Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:20
MƏNI ANLASA...

Günəş əritdiyi gecədən üzr istəyib doğur

hər gün üzümüzə.

Havada yenə günah qoxusu var.

Məncə günahkarların əvəzinə

onların əməlləri cavabdeh olmalıdır.

Qürurunun kölgəsində daldalanan,

Xoşbəxtliyi yalnız duyub,yaşaya bilməyənlər

Susurlarsa,

bu fırtınaya işarədir.

Məni anlasa yalnız bir şair anlaya bilər.



Mənə tanışdı

Tanışdı mənə bu gedişin.

Fürsət bildiyin zamanları

boşuna keçirdiyinin fərqində olunca

vermişdin bu getmək qərarını.

Ürək döyüntülərin heca-heca

keşkələrə bölünüb vurunca

anlamışdın əslində getmək istəmədiyini.

Tanışdı mənə bu gedişin,

Aparacaqsan getdiyin yerlərə

geridə buraxdığını sandığın hər şeyi.

Xatirələrini belə,

Sevdiyin bir cüt gözə əmanət edə bilməyib

götürəcəksən özünlə.

Həyatı yenidən öyrənməyə zamanın qalmamış

deyə düşünərək

Gözləmək çətindir, yoxsa darıxmaq

sualına daha cavab axtarmayacaqsan.

Tanışdı mənə bu gedişin

Olan, bitən hər şeyin

və elə bu gedişin də sonuna

gözlə görünməyən nöqtə qoymusan əslində.



YETMƏYƏCƏK

Heç vaxt heç nə yetməyəcək

bu sevgiyə

heç vaxt,heç nə.

Nə sənin gözlərimə baxıb köks ötürməyin

Nə mənim ürəkdə sevinməyim

Yetməyəcək,min dəfə” sevirəm” deməyin

Hər görüşdə bir az daha böyüməyin.

Yetməyəcək gecikdiyin üçün dizlərinə döyməyin

Nə qurban versək də,

Nə istədiyini heç vaxt bilməyəcəyik bu eşqin.

Azad sevgi arzulayan

Yasaq eşq həsrətliləri,

Azadlıq bir qadinin evi qədər

Bir kişinin cibi qədər olur.

Yetməyəcək böyük sevgiyə bu qədəri.

Ala bilsən

Gəl al məni taleyimin əlindən

Yetməyəcək gücün buna

“Yetər!” deyirsən.



ŞÜBHƏ

Hərdən şübhə edirəm yaşadığıma

Çoxdandır nə ağlamıram,

Nə özümlə danışmıram,

Taleyimlə küsüb,barışmıram

Nə də unutmağa çalışmıram

olanları.

Yaşadığıma şübhə edirəm,

bir sözlə.

Mənə tərəf gəlmək istəməyən ümüdlər

Çağırmasın indi məni.

Günəşə sərəcəm bundan sonra günlərimi,

günəşlənsinlər.

Yıgmayacam artıq

üzümə ağ olan qara tellərimi,

küləklənsinlər.

Bir parça həyatam bundan sonra

ömürdən qopan.

Bir şeyə hələ də heyrət edirəm

Heyrət edirəm,

Hələ də sevgi yükü daşıdığıma.

Başqa səmtə götürsə də bu şübhə məni

Hərdən şübhə edirəm yaşadığıma.


GƏLİRƏM

Baxa bilmirəm

Hisslərinin arxasından baxan gözlərinə

Görə bilmirəm

Çox görmək istədiyim üçün olanları

Tapa bilmirəm gizlətdiyin keçmişini.

Sevgin bu qədər böyük ikən

Nədən şübhələrlə dolusan?



Ömrün çıxmaqdan qorxduğu

ən dik,yoxuşlu yolusan.

Çəkirsən özünə tutub hissimin

ən zərif telindən,sığallayaraq.

Elə aparırsan düşünmək olmur

Bu yolu gedərək,addımlayaraq

.Bir yol nişanı axtarıram

Dayanmaq,geri dönmək üçün.

Bütün nişanları dəyişmisən

Bu sevginin yollarında,bilirəm.

Indi ki,belədir,belə istədin

Hazırlaş yola çıx,

Mən də gəlirəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG