sonu olacaq. Qeyrətli oğlanlar çalışırlar, inşallah gələcəklər iş başına. Onda bütün bu oğurluqlara son qoyulacaq. Daha heç kim 1 milyon verib ayı kababı yeməyəcək. Onda “28 May”la “18 Oktyabr” bayramların bayramı - Novruz bayramı kimi, ən önəmli bayramlar olacaq”.

Hacı Həsənbala Fərzəliyev 1935-ci ildə Xızı rayonunun Xələnd kəndində doğulub. 1 yaşından Bakıda yaşayır. Bu günlərdə 75 yaşı tamam olacaq. Deyir ki, hələ ki, ölkədə uşaq bağçasından tutmuş lap yuxarıya qədər rüşvətxorluq baş alıb gedir. Məmurlar hər yeri çəpərləyib özlərinə götürürlər.

“HƏR ŞEY YAXŞI OLACAQ”

Hacı Həsənbala Fərzəliyev eyvana çıxıb yaşadığı binanın qarşısında artıq bir müddətdir tikinti meydanına çevrilmiş əhalinin istirahət parkını göstərir və deyir ki, belə müstəqillik olmaz. Sonra da yataq otağına girib, Əbülfəz Elçibəyin, M.Ə.Rəsulzadənin şəkillərinə və pianonun üstündəki Azərbaycan bayrağına uzun-uzadı baxır – “hər şey yaxşı olacaq” deyir.

Şərhləri göstər

XS
SM
MD
LG