Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:34

Leş Əlinin ölübədirisinə yağlı bir söyüş göndərib bir siqaret yandırdım...


Cəlil Cavanşir

Cəlil Cavanşir

Bir müddət əvvəl "Oxu zalı"nda gənc yazar Aqşin Yeniseyin "Göləqarğısancan" romanının müzakirəsi keçirildi. Şair Cəlil Cavanşir də əsər barədə təəssüratlarını redaksiyamıza göndərib.

Aprel ayında ilk oxuduğum kitab “Ən yeni ədəbiyyat” seriyasından Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası” kitabı oldu.

Kitabı hələ bitirməmişdən qabaq hiss edirdim ki, bu kitab haqqında nəsə yazmalıyam. Deyəsən elə də oldu.

10 aprel, saat 02:30... Kitabı qatlayıb kənara qoyan kimi, “Göləqarğısancan” romanın qəhrəmanı Leş Əlinin ölübədirisinə yağlı bir söyüş göndərib bir siqaret yandırdım.

Zamanı kifayət qədər anlaşıqlı yaza bilməyib Aqşin. Bəzən hadisələr oxucunu dolaşdırır. Təkrarən başa qayıtdığım, indi oxuduğumu anlamaq üçün əvvəlki hadisələri təkrar oxuduğum anlar da oldu.

Məsələn, Leş Əlinin jurnalistika sahəsində qəfil peyda olması, tanış olduğu jurnalist mühitini mən bu gün Gəncədə, tam reallığı ilə görürəm.
Acı siqaret tüstüsünü ciyərlərimə çəkəndə hiss elədim ki, divanda lap Leş Əli sayağı yöndəmsiz bir halda uzanmışam.

Bu dəfə də Leş Əlini söyüşlə yada salandan sonra hiss elədim ki, artıq kitabı oxuya-oxuya beynimdə yaranan fikirləri yazıya çevirməyin vaxtıdır.

Candərdi dəftəri açıb qələmi əlimə aldım. Yox, belə olmaz. Əvvəlcə sərt bir qəhvə lazımdır.

Qəhvəni az qala yarımlitirlik bir fincanda hazırlayıb, masanın başına qayıtdım və siqaret sümürə-sümürə Aqşinin romanı haqqında düşündüklərimi yazıya köçürməyə başladım.

“Göləqarğısancan” inancsız, qarmaqarışıq bir təfəkkür ortaya qoysa belə, yazıçının uğurlu ədəbi tapıntıları, Cünuna xitabən dediyi fikirlər, xüsusilə Aqşinin nasir kimi rəvan, real və çılpaq təhkiyə dili əsəri çox oxunaqlı edib.

Əsərin konkret ədəbi xətalarını yazmaqda çətinlik çəkəcəm, çünki etiraf edim ki, hələ də kitabın təsirindən çıxmamışam.

Yəqin Aqşin özü də bilir ki, əsərdə ən böyük dolaşıq məsələ zamandır.

Zamanı kifayət qədər anlaşıqlı yaza bilməyib Aqşin. Bəzən hadisələr oxucunu dolaşdırır. Təkrarən başa qayıtdığım, indi oxuduğumu anlamaq üçün əvvəlki hadisələri təkrar oxuduğum anlar da oldu.

Aqşinin yazdıqlarının çoxusu günümüzün reallığıdır. Məsələn, Leş Əlinin jurnalistika sahəsində qəfil peyda olması, tanış olduğu jurnalist mühitini mən bu gün Gəncədə, tam reallığı ilə görürəm.

Bu gün Leş Əliyə bənzəyən jurnalistlər var. Daha doğrusu heç nədən anlayışı olmadan, heç bir təhsili olmadan özünü bir vəsiqə ilə jurnalist elan edib restoranları, kafeləri dolaşan zavallı məxluqlar kifayət qədərdir.

İndi hər şəhərdə, kəndlərdən gəlmiş və ya şəhərin ən qarışıq məhəllələrində doğulmuş leşəlilər var. Aqşinin yaratdığı bu obraz mənim tez-tez rastlaşdığım əyalət jurnalistlərini xatırlatdı mənə.

Reallıqda jurnalistikaya ümidsizlikdən və asan qazanc üçün gələnlər bu sahədən uzaqlaşmır, asan qazanc, çirkli köynəyinin yaxasına bağladığı qalstuk, əzik-üzük kostyum onlara daha cazibəli, daha çəkici görünür.

Onlar həyatın ən dərin qatlarından peyda olurlar. Leş Əlinin jurnalistikayla məşğul olduğu dönəmləri oxuyandan sonra bu insanlarla tez-tez rastlaşmağa başladım.

Qəfildən avtobusa səs-küylə daxil olub, söz və mətbuat azadlığından çığıra-çığıra danışan əzik-üzük kostyumlu, boz sifətli insanları görəndə astadan pıçıldayıram: -Leş Əli.

