Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:12

Qan Turalı yeni İnternet jurnalı açıb


Oktyabr 12-dən abzas.net internet jurnalı fəaliyyətə başlayıb. Saytı yaradanlar - gənc yazarlar Qan Turalı və Elmin Həsənlidir. Qan Turalı “Oxu zalı”na açıqlamasında yeni sayt haqda ətraflı məlumat verib.

- Siz həm də adyazar.az ədəbiyyat saytını idarə edirdiniz. abzas.net ondan nəylə fərqlənir?

- abzas.net-in əhatə dairəsi daha geniş olacaq, bu, yalnız ədəbiyyat saytı olmayacaq. Burada siyasət, jurnalistika, sosial mövzulara da yer veriləcək.

- Ədəbiyyat yönümlü ictimai-siyasi dərgi deyə bilərikmi buna?

- Düzdür, Elmin bəy də, mən də ədəbiyyat adamlarıyıq. Amma bizim dərgidə ədəbiyyatla bağlı mövzular xüsusi qabardılmayacaq, digər mövzular qədər yerə malik olacaq.

Bilirsiz, Azərbaycanda sırf ədəbiyyatla bağlı olan sayt işlətmək çox çətindir.

Biz bunu “adyazar”ın da təcrübəsində gördük. Çox az adam gəlir elə sayta və lokal dairələri əhatə edə bilir. Biz daha geniş auditoriyaya xitab etmək istəyirik.

Təkcə onu deyim ki, “adyazar”ın 2 ayda cəlb etdiyi oxucuları biz “abzas”da 2 günə gəlb edə bildik.

- Bəs “adyazar” fəaliyyətini davam etdirəcəkmi?


- Davam etdirəcək. Rasim Qaraca bu işi bizsiz görəcək.

- Multimedia proyektləriniz də olacaqmı?

- Bizim ideyamiz - bir supermarket qəzetçiliyi ideyasıdır. Yəni istəyirik ki, Azərbaycanda hər tipdən, hər təfəkkürdə, ən müxtəlif sosial qrupları təmsil edən oxucular gəlib bizin saytda oxumağa nəsə tapsınlar.

Bizim məqsədimiz konkret bir siyasi qüvvənin, yaxud ədəbi qrupun maraqlarına xidmət edən yox, bütün təbəqələrə xitab edə bilən bir sayt yaratmaqdır. Multimedia layihələrimiz də var.

Videolar çəkmək, audio müsahibələr vermək, İnternet verilişləri təşkil etmək – amma hələ ki Azərbaycanda İnternetin sürətinin aşağı olması belə layihələrə maneə yaradır.

Saytı mümkün qədər sadə hazırlamışıq ki, İnternetə çıxışı olan hər kəs, xüsusən də dial lab-dan istifadə edənlər ora rahat daxil ola bilsinlər.

- Ədəbiyyatla bağlı ayrıca layihələriniz olacaqmı?


- İlk növbədə Azərbaycan klassiklərinin ən yaxşı əsərlərini saytımıza yerləşdirəcəyik.

Çünki Azəbaycanda təhsilin səviyyəsi aşağıdır və məktəblərdə klassiklər də yaxşı tədris olunmur.

Bundan başqa dünya klassiklərini də saytımızda təqdim edəcəyik. “Günün şeiri” rubrikasında hər gün dünyanın tanınmış şairlərinin bir şeirini Azərbaycan dilində ilk dəfə oxucularımıza təqdim edirik.

Cəmiyyətdə baş verən hadisələrə yazarların münasibətini əks etdirən bloq yazılarını da dərc edirik.

- Mətbuatda tanınan imzaların hansılarını “abzas”a gətirmək fikrindəsiniz?

- Seymur Baycan bizimlə əməkdaşlıq edəcək. Elnur Astanbəyli bizə yazılar yazır. Rafiq Tağı ilə işbirliyimiz var. Elmir Mirzəyev, Sevda Sultanova bizə mütəmadi yazır.

Yeri gəlmişkən mən bütün bloqçulara müraciət etmək istərdim ki, əgər yazdıqlarını daha geniş kütlələrin oxumasını istəyirlərsə, yazılarını “abzas”a göndərsinlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG