Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:09

Xanlar Hacıyev: “Avropa Məhkəməsinin qərarı yerinə yetirilməlidir”


Xanlar Hacıyev

Xanlar Hacıyev

“Bu heç kəsdə, heç Azərbaycan hakimiyyətində də şübhə doğurmur ki, Avropa Məhkəməsinin qərarı yerinə yetirilməlidir”.

Bunu Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edən hakim Xanlar Hacıyev AzadlıqRadiosunun həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı sualının cavabında bildirib.

Avropa Məhkəməsinin Yuxarı Palatası jurnalistin dərhal azad olunması və ona 28 min avro təzminat ödənilməsi ilə bağlı qərardan şikayətçi düşən Azərbaycan hökumətinin iddiasını bir necə gün öncə rədd edib. Bununla da Avropa Məhkəməsi özünün birinci qərarını qüvvədə saxlayıb. Xanlar Hacıyev deyir ki, məhkəmə qərarı şərh edilə bilməz.

Bəs Avropa Məhkəməsinin qərarını kim, hansı qurum yerinə yetirməlidir? Eynulla Fətullayevin vəkili Elçin Sadıqov deyir ki, jurnalistin azadlığa buraxılması üçün Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin qərarının icra olunması ilə bağlı proseduru müəyyənləşdirməlidir. Onlar da Ali Məhkəmənin Plenumuna ərizə ilə müraciət ediblər:

“EYNULLANIN HƏBSDƏ QALDIĞI HƏR BİR SANİYƏ ONUN HÜQUQLARININ POZULMASIDIR”

Elçin Sadıqov
- Əslində, qərara görə Eynulla Fətullayev dərhal azad olunmalıdır. Onun həbsdə qaldığı hər bir saniyə onun hüququnun pozulmasıdır.

Təzminat məsələsinə gəlincə, hələlik E.Fətullayevin müdafiəçiləri bunu ikinci plana keçiriblər. Onlar hesab edirlər ki, əsas məsələ jurnalistin azadlığa buraxılmasıdır.

PLENUM RÜBDƏ BİR DƏFƏ ÇAĞIRILIR

Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli deyir ki, adətən Plenum rübdə bir dəfə çağırılır. Eynulla Fətullayevlə bağlı müraciətə də növbəti Plenumda baxıla bilər:

- Ola bilər ki, mühüm məsələlər olanda Plenum tez də çağırılsın. Yəni vaxtından əvvəl də olsun. Amma adətən iki-üç aydan bir olur.

Avropa Məhkəməsinin qərarında Eynulla Fətullayevin dərhal azadlığa buraxılması göstərilir və vəkillər hesab edirlər ki, artıq onun həbsdə saxlanması qanun pozuntusudur. Bu halda Plenumun təcili iclası çağırıla bilərmi? Allahverdi Məmmədlinin sözlərinə görə, belə bir qərarı vermək yalnız Ali Məhkəmənin rəhbərliyinin səlahiyyətindədir.

“BU ÖHDƏLİKLƏRİ ƏLİNDƏ BAYRAQ EDƏNLƏR VAR”


Milli Məclisin İnsan Haqları Komitəsinin rəhbəri Rəbiyyət Aslanova isə Avropa Məhkəməsinin qərarından narazılığını açıq ifadə edir. O, hesab edir ki, yerli məhkəmələr Eynulla Fətullayevlə bağlı daha ədalətli qərar çıxarıb:

Rəbiyyət Aslanova
- Bu gün Eynulla Fətullayevin işi ilə əlaqədar olaraq diqqətin buna yönəlməsi və bundan Azərbaycana təzyiq etmək cəhdi çox uğursuzdur. Bəzən Avropa Məhkəməsi elə insanların müdafiəsinə qalxır ki, adam təəccüb edir.

- Ancaq Azərbaycan Avropa Şurası qarşısında öhdəlik götürüb...

- Bu öhdəlikləri əlində bayraq edənlər var. Elə Avropa Şurası da, ATƏT-də öhdəlik götürüb. Məsələn, ATƏT öhdəlik götürüb ki, regionda təhlükəsizliyi, sülhü təmin etsin. Nəyi təmin edir? Yaxşı olardı ki, onlar öz üzərlərinə götürdükləri öhdəlikləri də təmin edəydilər.

- Bu yaxınlarda Avropa Məhkəməsi Flora Kərmovaya təxminən 59 min avro, Zemfira Səfərovaya isə 85 min avro təzminat ödənilməsi ilə bağlı qərar verib. Sizin fikrinizcə, bu qərarlar da yerinə yetirilməməlidir?

- Flora Kərimova ilə əlaqədar qərar seçki prosesi zamanı hər hansı pozuntu ilə bağlıdır. Bəli, bunu qəbul etdik ki, pozuntu ola bilərdi. Həmin zaman müxtəlif dairə seçki komissiyalarında müxtəlif pozuntular olmuşdu, onların nəticələri də ləğv olunmuşdu. Eynulla Fətullayevin işi ilə Flora Kərimovanın işini eyniləşdirməyin.

“ELƏ ƏN AĞRILISI DA ODUR Kİ...”

- Amma Avropa Məhkəməsinin qərarı müzakirə olunmur, dərhal yerinə yetirilməlidir...

İntiqam Əliyev
- Elə ən ağrılısı da odur ki, Avropa Məhkəməsinin qərarları da «panatseya» kimi qəbul edilir, Avropa Məhkəməsi düzdür, bu gün üçün böyük instansiya kimi qəbul olunur. Ancaq Avropa Məhkəməsi də öz qərarlarında kifayət qədər obyektiv olmalıdır. Bəzən siyasi, bəzən hətta kriminal xarakterli işlərə haqq qazandırmamalıdır.

QEYD-ŞƏRTSİZ YERİNƏ YETİRİLMƏLİDİR

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev də deyir ki, Azərbaycan Avropa Məhkəməsinin qərarını qeyd-şərtsiz yerinə yetirməlidir.

Əks halda ölkəyə təzyiqlər artacaq. Hüqüqşünasın sözlərinə görə, qərarın yerinə yetirilmədiyi təqdirdə Avropa Şurası Nazirlər Komitəsi məsələyə müdaxilə edə bilər.

Şərhləri göstər

XS
SM
MD
LG