Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:31

Ramil Rahiboğlu "Cinayət və cəza"


CİNAYƏT VƏ CƏZA

Eh, Raskolnikov...
Bilsəydin nələr baş verir ölkəmizdə...
Ya, birdən bilib də
zühur etsəydin Azərbaycanda
Nələr etməzdin sən?!.

Ey, bir sələmçi qarının ölümü bahasına
onlarla insanı xoşbəxt edəcəyini
düşünən insan... Rodion Raskolnikov

Ey, bir içki düşkünü olan Marmeladovun
fahişə qızı – Sonyanın təkidilə
özünü cəzaya məhkum edən insan...
Rodion Raskolnikov

Eh, Raskolnikov...
Bizdə də bölürlər insanları
qeyri-adilərə və adilərə
Amma indi...
Amma indi, Napoleonlardan daha çox
Nyutonlardan daha çox
Şou-Biznes təmsilçiləridir qeyri-adilər:
Zənən müğənniciklərdir...
Mavi müğənnicığazlardır...
Bəli, bəli...
Özü də bunlara
öz ideyaları naminə
Nə qılınc lazımdır, nə qan tökmək...
Nə qalxan lazımdır, nə də dəbilqə...
Onların qılıncı
verdiyi məsləhətləridir efirlərdə...

Düşürsən yadıma, Raskolnikov
dinlədikcə kriminal xəbərləri...
Məsələn, ər arvadını baltaladı!
Məsələn, kürəkən qaynanasını baltaladı!
Eh, Raskolnikov, görürsən?!
baltanı da hörmətdən salıblar bizdə...
Bizdə baltanı
Kimlərinsə uğrunda yox
öz namusunu qorumaq yolunda
istifadə edirlər yalnız...
Bəli... namus, qeyrət...
Ekspert qismində TV-lərə çıxan
müğənniciklər, müğənnicığazlar...
Məsləhətlər, təkliflər...
Rəylər, münasibətlər...
Daha nələr... nələr...

Eh, Raskolnikov
Təəssüf... çox təəssüf...
İndi də var hökmdara pərəstiş...
Amma indi...
Çevrilməsi üçün hökmdarın pərəstiş obyektinə
önəmli deyil müharibədə qan uddurmaq düşmənə...
Atəşkəsi qorumaq önəmlidir
Önəmli deyil qan tökmək şampan şərabı tək
Düşmənlə sülh sazişi imzalamaq önəmlidir
Bəli, bəli...

İndi daha var çarpayı altında
gizlənən hökmdarlar...
Çox da ki estetika mane olur
İndi daha var gülləni atıb avtomatı gizlədənlər
Çox da ki təəccüblü olur...
Çünki indi var BMT, ATƏT, Minsk Qrupu...
Çox da ki gülməli olur...

Eh, Raskolnikov, incimə...
Haqlı idi müstəntiq Porfiri Petroviç
Haqlı idi...
Səhv düşür yerləri adilərlə qeyri-adilərin bəzən...
Amma...
Rəvadırmı heç bu zamanda
Ekstrasens olub da cani olmaq?!
Məhəmməd olub da peyğəmbər olmaq?!
Peyğəmbər olub da hökmdar olmaq?!
Hökmdar olub da “Seçilən” olmamaq?!
“Seçilən” əgər hökmdarsa
Kimdir bəs peyğəmbər onda?!

Bəli, Raskolnikov, bəli...
Günahsız insanlarla dolu bir şəhəri
mühasirəyə alıb üstünə bomba yağdırmaq
daha ləyaqətlidir indi də...
Amma sən...
Amma sən, ləyaqətsiz oldun, Raskolnikov
Alçaq oldun sən...
Cinayətkar oldun sən...
Təslim oldun sən...
Cəzalandırıldın sən...
Çünki...
Çünki olmadın sən hökmdar, Raskolnikov
Ola bilmədin...

Olmadın sən qorxaq bir məxluq...
olmadın sən bir bit qədər
dəyərsiz insan...
Pozdun sən qayda-qanunları, Raskolnikov
Pozdun...
Amma pozmaq da bir qaydadır
Əgər pozan hökmdara məxsusdursa...

Mən anlayıram...
Mən anlayıram, sən sadəcə, Dostoyevskinin
Cinayət və Cəza romanının
qəhrəmanısan, Raskolnikov
və əslində mövcud olmamısan...
olmursan...
olmayacaqsan...
Bəlkə peyğəmbərlər də...
Bəlkə peyğəmbərlər də allahın
müqəddəs kitablarının qəhrəmanlarıdır
Deməli...
Deməli onlar da mövcud olmayıb...
mövcud deyillər...
mövcud olmayacaqlar...
Eh, Dostoyevski... sən ölmüsən
Deməli...
Deməli...
Deməli, allah da ölüb?!

10.10.10


ROBOT


Qane edir məni həyat şəraitim
Heç bir etirazım yoxdur yaradana
Tələb etmirəm yaxşı həyat...
Tələb etmirəm heç bir dəyişiklik...
Tələb etmirəm uzun ömür, can sağlığı...
Alın yazısına şübhə etmirəm
Edə bilmərəm etiraz...
Edə bilmərəm üsyan...
Edə bilmərəm...
Çünki quluyam mən yaradanın
Çünki köləsiyəm mən yaradanın
Çünki mənim adım Mus... Mus... Mus...
Mustafa deyil axı...
Robotdur mənim adım
Məni yaradanın adı Mustafadır

15.10.10

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG