Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:18














nunu`nun şeiri


kimsə məktublarımızı oxumuşdu

ya çılpaqlığımdan
ya da səsimin eybəcərliyindən utanırdım
ovcumda gizlənmiş kəpənəklər çoxdan çürümüşdü
“böyüyəndə bizə oxşayacaqlar” demişdin öpüb ağrılarımdan
bizə oxşamadılar
biz qorxu filmlərində sona qalanlardıq
bizi kimsə yeməyəcəkdi
doğranmış damarlarımızda kağızdan təyyarələr uçurtmayacaqdılar

indi
ovuclarımın uzaqlığında
rəngləri solmuş cansız kəpənəklər…
mən böyüdükcə
daha çox oxşayıram uşaqlığıma
daha yağışlı daha çərpələng


sən
barmaqlarıvın ucuyla toxunsaydın sifətimə
hər şey başqa cür olacaqdı
güzgünün arxasında sən elə mənsən
saçların daha uzun gözlərin daha parlaq
barmaqlarıvın ucuyla toxunsaydın sifətimə
mən inqilab hədiyyə edəcəkdim həyata
qırmızı bayraqlı, dodaqları boyalı inqilab

məni qorxutmur yataq otağında günəş işığı
səssizliyin dəhlizləri qaranlıq olur
uşaqlar itir ulduzların altında
geridə bir ovuc buraxıb
şəhəri tərk edərkən qaraçı köçü
falına baxılmamış
pişiklərin nəm gözləriylə ağlayırdım arxalarınca

yalnızlıq balıq qoxurdu
dəniz vardı nəfəsimdə
uzaq sahillərinə ad düşünən dəniz
bir az bizə oxşayırdı
eynəyinin tozunu
yad qadınların donlarına silirdi
gözlərim yumulurdu
bir əsri daha yuxuda keçirəcəkdik

sənlə mən
bəlkə yenidən oyunacaqdıq
sifətlərimiz paslı güzgülərdən silinəndə
bəlkə heç oyanmayacaqdıq
mən qorxurdum
çox qorxurdum
dizlərimi asfalta sıxıb dua edirdim
tək cümləlik duamda tanrı özünü güllələyirdi
mələklərimin rəngi bir az qara idi

yad sularda boğulan olmaz
ölümün zəncəfil qoxulu yalnızlığına
hər boğulan bir ad düşünər
necə ki,
mən nəfəsimi itirdiyim yuxularıma
sənin adını vermişdim

yaşım çox deyildi
ovcumda balta tutmuşdum
sən yox idin
üşüyürdüm üşüyürdüm
ayaqlarımı sobada yandırmışdım
qızınmaq üçün
qızınmaq üçün
saçlarımı da yandırmalıydım
vaxtında yandırmalıydım saçlarımı
saçlarıma daraşmış dəli küləkləri
o küləklərdə özünü axtaran yağışlı axşamçağını

mənə təsadüflər mane oldu

pəncərələr bağlı olanda
tutlar tökülürdü asfaltın üstünə
bir az ürkək, bir az çürük
qan rəngində tutlar
dünyanın dərisini cıraraq
unudulan sevgilərimizin adını yazırdılar
qan rənginə bulaşırdı
oyuncaq həyatlarımız
mən sənin adıvı yuxularıma verəndə
inanmışdım ki, daha ağlamayacam
məhəllənin dəlisi ovuclarını gizlədirdi
qan hopmuş ovuclarında həyat var idi
falına baxılmamış,
fatihəsi oxunmamış həyat
həyat bir az tut dərməkdi
külək üzüvə əsəndə
işəməkdi
küləyin əksinə
saraldaraq səndən geridə qalan ömrüvü
vərəq-vərəq günləri
və təqvimlərin qırmızı-qaralı sarsaqlıqlarını
sonra
lap axırda
işıq dirəklərindən asılmış bütün qoyun dərilərini
əynimizə geyib kahin-kahin oynamaq olardı
top-top oynamaq olardı,
müharibə-müharibə oynamaq olardı
mən əllərimi kirayə vermişdim buludlara
səhər açılanda yağış yağacaqdı
yağış yağacaqdı əvəzində
indi əllərim yoxdu
mənim əvəzimə pəncərəni sən ört

www.kultaz.com

Günün bütün mövzuları

XS
SM
MD
LG