Ən çox da uşaqlığımı xatırladım, Leş Əli haqqında oxuyanda. Elçibəyi yenicə devirmişdilər. Atam “cəbhəçi” olduğu üçün bizim kəndin Leş Əlisi - “Valodya Fərhad” mənə dinclik vermirdi.

Harda gəldi qabağımı kəsib deyirdi: “Babanın adamları (H.Əliyevin adamları) dədəni asacaqlar”. Bu da bir göləqarğısancan idi. Bizim kənddə də var idi Leş Əli.

Əsərdə məni daha çox titrədən, düşündürən iki obraz var. Təbrizli şair, şeytana tapınan Çörək və Cünun. Aqşinin ən böyük uğuru, Cünuna xitabən dediyi fikirlərdir. Əsərin bu parçaları müstəqil, didaktik bir əsərdir məncə. Uzaqlara bax Cünun, uzaqlara...

Şeytana tapınan Çörək, onun sərsəm həyatı və son faciəsi düşündürür oxucunu. Çörəyin faciəsi əslində Cənubi Azərbaycan ziyalısının faciəsidir.

Bəlkə də Aqşin bunu yazmağı düşünməyib, bəlkədə Çörəyin bu əsərdəki funksiyası tamam başqadır.

Nədənsə mənə elə gəldi ki, allaha bu dərəcədə üsyan ancaq qatı müsəlman ölkəsində əzilən ziyalıda ola bilər. Gözünün qabağında edam edilən dostunun faciəsi, Çörəyin də faciəsinin başlanğıcı olub əslində.

O dəli olmayıb, sadəcə inancını itirib və alternativ tapıb. Bu Güney Azərbaycandan gəlib içkiyə qurşanan ziyalıları xatırlatdı mənə. Çox tanış faciədir.

Keyşəbədə də maraqlı tipdir. Onun yazıya olan marağı mənə tanıdığım bir insanı xatırladır. Ancaq öyrəndim ki, bu o deyil. Hər halda çox maraqlı tipdir Keyşəbədə.

Əsər pessimist ruhda yazılsa da günümüzün reallıqlarını əks etdirir. Aqşin bu kiçik romanda hər şeydən yazmağa çalışıb.

Buna görə əsər bir az pərakəndə alınıb. Dilin axıcılığı bəzi şeyləri ört-bastır etsədə anlayışlı oxucu hiss edir ki, Aqşin “Göləqarğısancan” romanının üzərində çox az işləyib.

Bu əsəri oxuyandan sonra ən keyfiyyətsiz arağı “çappa” stəkana süzüb başınıza çəkə bilərsiniz ancaq “uf” da deməzsiniz.

Çünki, əsər insanı tamamilə keyidir. Kənddən-kəndə qədər yol keçən Leş Əli obrazında Aqşinin gizli ümidsizliyi gizlənib. Bəlkədə mənə elə gəlir.

Düşünürəm ki, Aqşin bu əsəri birnəfəsə yaza bilməzdi. Çünki zaman məsələsi dağınıq bir ovqat yaradır. Çox maraqlı məqamları gözardı etmək istəmirəm.

Aqşin Yenisey
Məsələn evlənmək, yaxınları itirmək haqqında Aqşin özünəməxsus fikirlər yazıb. Bütün bunlara baxmayaraq əsər Aqşinin köşələrinə də çox bənzəyir.

Roman-köşə janrı kimi bir şey alınıb. Bütün uğurları və qüsurları ilə Aqşinin bu əsəri son illər maraqla (yarımçıq zövqlə) oxuduğum üç əsərdən biridir.

Bu məqamda üçüncü siqareti yandırıb soyuq qəhvədən bir udum da alıram.

Musa peyğəmbərin allahdan göləqarğısancan üçün etdiyi xahişi xatırlayıram. Təkrar bu ricəti oxuyuram və düşünürəm ki, allahın göləqarğısancan kimi yaratdıqları yaman çoxalıb.

Leşəlilərin qarğı sancdığı gölə atılan hələ də bizik. Allah da buna baxıb, Musanı qınayır.

Sonda Aqşinə uğurlar arzulayıram. İnanıram ki, bütün yazdıqlarından daha BÖYÜK, daha İNAMLI bir əsər yazacaq.

Həmçinin oxu
Aqşin Yenisey onun romanını tənqid edənlər haqda
“Göləqarğısancan” və digər vacib məsələlər
Sözəqələmsancan
Kənan Hacı. “Göləqarğısancan” və Allahın yanından qayıtmayan Musa
Ədəbi dalğada «Göləqarğısancan»
Tehran Əlişanoğlu Aqşinin "Göləqarğısancan" romanını tənqid edir
Aqşinin “Göləqarğısancan” romanından bir parça

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG